Hitlerin “Blitskriq” uğurlarının sirri metamfetamin idi? – ARAŞDIRMA (FOTOLAR)

2025/04/1745826406.jpg
Oxunub: 1208     17:28     08 May 2025    
Hitlerin xarizması, demoqoqiyası və Almaniyanı arxasınca sürükləmə qabiliyyəti haqqında çox yazılıb və müzakirə olunub. İki cəbhədə müharibə aparmaq cəhdinin iflasa uğraması və Napoleonun səhvini təkrarlayaraq Rusiyanı işğal etməyə qalxması da tarixçilər və müharibə həvəskarları tərəfindən çoxdan tükənən mövzulardandır. Lakin yeni açıqlamalar – məsələn, Hitlerdə mikropenis olduğu faktı – İkinci Dünya Müharibəsinə baxışımızı tamamilə dəyişir.

47 səhifəlik bir dosyedə göstərilir ki, Nasist Almaniyasının yüksəlişi narkotik istifadəsi ilə qidalanıb. Hitler özü 74 ayrı-ayrı dərman qəbul edirdi, bunların arasında güclü bir opioid və bu gün bizim “kristal met” adlandırdığımız metamfetamin də var idi. Müharibə ərzində hazırlanan ABŞ hərbi hesabatı Fürerin qəbul etdiyi müxtəlif maddələri – morfin, barbituratlar, trankvilizatorlar və hətta buğa toxumu da daxil olmaqla – sənədləşdirir.


Buğa toxumu Hitlerə daha gənc sevgilisi ilə ayaqlaşmaq və xalq qarşısında enerjili və kişi kimi görünmək üçün istifadə olunurdu. Digər dərmanlar isə mədə spazmından bipolyar pozuntu əlamətlərinə qədər müxtəlif problemləri yüngülləşdirmək məqsədilə verilirdi.

Alman yazıçı Norman Ohler Nasist Almaniyasında narkotik istifadəsini “Der Totale Rausch” (“Tam Sərxoşluq”) adlı yeni kitabında araşdırıb. ABŞ-də kitab “Blitzed” adı ilə çıxıb. Kitab Almaniyada böyük uğur qazanıb və 18 dilə tərcümə olunub. Ohlerə görə, narkotiklər mühüm rol oynasa da, tarixçilər Hitlerin şəxsi həkimi Teodor Morella maraq göstərmədikləri üçün bu məsələni uzun müddət görməzdən gəliblər.

Ohlerin dostu, dövrə aid nadir kitab və əşyalar kolleksiyası sahibi Aleksandr Kramer ona narkotiklərin rolunu ilk dəfə söyləyib. Ohler dərhal başa düşüb ki, bu, onun növbəti kitab mövzusu olacaq. Tarixçi olmasa da, Üçüncü Reyx üzrə ekspert, mərhum Hans Mommsen Ohlerə kömək edib. Ohler illərlə arxivlərdə araşdırma aparıb.

Hekayə, əslində, Veymar Respublikasının dövründən, Hitlerin yüksəlişi ilə başlayır. Onun daxili çevrəsi Hitlerə “üstün insan” kimi sitayiş edir, onun ət yemədiyini, spirtli içkilərə, narkotiklərə və qadınlara toxunmadığını iddia edirdi. 1933-cü ildə hakimiyyətə gəldikdən sonra Almaniyada bütün narkotik maddələr qadağan edildi. Asılılıqdan əziyyət çəkənlər isə edam edilir və ya düşərgələrə göndərilirdi.


Berlinli Fritz Hausçild ilk dəfə Almaniyada metil-amfetamin inkişaf etdirdi. 1937-ci ildə işlədiyi şirkət bu məhsulu “Coca-Cola”nın rəqibinə çevirmək arzusunda idi. 1938-ci ildən etibarən bu dərman (“Pervitin”) reseptsiz şəkildə geniş yayıldı. Tezliklə, demək olar ki, hər kəs öz enerjisini, özünəinamını artırmaq üçün “Pervitin” istifadə edirdi.

Bu dərman demək olar ki, bu gün qəhvə qədər geniş istifadə olunurdu. Evdar qadınlar “Pervitin”lə zənginləşdirilmiş şokolad yeyir, ev işlərini sürətlə bitirir və arıqlayırdılar. Sağlamlıq və bədən quruluşu mədəni dəyərlər sırasında üstün yer tutsa da, əslində, həm xalq, həm də liderləri narkotik təsiri altında idilər.


