Əgər Almaniya Sovetləri məğlub etsəydi, İkinci Dünya Müharibəsi başqa cür sona çata bilərdimi?

2025/04/1745477242.jpg
Oxunub: 1011     09:38     09 May 2025    
Almaniyanın ölümcül səhvi Sovet dövlətinin gücünü, eləcə də Sovet hərbi texnikasının artan keyfiyyətini düzgün qiymətləndirməməsi idi. Almaniyanın müharibəyə başlamaq üçün ortaya atdığı fərziyyələr və bu qərarı ictimaiyyətə əsaslandırmaq məqsədilə irəli sürülən arqumentlər, effektiv və işlək strategiyanın qəbulunu demək olar ki, mümkünsüz etmişdi. SSRİ-ni eynilə Fransanı müharibədən çıxartdıqları kimi oyundan çıxartmaq coğrafi reallıqlar səbəbilə demək olar ki, mümkün deyildi.

İkinci Dünya Müharibəsinin standartları ilə belə “Şərq cəbhəsi” dəhşətlərin qaynadığı bir qazan kimi seçilirdi. Dörd il davam edən müharibə ərzində milyonlarla əsgər və mülki şəxs həlak oldu, Nasist Almaniyası və Sovet İttifaqı bir-birini amansızcasına əzdi. Almanlar 1941 və 1942-ci illərdə ciddi zərbələr endirdilərsə də, “Qızıl Ordu” 1942-ci ilin sonunda Stalinqrad döyüşü ilə hücuma keçdi və növbəti üç ildə Vermaxtı yavaş-yavaş məhv etdi.

Müasir müharibə tarixçiliyində sual artıq “Sovetlər necə sağ qaldı?” yox, “Almanlar bu qədər uğuru necə qazandı?” formasında qoyulur. Sovet İttifaqının insan ehtiyatı üstünlüyü, Almaniya üzərindəki “Birləşmiş Bombardmançı Hücum”un dağıdıcı təsiri və Qərb Müttəfiqlərinin maddi dəstəyi Almaniyanın ümidlərini son dərəcə çətinləşdirirdi. Buna baxmayaraq, almanlar müharibəyə böyük bir nikbinliklə başladı və o vaxtlar bir çoxları hesab edirdi ki, Vermaxt SSRİ-ni tam məğlubiyyətin bir addımlığına qədər gətirib çıxarmışdı. Bəs almanlar müharibəni necə uda bilərdilər?

Zamanlama

Aqressorlar ümumiyyətlə hücum vaxtını seçmək üstünlüyünə sahibdirlər və bu vaxtı ən böyük üstünlüklərinin olduğu dövrə təsadüf etdirə bilirlər. Müasir müharibələrdə bu çox vaxt texnoloji inkişaf və istehsal dövrlərinə uyğun gəlir. Ümumiyyətlə, texnoloji baxımdan almanlar SSRİ-yə hücum vaxtını düzgün seçmişdi, çünki sovetlər 1930-cu illərin ortalarında silahlanmış və almanlarla müqayisədə daha çox köhnəlmiş texnikaya malik idilər. Üstəlik, sovetlər “Qızıl Ordu”ya yeni tanklar, təyyarələr və digər silahlar verəcək böyük bir modernləşmə prosesinə yenicə başlamışdılar.

Əlbəttə, almanlar da modernləşmə aparırdı. “Panter”, “Tiger I” və “Tiger II” tankları, eləcə də “Fw 190” qırıcı təyyarəsi “Barbarossa” əməliyyatının başlanmasından sonra alman silahlı qüvvələrinin tərkibinə daxil edildi. Lakin David Qlantzın da vurğuladığı kimi, modernləşmə balansı açıq şəkildə sovetlərin xeyrinə idi və yeni texnika “Qızıl Ordu”nun bütün sahələrinə sürətlə yayılırdı. Almaniya Rusiya ilə texnoloji üstünlüyünün pik dövründə (bu dövr bəlkə də 1940-cı il idi) döyüşmürdü və texnoloji üstünlük müharibənin başlanğıcında artıq Rusiyanın lehinə dəyişməyə başlamışdı.

