Ordu.az xəbər verir ki, “India Today” və “Times of India” qəzetlərində dərc olunan xəbərlərdə Pakistanın Hindistana hücum etdiyi iddia edilən hücumlara cavab olaraq Hindistan ordusunun Pakistandakı HHM sistemlərini, o cümlədən Lahorda yerləşdirilmiş radarı zərərsizləşdirdiyi iddia edilib.
Məlumata görə, Lahorda yerləşdirilən radar Çin istehsalı olan HQ-9 HHM sisteminin bir hissəsi olub və bunlar İsrail istehsalı olan “Harpy” tipli kamikadze PUA-ları tərəfindən vurulub.
Pakistanın informasiya naziri Attaullah Tarar radarın vurulması ilə bağlı iddianı təkzib edib və Hindistan mediasını “dezinformasiya yaymaqda” ittiham edib.
Çin istehsalı olan HQ-9 təyyarə, PUA və raket kimi təhdidlərə qarşı aşkarlama, izləmə və cavab vasitələrini özündə birləşdirən inteqrasiya edilmiş HHM sistemi təşkil edir.
Radarları, komanda idarəetmə mərkəzlərini və “yer-hava” raketlərini ehtiva edən sistem çoxtəbəqəli müdafiə qalxanı funksiyasını yerinə yetirir.
Pakistan 2021-ci ildə sistemin HQ-9P adlı versiyasını inteqrasiya edib. Sözügedən versiya 125 ilə 260 kilometr məsafə qət edə bilər.
Çindən döyüş təyyarələri, raket sistemləri və PUA-lar alan Pakistan Çin istehsalı olan silah sistemlərinin ən önəmli alıcısıdır.
Stokholm Sülh Araşdırmaları İnstitutunun məlumatlarına görə, Pakistan 2019-2024-cü illər arasında hərbi alışlarının 81 faizini Çindən edib.
Bu dövrdə Çin Pakistana 5,28 milyard dollarlıq satış həyata keçirib ki, bu da Çinin ümumi silah ixracatının 63 faizini təşkil edir.
Uzun müddət müdafiə sənayesində Rusiyadan asılı olan və hərbi idxalının 30 faizindən çoxunu hələ də bu ölkədən qarşılayan Hindistan son vaxtlar Fransa, ABŞ və İsrail kimi alternativ mənbələrə müraciət edərək, müdafiə təchizatını şaxələndirir.
Sevinc Əliyeva
Ordu.az