Ermənistanda stemli susqunluq: niyə nazirlərin və onların müavinlərinin mükafatlarının məbləği açıqlanmır?

2026/02/1772181837.jpg
Oxunub: 543     11:40     08 Aprel 2026    
Son 5 il ərzində Ermənistan Baş nazirinin və 10 nazirliyin aparatları ümumilikdə 41 milyard 530 milyon dramdan artıq mükafat və pul təşviqi alıb. Bu məlumatlara Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin əməkdaşlarının mükafatları daxil deyil

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hetq” nəşri “Sistemli susqunluq: niyə nazirlərin və onların müavinlərinin mükafatlarının məbləği açıqlanmır?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyi ümumiyyətlə rəqəm məlumatı təqdim etməyib, Xarici İşlər Nazirliyi isə sorğuya cavab verməyib.

“Heç bir nazirlik nazirlərin və onların müavinlərinin nə qədər mükafat aldığını açıqlamayıb. Jurnalistlərə tövsiyə edilib ki, bəyannamələri araşdırsınlar, 2025-ci ilin mükafatları ilə bağlı məlumatlar üçün isə Korrupsiyanın Qarşısının Alınması Komissiyasına təqdim ediləcək bəyannamələrə mayın 31-nə qədər gözləsinlər.

Nazirliklərin eyni məzmunlu cavabları onu deməyə əsas verir ki, bu cavablar nazirlərin və onların müavinlərinin mükafatları ilə bağlı məlumatların açıqlanmasından yayınmaq üçün bir mərkəzdən razılaşdırılıb və ya koordinasiya olunub. Əks halda, çətin ki, heç olmasa bir nazir bu məlumatı media ilə bölüşmək istəməzdi. Məsələn, ədliyyə naziri Srbuhi Qalyan jurnalistlərlə söhbətində 2025-ci ilin sonunda təxminən 6-7 milyon dram (vergilər çıxıldıqdan sonra) əlavə ödəniş aldığını bildirmişdi. Lakin Ədliyyə Nazirliyinin yazılı cavabında nazirin mükafatının konkret məbləği göstərilməyib. Bəyannamələrə istinad edilib, həmin bəyannamələrdə mükafatlar üçün ayrıca sətir yoxdur, onlar əməkhaqqı ilə birlikdə təqdim olunur”, - deyə KİV vurğulayıb.

Nəşr bildirib ki, mükafatlar və əlavə ödənişlər 2023-cü ildən, yəni Daxili İşlər Nazirliyinin yaradılmasından sonra əhəmiyyətli dərəcədə artıb. Bu qurumun mükafat fondu ən böyüyüdür.

“Nazirlik neçə əməkdaşın mükafat aldığını açıqlamayıb. Məsələn, 2025-ci ildə Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin 167 əməkdaşı ümumilikdə 265 milyon 975 min dram, Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin 325 əməkdaşı isə təxminən 382 milyon 487 min dram mükafat alıb. Daxili İşlər Nazirliyinin əməkdaşları isə təxminən 7 milyard 61 milyon dram mükafat alıblar, lakin əməkdaşların sayı məlum deyil.

Nazirliklərin və baş nazirin aparatının mükafatlandırma büdcəsinin həcmi əsasən əməkdaşların sayı ilə bağlıdır, lakin istisnalar da olur. Əməkdaşların sayı nə qədər çoxdursa, mükafat büdcəsi də bir o qədər böyükdür. 2025-ci ildə 10 nazirlik və baş nazirin aparatının mükafat büdcəsinin yarıdan çoxu, 67,95%-i Daxili İşlər Nazirliyinin payına düşür, onu 5,91% ilə İqtisadiyyat Nazirliyi izləyir. 2025-ci ildə İqtisadiyyat Nazirliyinin 351 əməkdaşı birlikdə 614 milyon 430 min dram mükafat alıb, bu, orta hesabla təxminən 1 milyon 750 min dram edir. Bu o demək deyil ki, bütün əməkdaşlar bu qədər mükafat alıb, orta göstərici yüksək vəzifəli şəxslərin daha böyük mükafatları hesabına artıb”, - deyə məqalədə vurğulanıb.

Müəllif yazıb ki, 2025-ci ildə mükafat büdcəsi ən az olan qurum Ermənistan Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi (ƏİİN) olub: 206 əməkdaş üçün mükafat fondu təxminən 143 milyon 666 min dram, orta hesabla təxminən 697 min 400 dram təşkil edib.

“Əmək və Sosial Məsələlər Nazirliyində mükafat alanların sayı daha az, 130 nəfər olsa da, verilən mükafat məbləği ƏİİN-dən çox olub: təxminən 198 milyon 478 min dram. Maliyyə Nazirliyində 384 əməkdaş mükafatlandırılıb, ümumi məbləğ 357 milyon 406 min dram olub. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mükafat büdcəsi Maliyyə Nazirliyindən böyükdür, halbuki mükafat alanların sayı daha azdır: 325 nəfər və s.

Əgər 2021-2025-ci illər üzrə mükafat büdcəsinə baxsaq, onun 62%-i Daxili İşlər Nazirliyinin payına düşür: təxminən 25 milyard 764 milyon dram. Ardınca İqtisadiyyat Nazirliyi (2 milyard 430 milyon dram və ya ümuminin 6,57%-i), sonra isə Baş nazirin aparatı (təxminən 2 milyard 454 milyon dram və ya 5,91%) gəlir və s. Beş ilin məlumatlarına görə, ən kiçik mükafat büdcəsi Ətraf Mühit Nazirliyinə məxsus olub: 770 milyon 850 min dram və ya ümuminin 1,86%-i”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mükafat  


Bizi "telegram"da izləyin