Ermənistanın Aşqabad sazişinə qoşulması: riskli manevr, yoxsa təxribatçı addım?

2025/05/1746771231.jpg
Oxunub: 883     18:31     09 May 2025    
Ermənistan hökumətinin mayın 8-də qəbul etdiyi qərarla Aşqabad sazişinə – yəni İran, Türkmənistan, Özbəkistan, Qətər və Oman arasında 2011-ci ildə imzalanmış beynəlxalq tranzit və nəqliyyat dəhlizinin yaradılması haqqında razılaşmaya qoşulması regionda geosiyasi gərginliyin artdığı bir dövrdə ciddi suallar doğurur. Sazişin əsas məqsədi Avrasiya məkanında nəqliyyat əlaqələrini gücləndirmək və bu çərçivədə “Şimal-Cənub” dəhlizi vasitəsilə yeni alternativ yollar yaratmaqdır. Lakin hazırkı mərhələdə Ermənistanın bu sazişə daxil olması, sadəcə iqtisadi və logistika ilə izah edilə bilməz.

İlk növbədə qeyd edilməlidir ki, bu sazişin iştirakçıları arasında Hindistan və Pakistan kimi bir-birilə açıq rəqabət və düşmənçilik münasibətində olan ölkələr var. Hazırda bu iki dövlət arasında hərbi qarşıdurma təhlükəsi gündəmin əsas mövzusudur. Belə bir fon şəraitində Ermənistanın sazişə daxil olması, ya regiondakı gərginliklərə bələd olmamaqdan, ya da bilərəkdən bu gərginliklərdən geosiyasi qazanc əldə etməyə çalışmaqdan xəbər verir. Bu isə Ermənistanın siyasi məsuliyyətsizliyinin və qlobal güclər arasında təhlükəli oyuna girişdiyinin göstəricisidir.

Ermənistanın Hindistanla son illər yaxınlaşması da diqqətdən yayınmamalıdır. Hindistanın Ermənistana silah satması, hərbi əməkdaşlığı gücləndirməsi, əslində regionda balansın pozulmasına xidmət edən amillərdir. Belə olan halda, Ermənistanın Hindistanın da daxil olduğu Aşqabad sazişinə qoşulması bu əlaqələrin daha da dərinləşdirilməsi üçün istifadə edilə bilər. Bu isə təkcə Azərbaycan üçün deyil, regiondakı digər ölkələr üçün də təhdid yarada bilər.

Digər tərəfdən, Ermənistanın bu addımı Cənubi Qafqazda yeni bir qarşıdurma xəttinin yaranmasına zəmin yaradır. Çünki Pakistan Ermənistanı dövlət kimi tanımır və bu ona qarşı hər zaman sərt mövqedə dayanıb. Ermənistanın daxil olduğu layihədə Pakistanla təmas ehtimalı nəzəri baxımdan belə regionda gərginliyi artırır.

Ermənistan hakimiyyəti bu addımla həm də Azərbaycan-Pakistan ittifaqına qarşı bir növ “alternativ cəbhə” formalaşdırmağa cəhd edir. Lakin bu, strateji baxımdan yanlış və perspektivsiz bir yoldur. Ermənistan bu yolla nə tranzit üstünlük qazana bilər, nə də regionda sülhə töhfə verə bilər. Əksinə, Hindistan və Pakistan arasında mümkün hərbi qarşıdurmanın alovlanacağı təqdirdə, Ermənistan özü də bu zəncirin bir hissəsi kimi istər-istəməz təhlükəli vəziyyətə düşəcək.

Ayrıca olaraq, Ermənistanın daxil olmaq istədiyi Aşqabad sazişində real logistika baxımından da ciddi suallar var. Ermənistanın nə regional nəqliyyat infrastrukturunda, nə də Avrasiya dəhlizlərində faktiki çəkisi yoxdur. Ölkənin nə dəmir yolları, nə də magistral şəbəkəsi bu cür layihələrin icrasına hazır deyil. Bu isə göstərir ki, İrəvan rəhbərliyinin qərarı nəinki praktik məna, daha çox siyasi simvolizm daşıyır.

Nəticə etibarilə, Ermənistanın Aşqabad sazişinə qoşulması məsuliyyətsiz, hesablanmamış və regional sabitliyi pozmağa xidmət edən addımdır. Bu cür siyasət nə Ermənistanın iqtisadiyyatını gücləndirə bilər, nə də onu regional oyunçuya çevirə bilər. Əksinə, bu manevr Ermənistanı daha da təcrid olunmuş vəziyyətə salmaq riski daşıyır.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aşqabad  


Bizi "telegram"da izləyin