Ermənistan KİV-i: Suren Papikyanın İrana səfərinin hərbi-siyasi və hərbi alt qatları

2026/02/1772088107.jpg
Oxunub: 409     14:41     08 Aprel 2026    
Fevralın 23-dən etibarən Ermənistanın müdafiə naziri Suren Papikyan rəsmi səfərlə İranda olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Suren Papikyanın İrana səfərinin hərbi-siyasi və hərbi alt qatları” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, bu günlər ərzində Papikyan İran prezidenti Məsud Pezeşkian, müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nasirzadə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Əbdülrəhim Musəvi, eləcə də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani ilə görüşüb. Bütün bunlar ABŞ-nin İran əleyhinə mümkün hərbi əməliyyat məntiqinə uyğun şəkildə müvafiq bazalarda hərbi qüvvə toplamaqda davam etdiyi, Türkiyənin isə İrana qarşı hərbi əməliyyat halında regionun uduzacağını və itkilər verəcəyini bəyan etdiyi bir şəraitdə baş verirdi.

“Xatırladaq ki, fevralın 9-da ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ermənistana səfər etmişdi və gündəmdə “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsindən irəli gələn addımlar, eləcə də Ermənistan-ABŞ müdafiə əməkdaşlığı dururdu.

Bundan əlavə, bəzi dairələr ABŞ-dən əldə edilən V-BAT tipli pilotsuz uçuş aparatının İrana qarşı istifadə oluna biləcəyi barədə şayiələr yayırdı.

Təbii ki, Ermənistanın iştirakı ilə atılan istənilən addım, xüsusilə orada ABŞ-nin və ya Qərbin, İran üçün dost olmayan ölkələrin “izi” görünəndə, Tehranı narahat edir. Məhz buna görə də bu cür iddialar, iranlı tərəf onların həqiqətə uyğun olmadığını birbaşa gördükdə, təkzib olunur”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, 2024-cü ildə Azərbaycan Ermənistan-ABŞ birgə təlimləri fonunda İranın diqqətini Ermənistana yönəltməyə çalışmışdı.

“Xüsusilə, “Caliber.az” saytı “ABŞ ordusu Zəngəzura daxil olub” başlıqlı məqalə dərc etmiş, orada Rumıniyada və Yaxın Şərqdə yerləşən ABŞ bazalarından iki hərbi təyyarənin Ermənistana daxil olduğu iddia edilmişdi. Həmçinin İrandan buraxılan pilotsuz uçuş aparatları və raketlərin trayektoriyasını qeydə almaq və ya izləmək üçün xüsusi avadanlıqların Ermənistana gətirildiyi, onların Ermənistan-İran sərhədində yerləşdiriləcəyi yazılmışdı.

ABŞ səfirliyinin təkzibi və İran tərəfinin bu məlumatları təsdiqləməməsi belə, Azərbaycanı qane etməmiş, bu istiqamətdə yazılar bir müddət davam etmişdi.

ABŞ qoşunlarının Zəngəzura daxil olmasına gəlincə, hazırda belə bir vəziyyət yoxdur. Sürətlə dəyişən bugünkü dünyada uzaq gələcəkdə hansı proseslərin baş verəcəyini demək çətindir”, - deyə KİV bildirib.

Müəllifin sözlərinə görə, digər tərəfdən, “Tramp yolu” layihəsi vasitəsilə Zəngəzurda müəyyən ABŞ mövcudluğu təmin olunur ki, bu da qonşu İranı narahat etməkdə davam edir və zaman-zaman Tehranın belə mövqe bildirməsinə səbəb olur: ABŞ üçün hər şey məhz bu cür “məsum” mövcudluqdan başlayır. Buna görə də İran müxtəlif hallarda regionda istənilən xarici müdaxiləyə və mövcudluğa qarşı olduğunu bəyan edir”

