Prezident Donald Tramp bu yaxınlarda onilliklərdən sonra ABŞ-nin ilk döyüş gəmisinin inşasına icazə verdiyini elan etməklə, hətta öz hərbi dəniz rəhbərliyini də təəccübləndirdi. “Trump” sinfinə məxsus döyüş gəmisi adlandırılan bu layihənin ilk gəmisinin USS “Defiant” adlanacağı bildirilir.
USS “Defiant” nədir?
Texniki göstəricilərinə əsasən, təklif olunan bu gəmi olduqca böyük olacaq. Onun subasımı qabiliyyəti 30.000-40.000 ton arasında dəyişəcək və faktiki olaraq 128 şaquli buraxılış qurğusu (VLS) borusu, hipersəs silahları və hətta yönləndirilmiş enerji silahları ilə təchiz edilmiş ABŞ “arsenal gəmisi” olacaq.
Bir çox ekspertlər qeyd ediblər ki, böyük ölçüsünə baxmayaraq, “Trump” sinfinə məxsus gəmi rəsmi olaraq döyüş gəmisi sayılmayacaq. O, daha çox xətt kreyseri tipinə yaxın olacaq. Bu isə Rusiyanın uzun illərdir istismar etdiyi “Admiral Naximov” timsalında real hərbi gəmi sinfidir. “Admiral Naximov” Rusiyanın “Kirov” sinfinə məxsus xətt kreyseridir və köhnəlmiş “Admiral Kuznetsov” aviadaşıyıcısından fərqli olaraq, hələ də fəaliyyətdədir.
Texniki olaraq, təklif olunan “Trump” sinifindən daha az, təxminən 28.000 ton subasımı qabiliyyətinə malik olsa da, “Admiral Naximov” funksional baxımdan bir çox oxşarlıqlara malikdir.
Rusiya artıq xətt kreyseri inşa edib
ABŞ təklifindən fərqli olaraq, “Admiral Naximov” real olaraq mövcuddur. Üstəlik, onun hipersəs silahları və qabaqcıl hava hücumundan müdafiə sistemləri tam işlək və sınaqdan keçmiş vəziyyətdədir. Amerikalılar isə hələ “Trump” sinfinə məxsus gəmini inşa etməyiblər və işlək, miqyaslana bilən hipersəs silahları və ya yönləndirilmiş enerji sistemləri yaratmaqdan daha da uzaqdadırlar. Bununla belə, yeni hərbi gəmi konsepsiyasında amerikalılar rus modelini təkrarlayırlar.
Bu baxımdan, “Trump” sinfinə məxsus USS “Defiant” ilə “Kirov” sinfinə məxsus “Admiral Naximov” arasında mümkün qarşılaşmanın necə nəticələnə biləcəyini təsəvvür etmək maraqlı ola bilər.
Düşmənə yaxın məsafədən 16 düymlük iri toplarla zərbə endirmək və qalın zirehlə qorunmaq üçün nəzərdə tutulan ənənəvi “döyüş gəmilərindən” fərqli olaraq, bu iki gəmi əsasən görmə xəttindən kənar məsafədən kütləvi raket zərbələrinə üstünlük verir. Kağız üzərində hər ikisi, xüsusilə də S-400 hava hücumundan müdafiə sistemi ilə təchiz olunmuş “Admiral Naximov” ciddi zərbələrə davam gətirmək üçün layihələndirilib.
Beləliklə, bu iki nəhəng gəmi arasında hipotetik dəniz döyüşünün necə inkişaf edə biləcəyini anlamaq üçün onların dizayn fəlsəfəsini nəzərdən keçirmək lazımdır.
