Putinin telefon diplomatiyası: Rusiya bölgədə şərtləri yenidən yazır?

2025/05/1746600641.jpg
Oxunub: 766     17:39     07 May 2025    
Rusiya Prezidenti Vladimir Putinin həm İran Prezidenti Məsud Pezeşkian, həm də İsrail Baş naziri Benyamin Netanyahu ilə eyni gündə telefon danışığı aparması təsadüf deyil. Bu paralel diplomatik kontaktlar Moskvanın bölgədə balanslı mövqe tutmaq cəhdindən daha çox, strateji yönümlü və məqsədyönlü bir diplomatik gedişidir. Tərəflərlə eyni gün təmas qurmaq həm mesaj ötürmək, həm də bir tərəfdə veriləcək güzəştlərin qarşılığında digər tərəfdən divident almaq niyyətinə xidmət edir. Mərkəzi Asiya və Yaxın Şərq qovşağında, xüsusən də Cənubi Qafqazda Rusiya yeni güc nizamının formalaşmasında mühüm paya sahib olmaq istəyir. Bu güc balansında İranla hərbi-strateji yaxınlaşma, İsrailin isə bölgədəki təsirinin məhdudlaşdırılması Moskvanın prioritetlərinə çevrilməkdədir.

2024-cü ilin əvvəlində Rusiya ilə İran arasında imzalanan strateji tərəfdaşlıq haqqında hərtərəfli müqavilə, Moskvanın Yaxın Şərqdəki tərəfdaş prioritetinin Tehran olduğunu rəsmiləşdirdi. İki ölkə arasında enerji, müdafiə sənayesi və nüvə məsələləri ətrafında artan koordinasiya onların regiondakı qarşılıqlı dəstək mexanizmlərini dərinləşdirib. İranın ABŞ ilə yenidən başlanan danışıqlarda Rusiya vasitəçiliyinə açıq qapı saxlaması isə bu tərəfdaşlığın diplomatik yükünü artırır.

Putinlə Netanyahu arasındakı telefon danışığında İkinci Dünya Müharibəsinin nəticələrinin tanınması və Sovet İttifaqının rolunun vurğulanması formal görünə bilər. Lakin əslində bu, Moskvanın Təl-Əvivə dolaylı mesaj vermək üsuludur. Əgər İsrail Sovet İttifaqının tarixdəki rolunu tanıyırsa, bu, Kremlin regiondakı təsir dairələrinə də dolaylı etiraf kimi qəbul oluna bilər. Bu kontekstdə ölkəmizin əhəmiyyəti daha da artır.

Azərbaycan son illər İsraillə dərin təhlükəsizlik və texnologiya əməkdaşlığı qurub. Bu, bir tərəfdən Bakının öz təhlükəsizliyini gücləndirməsinə imkan verir, digər tərəfdən ciddi strateji çəkindirmə formalaşdırır. Xüsusilə də İsrailin Azərbaycanla sıx münasibətləri Moskvanın Tehranla qurduğu strateji əlaqələrə zidd kimi qiymətləndirilir. Moskva bu səbəbdən İsraildən regiondakı təsirini məhdudlaşdırmağı tələb edə bilər.

Bu tələb, əlbəttə ki, açıq şəkildə dilə gətirilmir. Lakin Netanyahu ilə telefon danışığında Yaxın Şərq və Cənubi Qafqazdakı təhlükəsizlik balansının toxunulmaz qırmızı xətləri kimi zərif şəkildə gündəmə gətirilməsi mümkündür. Moskva, bu məsələdə yalnız təzyiq yox, həm də razılaşdırılmış güzəştlərlə yanaşmaq taktikasını tətbiq edə bilər. Təl-Əviv üçün prioritet məsələ olan Suriya müstəvisində Moskvanın vasitəçi və ya neytral mövqe tutması İsrail üçün ciddi əhəmiyyət daşıyır. Mümkündür ki, Rusiya bəzi məsələlər qarşılığında Suriyada İran təsirinin məhdudlaşdırılması və ya İsrailin təhlükəsizlik narahatlıqlarına daha çox anlayış göstərmək yönündə əməkdaşlıq təklif etsin. Bu, Moskvanın bölgədəki “iki dovşanı bir güllə ilə vurmaq” strategiyasının bir parçası ola bilər: həm Təl-Əvivin güzəştini almaq, həm də Ankara ilə regional ziddiyyətləri öz xeyrinə çevirmək.

Eyni zamanda, bu prosesdə Azərbaycan üçün də balans ehtiyacları yaranır. Bakı İsraillə münasibətlərini təhlükəsizlik, texnologiya və diplomatik cəhətdən son dərəcə faydalı görsə də, Rusiya və İranla münasibətləri də gücləndirir. Bakı üçün əsas məsələ budur: həm Rusiya ilə strateji balansı pozmamaq, həm də İsraillə kritik tərəfdaşlığı davam etdirmək.

Ümumilikdə isə Putinin may ayındakı bu paralel telefon diplomatiyası Rusiya xarici siyasətində çoxvektorlu, lakin koordinasiyalı güc oyununun nümunəsidir. Bu oyunda Moskva həm ABŞ-İran danışıqlarında vasitəçiliyə oynayır, həm İsrailin regional hərəkətlərini çərçivəyə salmağa çalışır, həm də Cənubi Qafqazda öz mövqeyini qorumaq niyyətindədir. Bu konfiqurasiya isə istər Bakıdan, istər Tehrandan, istərsə də Təl-Əvivdən strateji soyuqqanlılıq və çevik diplomatiya tələb edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Putin   Diplomatiya  


Bizi "telegram"da izləyin