Ankara-Brüssel Münasibətlərində Yeni Gərginlik: Kim itirir?

2025/05/1746771290.jpg
Oxunub: 688     19:29     09 May 2025    
Avropa Parlamentinin 7 may tarixli plenar iclasında qəbul olunmuş qətnamə, Türkiyənin Aİ-yə üzvlük prosesinin mövcud şəraitdə davam etdirilə bilməyəcəyini bəyan etməklə, Ankara-Brüssel münasibətlərində yeni bir gərginlik dalğası yaradıb. Qətnamə 367 deputatın lehinə, 74-nün əleyhinə, 188-nin isə bitərəf səsi ilə qəbul olunub. Rəsmi əsaslandırma kimi guya Türkiyədə demokratik institutların zəiflədilməsi, müxalif səslərin sıxışdırılması və etiraz aksiyalarına qarşı zorakılıqlar göstərilir. Lakin bu yanaşma həm siyasi obyektivlik baxımından, həm də geosiyasi reallıqlar kontekstində suallar doğurur.

Avropa Parlamentinin bu qətnaməsi Türkiyəyə qarşı siyasi təzyiq vasitəsidir. Hər nə qədər sənəddə Türkiyə cəmiyyətindəki avropayönümlü istəklər tanınsa da, qərar ümumilikdə ölkənin Aİ-yə inteqrasiya perspektivlərini əngəlləyən, hətta bir növ təcridetmə məqsədi güdən addım kimi qiymətləndirilə bilər. Bu, əslində, Aİ-nin son illərdə bir çox məsələdə vahid siyasi iradə nümayiş etdirə bilməməsinin, geosiyasi qərarlarında isə parçalanmanın göstəricisidir. Fransa və Almaniya kimi aparıcı üzvlər hər nə qədər Türkiyə ilə iqtisadi və müdafiə sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bəyan etsələr də, Avropa Parlamentinin sərt qərarı bu praktik yanaşmalardan uzaq düşür.

Qətnamənin qəbul edildiyi mərhələ Türkiyədə daxili siyasi proseslərin aktivləşdiyi bir zamana təsadüf edir. Xüsusilə əsas müxalif qüvvə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) parlamentdən çəkilmə və fövqəladə seçkilərə yol açma planları ölkə daxilində yeni siyasi konfiqurasiyaların yaranmasına səbəb ola bilər. CHP-nin sorğularda hakim Ədalət və İnkişaf Partiyasını (AKP) keçməsi göstərir ki, Türkiyədə siyasi rəqabət demokratik çərçivədə davam edir. Avropa Parlamentinin tənqid obyektinə çevirdiyi “demokratiyanın gerilədilməsi” ittihamları isə bu reallıqları görməzdən gəlir.

Bundan başqa, PKK-nın ləğvi ilə bağlı proseslər və Suriyada kürd təşkilatlarının fəaliyyətləri də regional sabitliyi təhdid edir. Türkiyənin bu məsələyə münasibəti açıqdır: Suriyanın ərazi bütövlüyü və milli birliyi Türkiyənin “qırmızı xəttidir”. PKK-nın Suriya qolu olan PYD/YPG-nin “muxtariyyət” cəhdləri və bu istiqamətdə beynəlxalq dəstəyin artması Türkiyəni narahat etməyə bilməz. Avropa isə bu məsələdə ya passiv davranır, ya da qeyri-obyektiv mövqe tutur.

Digər tərəfdən, Avropa dövlətlərinin – xüsusilə Fransa və Almaniyanın – Türkiyə ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqları və ortaq layihələri onu göstərir ki, rəsmi Ankara ilə münasibətlərdə “sanksiya dili”ndən çox, “pragmatik maraqlar” önəmlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Avropa Türkiyəsiz təhlükəsizlik sistemini qura bilməz” fikri də bu reallığın ifadəsidir. Rusiya-Ukrayna müharibəsində Türkiyənin oynadığı vasitəçi rol, Qara dənizdəki gəmilər üçün humanitar dəhlizlərin yaradılması, enerji təhlükəsizliyində Ankara ilə əməkdaşlıq Aİ üçün əvəzolunmazdır.

Əlavə olaraq, yaxın günlərdə Türkiyə və Yunanıstan liderlərinin görüşü gözlənilir. Bu, həm regional sabitlik, həm də Aİ-Türkiyə münasibətlərinin gələcəyi baxımından mühüm addım ola bilər. Əgər Aİ daxilindəki bəzi dairələr Türkiyəni tamamilə kənarlaşdırmaq niyyətindədirsə, bu, nə regional sabitliyə, nə də Aİ-nin öz maraqlarına xidmət edəcək.

Qeyd etmək lazımdır ki, Aİ-yə alternativ platformalar Türkiyə üçün açıqdır. Ankara həm Rusiya, həm də Çinlə əməkdaşlıq imkanlarını daim açıq saxlayır. Lakin Türkiyə öz xarici siyasətində balanslı və çoxtərəfli yanaşmanı üstün tutur. Bu mənada Avropa Parlamentinin qətnaməsi, əslində, Türkiyənin deyil, Avropanın özünü çıxılmaz vəziyyətə salmasıdır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ankara   Brüssel  


Bizi "telegram"da izləyin