T-34 və Britaniya “Cromwell”i: Hansı Tank İkinci Dünya Müharibəsinin Ən Yaxşısı idi?

2025/04/1745477122.jpg
Oxunub: 3352     23:41     09 May 2025    
İkinci Dünya Müharibəsi dövründə Müttəfiq qüvvələr sənaye imkanlarından istifadə edərək “Sherman”, T-34 və “Cromwell” kimi on minlərlə orta tank istehsal etdilər. 1943-cü ildən edibarən bu tanklar alman “Panther” və “Tiger” tanklarından geri qalsalar da, atəş gücü, zireh və kütləvi istehsal imkanı baxımından balanslı olduqları üçün əsas döyüş əməliyyatlarında həlledici rol oynadılar.

“Sherman” və “Cromwell” oxşar silah sistemlərinə və beş nəfərlik heyətə malik idilər, T-34 isə əvvəlcə dörd nəfərlik heyətlə istifadə olunurdu ki, bu da onun əməliyyat çevikliyinə təsir edirdi. Zireh müdafiəsi dəyişkən idi, T-34-ün maili zirehi əvvəlcə üstünlük təmin etsə də, alman silahlarının inkişafı bütün bu üç tankın sağ qalma şanslarını azaldırdı. T-34/85 və “Sherman Firefly” kimi təkmilləşdirilmiş modellər alman ağır tanklarına qarşı daha effektiv olmaq üçün istehsal olundu. Hərəkətlilik, edibarlılıq və kütləvi istehsal imkanları müttəfiq tanklarının strateji üstünlüklərini müəyyənləşdirdi və texnoloji cəhətdən daha üstün, lakin az sayda olan alman tanklarına qarşı say üstünlüyü qazandırdı. Müttəfiqlərin texniki həddən artıq mükəmməllikdən çox iqtisadi və səmərəli istehsala yönəlməsi onların qələbəsinə mühüm töhfə verdi.

Müttəfiqlərin Nasist Almaniyasına qarşı qazandığı qələbə müharibə boyu müttəfiq zavodlarından çıxan on minlərlə orta tankın gücü ilə əldə edildi. Bu tanklar Moskvadan Tunisədək və “Battle of the Bulge”ə qədər nasist hücumlarını dayandırdı, Stalinqrad, “Operation Cobra” və “Bagration” hücumları kimi kampaniyalarda minlərlə ədəd say ilə çıxış edərək “Wehrmacht”ın quru qüvvələrini əhatəyə alıb məhv etdilər.

Bu qələbələr 1943-cü ildən edibarən müttəfiq tanklarının alman “Panther” və “Tiger” ağır tankları ilə müqayisədə geri qalmasına baxmayaraq əldə edildi. Alman tankları bəzən müttəfiq tanklarına qarşı çox sayda itki verdirdilər.

Müttəfiq orta tankları əslində oxşar silahlanma, zireh müdafiəsi və hərəkətlilik səviyyələrinə malik idi. Onların əsas xüsusiyyəti, kifayət qədər atəş gücü və zirehə malik olmaları və görünməmiş miqyasda kütləvi istehsal edilə bilmələri idi. Bu, ABŞ və Sovet İttifaqına daha böyük sənaye potensiallarını tam şəkildə istifadə etməyə və çox sayda istehsal edərək “Üçüncü Reyx”in qul əməyi ilə yığılan və texniki cəhətdən həddən artıq mürəkkəb dizaynlara söykənən sənayesini üstələməyə imkan verdi.

Bu məqalədə əfsanəvi “Sherman” və T-34, eləcə də 1944-cü ildə təqdim olunan və oxşar performansa malik olan Britaniya “Cromwell” tanklarının nisbətən üstün və zəif cəhətləri müqayisə olunur.

Heyət Şərtləri

“Cromwell” və “Sherman” hər biri beş nəfərlik heyətə malik idi: tank komandiri, tuşlayıcı, sürücü, doldurucu və radio operatoru. Bundan əlavə, hər tank ayrıca radio cihazı ilə təchiz olunmuşdu ki, bu da tank bölmələrinin ayrılıb, fərdi manevrlər və ayrıca tapşırıqlar yerinə yetirməsinə imkan verirdi.

Müharibənin əvvəlindəki T-34 tankları isə dörd nəfərlik heyətlə fəaliyyət göstərirdi: həm komandir, həm də doldurucu kimi fəaliyyət göstərən tank komandiri, tuşlayıcı, sürücü və pulemyotçu/radio operatoru. Bu isə tank komandirinin birdən çox vəzifə daşımasına səbəb olurdu. Bəzən tank bölməsinin komandiri olduğu halda üç vəzifəni də eyni anda yerinə yetirirdi.

Üstəlik, müharibənin əvvəlində adətən yalnız komandir tanklarında radio cihazları mövcud idi. Bu səbəbdən əmrlər bölmə komandirləri tərəfindən şifahi və ya siqnal bayraqları ilə digər tanklara ötürülürdü.

Nəticə olaraq, Sovet tank bölmələri adətən birlikdə hərəkət edirdi və dəyişən əmrlərə tez reaksiya verə bilmirdilər. T-34 tankının dar və narahat qülləsi də heyət üçün ciddi erqonomik problemlər yaradırdı.

Zireh

“Sherman” və “Cromwell” tanklarında ön hissədə təxminən üç düym qalınlığında zireh mövcud idi, yan və arxa hissələrdə isə bu müdafiə daha zəif idi. 1941-ci il model yüngül T-34 tankı isə cəmi 45-60 millimetr qalınlığında zirehlə təchiz olunmuşdu, lakin bu zireh 60 dərəcə bucaq altında əyilmiş olduğuna görə effektivlik baxımından oxşar nəticələr verirdi.