Almaniyanın Müdafiə və Ümumi Fiziologiya İnstitutunun direktoru Otto Ranke “Pervitin”in əsgərlərin yorğunluğunu önləmək üçün faydalı olduğunu düşündü. Bu dərman onlara uzun müddət ayıq qalmağa, saatlarla yürüş etməyə və qorxusuz döyüşməyə imkan verirdi. 1940-cı ildə Fransaya hücumdan əvvəl nasist əsgərlərə gün ərzində və gecə “Pervitin” tabletləri qəbul etmək tapşırıldı. Polşaya hücum zamanı da “Pervitin” istifadə olunmuşdu.

Ohlerin dediyinə görə, onun müəllimi ona heç vaxt bir səbəbdən yapışmamağı tövsiyə etsə də, müəllif hesab edir ki, blitskriq tamamilə “Pervitin”in hesabına mümkün olub. Yoxsa Hitler orduları Avropanı bu qədər sürətlə ələ keçirə bilməzdi. Qeydlərə görə, 1940-cı ildə cəmi dörd ay ərzində 35 milyon “Pervitin” tableti bölüşdürülüb. Məqsəd adi insanları “superinsan maşınları”na çevirmək idi.

Bu gün də bəzi müzakirələr gedir: bəzi dərmanlar əsgərlərin performansını artırır, yoxsa azaldır? “Pervitin”in yan təsirləri arasında qeyri-rasional davranış, halüsinasiyalar və qəzəbli partlayışlar var idi. Nasistlər tək deyildilər, britaniyalılar və amerikalılar “Dexedrine” istifadə edirdi, yaponların isə öz sürət verici maddələri var idi.

Müharibə davam etdikcə Hitler şəxsi həkimi Morellə daha çox güvənməyə başladı, halbuki onun daxili çevrəsi Morelli etibarsız və iyrənc bir fiqur kimi görürdü. 1941-ci ildə Hitler ağır xəstələndi. Artıq Morellin vitamin inyeksiyaları kifayət etmirdi.

Heyvan hormonları və müxtəlif dərmanlar sınaqdan keçirildi. Nəhayət, həkim “Eukodal” adlı bir möcüzə dərman (bu gün “Oksikodon” kimi tanınır) seçdi. Tezliklə dünyanın ən məşhur diktatoru gündə bir neçə dəfə “Eukodal” inyeksiyası alırdı və digər dərmanlarla birlikdə kokain də qəbul edirdi (şərq cəbhəsində qulaq problemi üçün təyin olunmuşdu). Bu dərman kokteyli, xüsusən “Eukodal” hətta 1944-cü ildə Almaniyanın məğlub olduğu aydın olduğu halda belə, Hitlerə özünü məğlubedilməz hiss etdirirdi. Generalitet taktikaların dəyişməsini tələb etsə də, “Eukodal”ın yaratdığı eyforiya və qüdrət hissi Hitlerə dayanmadan irəliləməyə səbəb oldu.

Müharibənin sonlarına yaxın Almaniya üçün narkotik istehsal edən fabriklər müttəfiqlər tərəfindən bombalandı. 1945-ci ilin əvvəllərində Fürer ağır narkotik asılılığı fonunda çəkilmə sindromu yaşayırdı. Ohlerin yazdığına görə, dünyanın ən məşhur faşisti son günlərini Berlin bunkeri içərisində çəkilmə əzabları içində keçirdi.

Ohlerin fikrincə, Hitlerin şəxsi həkimi onu qəsdən asılı vəziyyətə salmayıb, lakin belə bir ehtimal da istisna olunmur. Eyni ehtimalla, Fürerin özü də asılılıq meylli bir şəxsiyyətə malik idi. 1944-cü ilin payızında Hitler Morelli vəzifədən uzaqlaşdırdı. Amma artıq çox gec idi. Fürer intihar etdi. Morell isə müharibədən sonra qısa müddət yaşadı, kədərli və unudulmuş bir fiqur olaraq dünyadan köçdü. Ohler onu sadəcə dövrün burulğanında qapılmış bir fürsətçi kimi təsvir edir, bəziləri isə açıq-aşkar dələduz sayır. Hər halda, onun metodları Üçüncü Reyxin süqutuna öz töhfəsini verdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hitler   Blitskriq  


Bizi "telegram"da izləyin