“Bu kontekstdə xatırladaq ki, 2024-cü ilin fevralında Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu Ermənistana səfər etmişdi. Ermənistanın müdafiə naziri Suren Papikyanla birgə mətbuat konfransında “168.am” saytı ondan Ermənistan-Fransa əməkdaşlığının dərinləşməsinin Ermənistan-Rusiya münasibətlərinə və Ermənistanın KTMT-yə üzvlüyü çərçivəsində de-yure mövcud öhdəliklərinə zidd olub-olmadığını soruşmuşdu. Burada həmçinin İran amili də xatırladılmışdı, çünki İran Ermənistanın qonşusudur və coğrafi baxımdan Fransadan daha yaxındır. Cavabında Suren Papikyan demişdi:

“Bu, Ermənistanın suveren hüququdur və Ermənistan kiminlə hansı səviyyədə əməkdaşlıq edəcəyini özü müəyyənləşdirir. Bu, Ermənistan xalqının və dövlətçiliyinin maraqlarından irəli gəlir. Biz bu məsələdə çox aydın, açıq və gizlətmədən mövqe nümayiş etdiririk. Qonşularımıza, müttəfiqlərimizə və dostlarımıza gəlincə, xüsusilə İranla bağlı deyə bilərəm ki, Ermənistan-Fransa əməkdaşlığı Ermənistanın xeyrinədir və heç kimə qarşı yönəlməyib. Bizim həm Fransa, həm də İranla əməkdaşlıq etmək hüququmuz var və bu, hamıya məlum olmalıdır. Fransalı tərəfdaşlarımız da digər tərəfdaşlarla əməkdaşlığımıza hörmət edir, iranlı tərəfdaşlarımız da bizim əməkdaşlığımıza hörmət edir və hesab edirəm ki, rusiyalı tərəfdaşlarımız da eyni şəkildə davranmalıdır. Ermənistanın öz maraqları naminə əməkdaşlıqda tabuları yoxdur. Bu, heç bir ölkəyə qarşı yönəlməyib və heç kim narahat olmamalıdır”, - deyə məqalədə qeyd edilib.

Nəşr yazıb ki, bir neçə gün sonra Suren Papikyan rəsmi səfərlə İrana yollanmışdı.

“Eyni dövrdə “Armenpress”ə verdiyi müsahibədə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotini demişdi:

“Biz hər bir dövlətin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququndan çıxış edirik. Bu məsələ təkcə Fransa üçün deyil, son bir neçə ildə Ermənistanın qonşusu olan İran üçün də narahatlıq doğurub. İran dəfələrlə Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını ifadə edib. Biz İranla bir çox məsələdə razılaşmırıq, amma bu məsələ onlardan biridir ki, burada mövqelərimiz üst-üstə düşür”.

İran üçün gərgin olan bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyanın səfəri həm mesaj daşıyır, həm də bir daha təsdiq edir ki, Ermənistan heç vaxt tarixi qonşusu üçün təhlükə mənbəyi olmayacaq.

İran mənbələrinə görə, müdafiə qurumunun rəhbəri, briqada generalı Əziz Nasirzadə ilə görüş zamanı iki ölkənin ümumi sərhədlərinin təhlükəsizliyi müzakirə edilərkən və İrana qarşı regiondan kənar müdaxilələrə etiraz mövqeyi bir daha xatırladılarkən, Suren Papikyan açıq şəkildə vurğulayıb ki, Ermənistan heç vaxt tarixi qonşusu üçün təhlükə mənbəyi olmayacaq”, - deyə nəşr vurğulayıb.

Müəllif bildirib ki, İran prezidenti Məsud Pezeşkianla görüşdə isə Suren Papikyan İran ətrafında yaranmış vəziyyətin diplomatik yollarla həllinin vacibliyini xüsusi qeyd edib.