Əməliyyat Dəyişiklikləri

1941 və 1942-ci illərdə almanlar fərqli əməliyyat qərarları qəbul etsəydilər, qələbə mümkün olardımı? Tarixçilər bəzən 1941-ci ildə Moskvaya birbaşa hücumun dayandırılaraq, əvəzində Ukraynadakı sovet qüvvələrinə qarşı hərbi əməliyyatların önə çəkilməsini, eləcə də 1942-ci ildə əsas hücumun Moskva deyil, cənub istiqamətində yönəldilməsini vurğulayırlar. Müharibənin böyük hissəsi təsadüfdən asılıdır və dəyişikliklərin nəticələrini dəqiq bilmək mümkün deyil, lakin bu alternativlər də inandırıcı görünmür. David Qlantz və digər tədqiqatçılar qeyd edirlər ki, sovet hərbi və siyasi gücü geniş əsaslara dayanırdı və Moskvaya nəzarətlə məhdudlaşmırdı.

1941-ci ildə Vermaxt yay sonlarında Moskvaya doğru hücumu dayandıraraq Kiyevdəki yüz minlərlə sovet əsgərinə qarşı yönəldi. Almanlar darmadağınedici bir qələbə qazandılar, lakin bu, Moskva əməliyyatını xeyli gecikdirdi. 1942-ci ildə isə əsas hücum Moskva ətrafı əvəzinə cənuba (sonda Stalinqrad yaxınlığına) yönəldildi. Hər iki halda, “alman qələbəsi” fərziyyəsi Moskvanın süqutu nəticəsində sovet dövlətinin dağılacağına əsaslanır. Lakin bu iddialara dair heç bir güclü sübut yoxdur; sovetlər Moskva uğrunda döyüşməyə hazır idilər və eyni zamanda paytaxtın süqutu vəziyyətində döyüşə davam etməyə dair planlara sahib idilər. Moskva iqtisadi baxımdan mühüm olsa da, sovetlərə mübarizəni davam etdirə bilməyəcək qədər vacib deyildi. Xüsusilə 1941-ci ildə, əgər Vermaxt Ukraynadakı “Qızıl Ordu” qüvvələrini məhv etməsəydi, bu birliklər qışda əks-hücum üçün istifadə oluna bilərdi. Ümumiyyətlə, əməliyyatdakı dəyişikliklərin fərqli nəticələrə səbəb olması ehtimalı azdır.

Millətlər

Müharibənin ortalarında keçirilən nadir konfranslardan birində yapon diplomatlar Almaniyanın Sovet İttifaqını məğlub etməyinə şübhə ilə yanaşmış və Estoniya, Latviya, Litva və Ukraynanın müstəqilliyinin dərhal elan edilməsini təklif etmişdilər. Bu addım, anti-sovet səfərbərliyinə əlavə dəstək verə bilərdi. Sovet İttifaqının tərkibindəki xalqlar nə bolşevikləri, nə də rusları bəyənirdilər və bu dövlətlər müstəqillik vədi olmadan da Almaniya tərəfində döyüşürdülər. Samuel Nyulandın da qeyd etdiyi kimi, müharibə “anti-bolşevik” səlib yürüşü kimi təqdim edilsəydi, hətta bəzi ruslar arasında da geniş dəstək yarana bilərdi.

Lakin Nasist Almaniyasının təbiəti belə bir yanaşmanı mümkünsüz edirdi. Nasistlər öz müharibə maşınlarını şərqdə əldə ediləcək qənimətlər üzərində qurmuşdular, bu da rusların, ukraynalıların və digər xalqların azadlığına heç bir yer buraxmırdı. Nasistlər Almaniya iqtisadiyyatını şərqdəki qul əməyinə və geniş miqyaslı aclıqla istismara əsaslandırmışdılar. Fərqli bir alman hökuməti fərqli bir müharibə apara bilərdi, lakin nasistlər heç vaxt azadlıq vəd edə bilməzdilər.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Sovet  


Bizi "telegram"da izləyin