Erməni deputat: “Ermənistan daim güzəştə gedib: Minsk qrupundan imtina edib, həyati əhəmiyyətli maraqlarından imtina edib”

2026/02/1772088224.jpg
Oxunub: 363     12:16     08 Aprel 2026    
“Vətəndaşları narahat edən əsas məsələlər Ermənistanın təhlükəsizlik problemləridir, eyni zamanda son illərdə sosial-iqtisadi problemlər də ciddi şəkildə kəskinləşib”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Qarnik Daniyelyan deyib.

Erməni deputatın sözlərinə görə, mövcud hakimiyyət insanların sosial rifahının təmin olunması, sahibkarlıq mühitinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı verdiyi vədləri yerinə yetirməyib və bu məsələlərlə bağlı əhali arasında obyektiv narazılıq formalaşıb.

“Üstəlik, elə şərait yaradılır ki, vətəndaş artıq bu yükün altında fəaliyyət göstərə bilmir. Bu, xüsusilə bank kreditlərinin yüksək faizlərinə, kənd təsərrüfatının inkişaf etməməsinə, heyvandarlıq baş sayının kəskin azalmasına, kiçik və orta biznes üçün vergilərin artırılmasına, əmlak vergisinin və kommunal ödənişlərin yüksəlməsinə, ilk zərurət mallarının bahalaşmasına və sair aiddir”, - deyə Daniyelyan qeyd edib.

Daniyelyan vurğulayıb ki, sərhədyanı və sərhəd mühafizəsi altında olan icmalarda da çox ciddi təhlükəsizlik problemləri yaranıb. O, Paşinyan komandasının iri investisiya axını, erməni istehsalı televiziya, “Sepuh” avtomobilləri, soyuducu istehsalı ilə bağlı verdiyi çoxsaylı vədləri xatırladıb və bildirib ki, bunların heç biri reallığa çevrilməyib.

“Bizim vətəndaşlarımız cərimə materialına çevriliblər, sözün əsl mənasında cərimə və talan obyektinə çevriliblər. O vaxt deyirdilər ki, guya “sülh kəsişməsi”, iqtisadiyyat olacaq və sair. Mən həm də Ermənistan-Gürcüstan sərhədində, Lars keçidində yaranmış vəziyyəti xatırlatmaq istəyirəm. Bizim sahibkarlarımız tamamilə müdafiəsiz vəziyyətdədir”, - deyə o qeyd edib.

Daniyelyanın fikrincə, Nikol Paşinyan sülh gətirmək iqtidarında deyil.

“Bu adam fəlakət gətirib, müharibə gətirib, ərazi itkiləri gətirib, ərazilərin təhvil verilməsi prosesi davam edir və hesab edirəm ki, əgər o yenidən hakimiyyətə gəlsə, bu proses davam edəcək. Ermənistan nə əldə edib? Ermənistan daim güzəştə gedib: Minsk qrupundan imtina edib, həyati əhəmiyyətli maraqlarından imtina edib”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Daniyelyan  


Bizi "telegram"da izləyin