USS “Defiant” ilə “Admiral Naximov”un müqayisəsi
USS “Defiant” hələ istismara verilməyib və faktiki olaraq mövcud deyil, “Admiral Naximov” isə 1988-ci ildən xidmətdədir, “Defiant”dan hələ heç biri inşa edilməyib, halbuki “Naximov” sinfindən üç gəmi inşa edilib və onlardan biri aktiv xidmətdədir. Uzunluq baxımından “Defiant”ın 260-270 metr (840-880 fut) olacağı proqnozlaşdırılır, “Admiral Naximov” isə 251,1 metrdir (823 fut 10 düym). En ölçüsü “Defiant” üçün 32-35 metr (105-115 fut), “Naximov” üçün isə 28,5 metrdir (93 fut 6 düym). Subasımı qabiliyyəti “Defiant” üçün 35.000 tondan artıq proqnozlaşdırılır, “Admiral Naximov” isə tam yüklə təxminən 28.000 ton təşkil edir.
Hərəkət sistemi baxımından “Defiant”ın göstəriciləri açıqlanmayıb, “Admiral Naximov” isə iki nüvə reaktoru, iki qazan və iki buxar turbini ilə təchiz olunub. “Defiant”ın maksimal sürəti məlum deyil, “Naximov” isə təxminən 32 düyün (59 km/saat) sürət yığa bilir və nüvə enerji qurğusu sayəsində demək olar ki, məhdudiyyətsiz məsafə qət edə bilir.
Silahlanma sahəsində “Defiant” üçün nüvə qanadlı raketlər (təsdiqlənməyib), 12 borulu “Conventional Prompt Strike” sistemi, 128 “Mk 41” VLS borusu, iki RIM-116 tipli yaxın məsafəli müdafiə raket qurğusu, rels topu (təsdiqlənməyib), iki “Mk 45” 62 çaplı top, dörd 30 mm-lik top, yönləndirilmiş enerji silahları (təsdiqlənməyib), V-22 “Osprey” və “Future Vertical Lift” helikopterlərini daşımaq imkanı nəzərdə tutulur. “Admiral Naximov” isə 80 gəmi əleyhinə raket buraxılış qurğusu, 96 S-400 zenit-raket buraxılış qurğusu, iki 4K33 Osa-M” zenit-raket qurğusu, altı “Pantsir-M” yaxın müdafiə kompleksi, bir 130 mm-lik universal top, 10 533 mm-lik torpedo qurğusu, bir RBU-6000 və iki RBU-1000 sualtı qayıq əleyhinə reaktiv qurğu, eləcə də üç “Kamov Ka-27” helikopteri daşımaq imkanına malikdir. Ekipaj sayı “Defiant” üçün 500-dən artıq, “Admiral Naximov” üçün isə 710 nəfərdir.
Oxşar nəhənglər, fərqli dizayn fəlsəfəsi
Hər iki gəmidə yüzlərlə şaquli buraxılış borusu mövcuddur. “Admiral Naximov” S-400 sisteminə malikdir, “Trump” sinfi isə AEGIS mənşəli yeni nəsil inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemi ilə təchiz olunmalıdır. Hər iki gəmi çoxqatlı müdafiə və uzaqmənzilli zərbə imkanına üstünlük verir.
“Trump” sinfində SM-6 və SM-3 tipli önləyici raketlərdən müdafiə məqsədilə, LRASM tipli gəmi əleyhinə raketlərdən isə hücum məqsədilə istifadə ediləcəyi gözlənilir. Pentaqon bildirir ki, gələcəkdə bu gəmi hazırda hazırlanmaqda olan ABŞ hipersəs qanadlı raketi ilə silahlandırılacaq.
Lakin belə qarşılaşma yaxın müddətdə baş versə, amerikalılar etiraf etməlidirlər ki, ruslar etibarlı hipersəs silahlarının hazırlanması, istehsalı və yerləşdirilməsi sahəsində onları qabaqlayıb.
“Trump” sinfinin güclü tərəfi daha üstün sensor inteqrasiyası və döyüş şəbəkəsi əlaqələndirməsi ola bilər. Ekspertlərin fikrincə, onun raketdən müdafiə arxitekturası daha dayanıqlı olacaq. Amma “Admiral Naximov”un hipersəs hücumu qarşısında heç bir hava müdafiə sistemi kifayət etməyə bilər.