“Yəni, ilk növbədə Ermənistanın müdafiə nazirinin səfəri siyasi əhəmiyyət daşıyırdı. Bu, 2025-ci il aprelin 9-10-da Ermənistan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələrinin birgə keçirdiyi təlimlərdə də özünü göstərmişdi. Həmin təlimlər zamanı Ermənistan-İran dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə şərti terrorçu qrupların hücumlarının zərərsizləşdirilməsi üzrə əməliyyatlar məşq edilmişdi. Ermənistan Silahlı Qüvvələrinin bölməsi təlimləri Ermənistan ərazisində, İran Silahlı Qüvvələrinin bölməsi isə İran ərazisində keçirmişdi.

Qeyd edək ki, 2026-cı il yanvarın 13-də keçirilən mətbuat konfransında Suren Papikyan həmin vaxta qədər Ermənistan-İran birgə təlimlərinin planlaşdırılmadığını bildirmişdi. Artıq fevralın 24-də isə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirğolami gələcəkdə belə təlimlərin mümkünlüyünü istisna etməyib.

“İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində mövcud əlaqələri nəzərə alaraq, bu cür tədbirlər cari və gündəlik xarakter daşıyır, gələcəkdə də baş tuta bilər və hətta daha genişmiqyaslı ola bilər”, - deyə səfir vurğulayıb.

Ehtimal olunur ki, Suren Papikyanın İrana səfəri zamanı bu mövzular, hətta hərbi-texniki xarakterli məsələlər də müzakirə edilib. Bunu onunla birlikdə İrana müdafiə nazirinin müavini Karen Brutyanın, Ermənistan Silahlı Qüvvələrinin raket qoşunları və artilleriya idarəsinin rəisi Qor Nikoyanın, Müdafiə Nazirliyinin müdafiə siyasəti və beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Levon Ayvazyanın getməsi də göstərir”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, səfər zamanı Ermənistan-İran arasında mümkün hərbi-texniki müqavilələrin müzakirə edilib-edilmədiyi məlum deyil.

“Lakin xatırladaq ki, xüsusilə Hindistandan alınan silahlar Ermənistana İranın hava və quru ərazisi vasitəsilə çatdırılıb.

Ümumilikdə, Ermənistan ətrafındakı təhlükəsizlik mühitində İran mühüm rol oynayır. Buna görə də Suren Papikyanın rəsmi səfəri zamanı İranın ali rəhbəri ayətullah Əli Xameneyinin baş müşaviri təcrübəsinə malik olan Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Laricani ilə görüşməsi və Ermənistanla İran ətrafında formalaşmış təhlükəsizlik məsələlərini müzakirə etməsi təsadüfi deyil.

Digər tərəfdən, 2020-ci ilin 44 günlük müharibəsi kontekstində İranla bağlı suallar və müəyyən şərhlər də mövcuddur. Regionda İranın mövqelərinin zəifləməsinin Ermənistanın maraqlarına uyğun olmadığı isə birmənalıdır. Bu baxımdan Suren Papikyanın səfəri siyasi, təhlükəsizlik və hərbi aspektlərdə mühüm əhəmiyyət daşıyır”, - deyə məqalədə qeyd edilib.

Nəşr bildirib ki, İran-Ermənistan strateji münasibətlərinin formalaşması və ya hərbi əməkdaşlığın genişlənməsi üçün isə tam etimad mühiti vacibdir.

“Məhz buna işarə edərək, bir vaxtlar yazmışdıq ki, Nikol Paşinyanın bəzi təhlükəli etirafları, guya müəyyən dövlətlərin Ermənistana silah tədarükü halında onların gizli parametrlərinin dost olmayan və ya rəqib ölkələrə sızması ilə bağlı şübhələrinin olması nə qədər həssas vəziyyət yarada bilər.

P.S. Əlavə edək ki, 2025-ci ilin mayında İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, briqada generalı Əziz Nasirzadə Ermənistana səfər etmişdi, həmin ilin avqustunda isə İran prezidenti Məsud Pezeşkian Ermənistanda olmuşdu.

Suren Papikyanın İrana səfərindən əvvəl isə İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Bakıya yollanmışdı”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Ermənistan  


Bizi "telegram"da izləyin