Rəsmi mərasim başa çatdıqdan sonra jurnalistlər Trampdan ABŞ vitse-prezidenti Vensin bəyanatına münasibət bildirməsini istəyiblər. Vensin sözlərinə görə, Rusiya həddən artıq çox şey tələb edir. Donald Tramp isə bu fikrə yalnız bir sözlə cavab verib: “Ola bilər”.
Ukraynanın UNIAN agentliyi ABŞ-nin “Fox News” telekanalına istinadən xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Kelloq telekanala verdiyi müsahibədə bildirib ki, Ukrayna müharibəsində atəşkəsin əldə olunmasının “əsas maneəsi” Rusiya prezidenti Vladimir Putinin mövqeyidir.
Kelloqun sözlərinə görə, ABŞ-nin irəli sürdüyü atəşkəs təklifində Ukrayna üçün arzuolunmaz şərtlər olsa da, Kiyev razılıq verib. Lakin Rusiya prezidenti həmin şərtləri qəbul etmir. Kelloq qeyd edib ki, söhbət hələlik 30 günlük atəşkəsdən gedir və bu müddət uzadıla bilər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi hesab edir ki, əgər Putin razılıq versə, tərəflər razılığa gələ bilərlər. O əlavə edib ki, irəliləyişə mane olan “yeganə şəxs” Rusiya prezidentidir.
Əgər Kelloqun bu fikirlərini Trampın Ukrayna məsələsində qərar qəbul etmə vaxtının yaxınlaşdığı haqda bəyanatı ilə yanaşı nəzərdən keçirsək, o zaman ehtimal etmək olar ki, Tramp Rusiya-Ukrayna danışıqlarında vasitəçilik səylərini dayandırmaq ehtimalını nəzərdən keçirir. Keçən həftə bu barədə ABŞ dövlət katibi Rubion da danışmışdı.
“Fox News” kanalına verdiyi müsahibədə Kelloq xatırladıb ki, iki həftə əvvəl Londona səfər edib və Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri ilə görüşüb. Ümumiyyətlə, onların Rusiya-Ukrayna cəbhəsində atəşkəs əldə olunması ilə bağlı ABŞ-nin təkliflərini qəbul etmələrinə baxmayaraq, bəzi ehtiyatlı yanaşmalar da mövcuddur.
Rusiya qəzetlərinin, o cümlədən “Kommersant”ın məlumatına görə, Ukrayna prezidenti Zelenski Rusiya ilə danışıqların bərpasının tərəfdarıdır, lakin bu, yalnız atəşkəsin əldə olunmasından və bufer zonanın yaradılmasından sonra mümkündür. Belə ki, Kiyev təklif edir ki, tərəflər arasında 30 kilometrlik demilitarizasiya zonası yaradılsın və bunun üçün hər iki tərəf qoşunlarını 15 km geri çəksin.
Rusiya prezidentinin mətbuat katibi Peskov isə bəyan edib ki, Moskva Kiyevlə “ön şərt olmadan danışıqlara başlamağa hazırdır”. Bu isə o deməkdir ki, Rusiya döyüş əməliyyatları fonunda siyasi müzakirələrin aparılmasını təklif edir. Əslində, Ukrayna ilə bağlı vəziyyət Donald Trampın ABŞ prezidenti vəzifəsini icra etməyə başlamasından əvvəlki çıxılmaz vəziyyətdə qalır.
Vladimir Putin prezidentliyinin 25 illiyinə həsr olunmuş sənədli filmdə bir daha bəyan edib ki, Ukrayna məsələsində məqsəd, əgər mümkün olarsa, diplomatik yolla, yox əgər mümkün deyilsə, hərbi yolla reallaşdırılacaq.
Amerika mediasının yazdığına görə, ABŞ Konqresində Rusiya ilə bağlı “cəhənnəm sanksiyaları”nın tətbiqini nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Mümkündür ki, Donald Trampın Ukrayna ilə bağlı qərar veriləcəyi haqda bəyanatı məhz bu təşəbbüslə əlaqədardır. Böyük ehtimalla, bu məsələyə aydınlıq Trampın yaxın Şərqə səfəri zamanı gələcək.
Asif Cəfərov
Ordu.az