Yunanıstan rəsmisindən Türkiyə müdafiə sənayesinə dair açıq etiraf: “Geri qalırıq”

2025/05/1746775621.jpg
Oxunub: 410     11:26     10 May 2025    
Yunanıstanın keçmiş müdafiə naziri Yevangelos Apostolakis Türkiyənin müdafiə sənayesində əldə etdiyi son nailiyyətlərlə bağlı açıq şəkildə narahatlığını ifadə edib.

Ordu.az xəbər verir ki, keçmiş nazir yerli mediaya verdiyi açıqlamada, Türkiyənin yerli və milli silah sistemləri, pilotsuz uçuş aparatları, ballistik raketlər və radioelektron mübarizə texnologiyaları sahəsində sürətlə irəlilədiyini bildirib.

Apostolakis qeyd edib ki, Yunanıstan hələ də xarici tədarükçülərdən asılı vəziyyətdədir və bu, ölkənin müdafiə imkanlarında ciddi boşluqlar yaradır. Onun sözlərinə görə, Ankara yalnız PUA-lar deyil, eyni zamanda ballistik raketlər və digər yüksək texnologiyalı silahlar sahəsində də Yunanıstanı geridə qoyub.

Keçmiş nazir yerli müdafiə sənayesinə sərmayənin artırılmasının və Avropa ilə daha sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Onun çıxışı Yunanıstan ictimaiyyətində və siyasi dairələrdə ciddi rezonans doğurub və müzakirələrə səbəb olub.

Qeyd edək ki, Türkiyənin müdafiə sənayesində əldə etdiyi sürətli inkişaf regionda hərbi balansı Ankara xeyrinə dəyişməkdə davam edir və Yunanıstan üçün strateji çağırışlar yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Yunanıstan  


Bizi "telegram"da izləyin