“Trump” sinfi üçün digər mənfi amil onun böyük ölçüsüdür. 35.000 tondan artıq subasımı qabiliyyəti onu radar vasitəsilə aşkarlanma və izlənmə baxımından asan hədəfə çevirir. Üstəlik, çox bahalı gəmi olduğu üçün ABŞ rəhbərliyi onun itirilməsi riskini minimuma endirməyə çalışacaq. Müasir bütün suüstü gəmilər kimi, o da kütləvi raket hücumlarına qarşı həssasdır.
İlk zərbə döyüşün taleyini həll edə bilər
“Admiral Naximov”un dizaynı isə maksimum hücum raket gücünə əsaslanır. Onun qalın zirehi və nüvə enerji qurğusu uzunmüddətli fəaliyyət üstünlüyü verir.
Bu rus nəhənginin əsas üstünlüyü arsenalıdır. O, P-800 “Oniks/Zirkon” hipersəs raketləri, “Kalibr” qanadlı raketləri və dəniz versiyalı S-300F/S-400 hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub. Eyni zamanda, daha köhnə sensor arxitekturasına və ABŞ sistemləri ilə müqayisədə zəif şəbəkələşmə imkanına malikdir, üstəlik, sayının az olması texniki xidməti çətinləşdirir.
Belə qarşıdurmada ilk yüksək dəqiqlikli hədəfləmə üstünlük qazandıracaq. Amerikalılar peyklər, MQ-25 tipli pilotsuz uçuş aparatları və ehtimal ki, rus gəmisini izləyən sualtı qayıqlardan istifadə edəcəklər. Ruslar isə görmə xəttindən kənar radarlar, kosmik okean müşahidə sistemləri və dəniz patrul aviasiyası ilə hədəfləmə aparacaqlar.
Vizual məsafəyə yaxınlaşmadan “Trump” sinfi LRASM raketləri buraxacaq, “Admiral Naximov” isə “Kalibr” və ehtimal ki, “Zirkon” hipersəs raketləri ilə cavab verəcək. Bu mərhələdə döyüş açıq dəniz duelindən daha çox görmə xəttindən kənar raket doyma qarşıdurmasına çevriləcək.
Hər iki tərəf uzun və orta mənzilli zenit-raket sistemləri, yaxın müdafiə silahları, radioelektron mübarizə vasitələri və saxta hədəflərdən istifadə edəcək. Əsas dəyişən amil atəş idarəetmə keyfiyyəti və tutucu raketlərin etibarlılığı olacaq.
Hipersəs silahları üstünlük yaradır
Qərarverici amil rus hipersəs silahlarının mövcudluğudur. ABŞ tərəfi daha güclü kəşfiyyat, müşahidə və hədəfləmə imkanlarına malik ola bilər, lakin “Trump” sinfində “Zirkon” hipersəs raketlərinə qarşı təsdiqlənmiş müdafiə sistemi yoxdur. Üstəlik, rusların yalnız bir raket buraxacağı ehtimalı azdır.
Beləliklə, birəbir qarşılaşmada hipersəs silahların mövcudluğu və ABŞ tərəfində analoji sistemin, yaxud belə silahlara qarşı effektiv müdafiənin olmaması “Trump” sinfinə məxsus xətt kreyserinin qısa müddətdə məğlubiyyəti ilə nəticələnə bilər.
Sensor üstünlüyü həlledici deyil. Əsas məsələ “Admiral Naximov”un nə qədər zərbəyə davam gətirə və nə qədər güclü zərbə endirə bilməsidir. S-400 hava hücumundan müdafiə sistemi və “Zirkon” hipersəs raketləri ilə o, kifayət qədər uzun müddət ərzində həm müdafiə, həm də hücum imkanlarını qoruyaraq “Trump” sinifini məğlub edə bilər.
Dəyanət Ağalarlı
Ordu.az