KİV öz materialında Ermənistanda daimi mülki missiyanın yerləşdirilməsi ehtimalını da istisna etməyib. Radiostansiyanın sərəncamında Ermənistanın xarici işlər nazirinin Brüsselə ünvanladığı məktub da olub. Həmin məktubda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan fevralın 13-də İrəvana çevik reaksiya qrupunun göndərilməsini xahiş edib. Avropa İttifaqı ötən il Moldovada keçirilən parlament seçkiləri zamanı da təxminən 20 nəfərlik oxşar qrup göndərmişdi ki, bu qrup sosial şəbəkələrdə Rusiyadan yayılan dezinformasiyanın erkən aşkarlanması və qarşısının alınması baxımından Moldova hakimiyyətinə dəstək versin.
Ordu.az-ın məlumatına görə, Cənubi Qafqaz üzrə rusiyalı analitik Andrey Areşev videokörpü zamanı bu məlumatlara toxunaraq bildirib ki, bu, etibar edilə bilən informasiyadır, çünki Ermənistan kontekstində söhbət parlament seçkilərində, belə demək mümkündürsə, “Moldova ssenarisi”nin təkrarlanmasından gedir.
Onun sözlərinə görə, Maya Sandu rejimi ilə Paşinyan hökuməti arasında təkcə xarici siyasət qurumlarının rəhbərləri səviyyəsində deyil, həm də kəşfiyyat xidmətləri xətti ilə kifayət qədər sıx əlaqələr mövcuddur. Bu strukturlar Qərb təbliğatının “dezinformasiyaya, Kreml manipulyasiyalarına və bu qəbildən olan hallara qarşı mübarizə” adlandırdığı fəaliyyətlər üzərində cəmləşib.
“Biz bilirik ki, bu tip informasiya əməliyyatları üçün xeyli vəsait ayrılır. Əgər yanılmıramsa, Moldova halında söhbət 15 milyon avrodan gedirdi. Düşünürəm ki, Ermənistan üçün də ümumilikdə eyni məbləğ nəzərdə tutulur. Əslində, məqsəd ictimai rəyi manipulyasiya etmək, seçkilər ərəfəsində onu çaşdırmaq və iyunun 7-də keçiriləcək səsvermə zamanı Qərbyönlü qüvvələrin uğuruna şərait yaradan informasiya mənzərəsi formalaşdırmaqdır. Anladığımız kimi, bu proses digər amillərlə yanaşı, açıq-aydın geosiyasi xarakter daşıyır və Ermənistanın hakimiyyət təbliğatçıları da bunu çəkinmədən dilə gətirirlər”, - deyə Areşev bildirib.
Ermənistan hakimiyyətinin xarici siyasət meyllərinə və Paşinyanın Ermənistan dəmir yolu şəbəkəsinin idarəçiliyinin Rusiyadan başqa bir ölkəyə verilməsi ilə bağlı təklifinə toxunan Areşev deyib ki, Ermənistandan müxtəlif siqnallar gəlir.
Onun fikrincə, bunları çoxvektorlu siyasət, yaxud əvvəllər deyildiyi kimi, komplementarizm məntiqi çərçivəsində qiymətləndirmək olar, çünki İrandan gələn siqnallara reaksiya verməmək mümkün deyil.
Areşevin sözlərinə görə, İran hazırda kifayət qədər çətin vəziyyətdə olsa da, ABŞ zərbəsi istisna edilməsə də, Vaşinqtonla mürəkkəb danışıqlar getsə də, İran yenə də mühüm oyunçu olaraq qalır.
“Vensin səfərindən dərhal sonra Ermənistanla İran arasında artıq 2026-cı ildə, yəni bu il strateji sazişin imzalana biləcəyi barədə söhbətlərin yayılması da təsadüfi deyil. Düşünürəm ki, bu, tamamilə proqnozlaşdırılan bir xəttdir”, - deyə Areşev qeyd edib.
Rusiyalı analitikin təəssüratına görə, Rusiya da daim ziddiyyətli siqnallar alır. Rusiyaya qarşı hibrid müharibə barədə, eləcə də TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsində Rusiyanın iştirakının mümkün olmaması ilə bağlı qeyri-dost bəyanatlar səslənir. Eyni zamanda, Paşinyanın Rusiya Federasiyasının prezidenti ilə bütün məsələləri müzakirə etdiyini, Rusiyanın regionda yeni nəqliyyat layihələrini dəstəklədiyini deməsi kimi açıqlamalar da verilir.
“Biz yaxşı anlayırıq ki, bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi və bəlkə də geosiyasi xarakter daşıyır. Paşinyan Qətəri, Qazaxıstanı və Omanı sadalayarkən, bu cür proseslərin daha iki mümkün iştirakçısını, Türkiyə və Azərbaycanı da nəzərdə tutduğunu düşünməmək mümkün deyil”, - deyə Areşev dəmir yolu şəbəkəsinin konsessiya əsasında idarəçiliyinin dəyişdirilməsi ilə bağlı Paşinyanın bəyanatına toxunaraq bildirib.
O qeyd edib ki, hazırda Cənubi Qafqazda vahid nəqliyyat çərçivəsinin formalaşdırılması barədə çox danışılır, lakin eyni zamanda siyasi və geosiyasi ziddiyyətlər hələ də həll olunmayıb.
Bundan əlavə, onun qənaətincə, bu ziddiyyətlər daha da dərinləşir.
“Və hətta Ermənistan-Azərbaycan münasibətlərinin qismən normallaşmasına baxmayaraq, biz anlayırıq ki, müxtəlif regiondan kənar qüvvələr müəyyən nəqliyyat marşrutlarının bloklanmasının davam etdirilməsində kifayət qədər açıq maraq göstərirlər. Məsələn, gələcək TRIPP yolundan nadir metalların və ya digər faydalı qazıntıların ixracı və ya daşınması üçün, təkcə ixrac deyil, həm də tranzit marşrutu kimi istifadə olunması barədə getdikcə daha çox danışılır. Biz başa düşürük ki, bu yol Türkiyəni Qafqaz ölkələri vasitəsilə Mərkəzi Asiya ilə birləşdirən, sözdə Orta dəhlizin ayrılmaz hissəsi sayılır. Aydın şəkildə dərk edirik ki, bu obyekt ABŞ-Çin, ABŞ-İran və ya digər gələcək qarşıdurmalar üçün platformaya çevrilə bilər ki, bu da onun fəaliyyətinə mənfi təsir göstərəcək. Bu, hətta işlər başlanıbsa belə, hazırda ən ilkin mərhələdə olmasına baxmayaraq belədir. Görürük ki, bu məsələdə ən optimist mövqedə olan İlham Əliyev belə, bu yolun tam istismara verilmə tarixini 2028-ci il kimi göstərir. 2028-ci ilə qədər isə hələ çox şey baş verə bilər”, - deyə Areşev bildirib.
Areşev diqqəti ona da çəkib ki, logistika olan yerdə hərbi mövcudluq da ola bilər və bu, həm Türkiyə, həm də açıq-aşkar digər oyunçular üçün maraq doğurur.
“Və burada, əlbəttə ki, ümumi təhlükəsizlik sisteminin olmaması şəraitində, razılaşdırılmamış və parçalanmış vəziyyətdə istənilən ssenari mümkündür. Yəqin ki, bunlar hansısa formada istənilən logistika sisteminə, sxeminə inteqrasiya edilməli və nəzərə alınmalıdır”, - deyə Areşev qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az