Erməni politoloq: “Ermənistanın qarşısında duran məsələ müharibə ilə sülh arasında seçim deyil, sülhün müxtəlif modelləri arasında seçimdir”

2026/02/1771917769.jpg
Oxunub: 381     14:39     08 Aprel 2026    
“Yaxınlaşan parlament seçkilərini hazırkı hakimiyyət müharibə-sülh kimi saxta bir ikili seçim kimi təqdim etməyə çalışır”.

Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Suren Surenyants sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu, təkcə reallığın təhrif olunması deyil, həm də məzmunlu müzakirəni qorxu mühitində bağlamaq və cəmiyyəti real seçim imkanından məhrum etmək məqsədi daşıyan şüurlu siyasi manipulyasiyadır.

“Əslində, Ermənistanın qarşısında duran məsələ müharibə ilə sülh arasında seçim deyil, sülhün müxtəlif modelləri arasında seçimdir. Bu gün bizə sülhün elə bir formatı təklif olunur ki, o, birtərəfli güzəştlər, daimi güc təhdidi və “sülh” sözü altında yeni tələblərin qəbul edilməsi üzərində qurulub. Bu yanaşma yeni böhranlar riski yaradır.

Belə şəraitdə “Zəmanətli sülh” ideyası prinsipial siyasi alternativə çevrilir. Bu yanaşma sülhü ümid və ya bəyanat kimi deyil, institusional, hüquqi və nəzarət edilə bilən razılaşmalar sistemi kimi nəzərdən keçirir. Kiçik dövlət üçün beynəlxalq zəmanətləri və aydın nəzarət mexanizmləri olmayan istənilən sülh sazişi, xüsusilə tərəflər arasında açıq güc disbalansı mövcud olduqda, pozulmağa məhkumdur”, - deyə Surenyants qeyd edib.

Surenyants bildirib ki, məhz bu məntiq çərçivəsində Qaqik Tsarukyanın müəllifi olduğu “Ermənistana təklif” proqramı formalaşır.

“Bu proqram sülh məsələsini təbliğat müstəvisindən çıxararaq dövlət strategiyası səviyyəsinə qaldırır. Bizim qənaətimizə görə, seçkilərdən sonra bu proqram təkcə daxili siyasi gündəm deyil, həm də Ermənistanın beynəlxalq ictimaiyyətə ünvanlanmış aydın şəkildə formalaşdırılmış təklifinə çevrilməlidir.

“Ermənistana təklif” proqramı mahiyyət etibarilə zəmanətli sülhün manifestidir.

Eyni zamanda, bir məqamı xüsusi vurğulamağı zəruri hesab edirəm: heç bir sülh modeli daxili möhkəmlik olmadan işləyə bilməz. Beynəlxalq sənədlər dövlət daxilində siyasi həmrəyliyi, ictimai etimadı və idarəetmənin effektivliyini əvəz etmir. Buna görə də sülh siyasəti ölkə daxilindən, institutların bərpasından, qanunun aliliyinin təminindən və dövlət məsuliyyətinin yenidən dəyərləndirilməsindən başlanmalıdır.

İqtisadi təhlükəsizlik bu yanaşmanın əsas tərkib hissəsidir. Güclü iqtisadiyyat olmadan effektiv diplomatiya, müdafiə qabiliyyətli ordu və tam suverenlik mümkün deyil. Dürüst siyasi söz tələb edir ki, bu gün Avrasiya İqtisadi Birliyi bazarının Ermənistan iqtisadiyyatı üçün real alternativi yoxdur. Bu, ideoloji seçim deyil, iqtisadi faktdır.

Lakin bu, yalnız bir istiqamətlə məhdudlaşmaq anlamına gəlmir. Ermənistan çoxvektorlu iqtisadi və texnoloji siyasət yürütməlidir”, - deyə o qeyd edib.

Erməni politoloq vurğulayıb ki, Qərblə əməkdaşlıq yeni texnologiyalar, idarəetmə mədəniyyəti və investisiyalar baxımından vacibdir.

“Çin, Hindistan və ərəb dünyası ilə münasibətlər əlavə inkişaf imkanları açır. Bütün bunlar geosiyasi qarşıdurma deyil, qarşılıqlı tamamlanma və maraqların uzlaşdırılması prinsipi əsasında qurulmalıdır.

İnfrastruktur və kommunikasiya xətlərinin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Ermənistan-Gürcüstan-Rusiya və Ermənistan-İran istiqamətlərində alternativ yolların işə salınması sırf iqtisadi məsələ deyil. Bu, asılılıqları azaldan və Ermənistanın regional sistemdə dəyərini artıran strateji təhlükəsizlik alətidir.

Zəmanətli sülh həm də sosial və psixoloji vəziyyətdir. Bu, vətəndaşın həyatını aylarla deyil, illərlə planlaşdırdığı, valideynin övladının gələcəyinə əmin olduğu, gəncin öz gələcəyini vətənində gördüyü, sahibkarın proqnozlaşdırıla bilən mühitdə sərmayə qoyduğu, əsgərin isə arxasında təkcə ordunun deyil, güclü iqtisadiyyatın, peşəkar diplomatiyanın və birləşmiş cəmiyyətin dayandığına inandığı vəziyyətdir.

“Zəmanətli sülh” Ermənistanın bərpası və milli dirçəlişinin əsas ideyasıdır. Bu ideya siyasi yetkinlik, hesablanmış qərarlar və cəmiyyətlə dürüst dialoq tələb edir”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Surenyants   Ermənistan  


Bizi "telegram"da izləyin