Bu zireh səviyyəsi tankları müharibənin əvvəlindəki alman 37 millimetrlik və 50 millimetrlik toplarından, habelə az sürətli 75 millimetrlik haubitsalardan gələn ön hücumlardan qorumağa kifayət edirdi. T-34 xüsusilə 1941-ci ildə döyüş meydanında peyda olduqda böyük səs-küy yaratdı və Sovet İttifaqına qarşı həyata keçirilən dağıdıcı alman hücumuna qarşı əhəmiyyətli problemlər yaratdı.

Lakin 1942-ci ildən edibarən uzun lüləli 75 millimetrlik alman topları döyüş meydanında yayılmağa başladı və T-34 ilə “Sherman” tanklarını asanlıqla deşə bilirdi. İronikdir ki, “Tiger” və “Panther” tanklarında istifadə edilən daha ağır silahlar əslində müttəfiq tanklarının zirehinə qarşı “aşırı güc” nümayiş etdirirdi.

Yaxşı dizayn edilmiş tanklar bəzən deşici zərbələrə dözə bilir. “Sherman” isə zərbədən sonra sursatlarının alışıb yanması ilə tanınırdı. Bu səbəbdən “W” və ya “Wet-Storage” modelləri istehsal olundu, burada sursatlar su ilə izolyasiya olunmuş bölmələrdə saxlanırdı və alışma halları əhəmiyyətli dərəcədə azaldıldı.

T-34 heyəti isə fərqli bir problemlə üzləşirdi: tankın istiliklə möhkəmləndirilmiş poladı dəlib keçilməyən zərbələrdən sonra belə ölümcül qəlpələrə parçalanaraq içəri yayılırdı.

Silahlanma və Təkmilləşdirmələr

“Sherman”, T-34 və “Cromwell” tanklarının hamısı oxşar orta kalibrli toplarla təchiz olunmuşdu. “Sherman” və “Cromwell”lərin əksəriyyəti 38 kalibrli 75 millimetrlik topla silahlanmışdı, T-34 isə 1941-ci ildən 41 kalibrli 76 millimetrlik top istifadə edirdi. Bu toplar səngərdə gizlənmiş piyadalara qarşı effektiv idi və hətta içərisində çoxsaylı metal hissəciklər olan mərmilərlə atəş açaraq geniş sahədə təsir göstərən “saçma effekti” yarada bilirdi.

Zirehdə deşici mərmilər alman “Panzer III”, “IV” və onların qülləsiz hücum versiyalarını deşməkdə kifayət qədər effektiv idi, lakin “Tiger” və “Panther” tanklarının qalın ön zirehlərinə qarşı demək olar ki, gücsüz idilər. Bir döyüşdə üç “Tiger” tankı bir batalyon “Cromwell”in üzərinə gedərək iyirmidən çox tankı məhv etmişdi.

Erkən modellərdən olan “Cromwell I” tankları daha yüksək zirehdə deşmə qabiliyyətinə malik 57 millimetrlik “6-pounder” topları ilə silahlanmışdı. Lakin bu toplar canlı qüvvəyə qarşı mərmilərdən məhrum idi, bu səbəbdən 75 millimetrlik modellər daha sonra qəbul olundu. Sovetlər də təcrübə məqsədilə bir neçə yüz T-34 “tank ovçusu” modellərində 57 millimetrlik top yerləşdirmişdilər.

1944-cü ildə “Tiger” və “Panther” problemlərini həll etmək məqsədilə “Sherman” və T-34 tanklarının daha güclü silahlanmış versiyaları meydana çıxdı. T-34/85 modeli daha ağır 85 millimetrlik topa malik idi və bu top canlı qüvvəyə qarşı tətbiq baxımından daha öldürücü partlayış effekti yaradırdı. Bu model həm də beşinci heyət üzvü və daha zirehli qüllə ilə təchiz olunmuşdu.

M4A3E8 “Easy 8” “Sherman” tankı 76 millimetrlik topa malik idi ki, bu da standart deşici mərmilərlə orta səviyyədə yaxşılaşdırılmış zirehdə nüfuzetmə gücü təmin edir və az sayda olsa da yüksək sürətli sərt metal ərintisindən hazırlanmış mərmilərlə çox yüksək nüfuzetmə gücü əldə edilirdi. Lakin bu 76 millimetrlik top canlı qüvvəyə qarşı tətbiq baxımından daha zəif effektə malik idi.

Böyük ehtimalla İkinci Dünya Müharibəsinin ən yaxşı təkmilləşdirilmiş “Sherman” modeli Britaniyanın istehsal etdiyi “Sherman Firefly” idi. Bu tank güclü 3 düymlük “17-pounder” topla təchiz olunmuşdu. “Cromwell” tankının “17-pounder” ilə təkmilləşdirilməsi cəhdi isə zəif zirehli və balanssız “Challenger” tankı ilə nəticələndi. Bu tank Normandiya döyüşündə iştirak etdikdən sonra tələsik surətdə xidmətdən çıxarıldı.

Hər üç tank həm canlı qüvvəyə qarşı döyüş, həm də zirehli hədəfləri nişan almaq üçün gövdə və qülləyə quraşdırılmış əlavə pulemyotlarla təchiz olunmuşdu. Yalnız “Sherman” tankında qüllədə hava hücumlarına qarşı ağır .50 kalibrli pulemyot da mövcud idi.

Hərəkətlilik və Etibarlılıq

“Sherman” və T-34 tankları müvafiq olaraq saatda 28 və 32 mil sürətə çata bilirdi ki, bu dövr üçün çox yaxşı göstərici sayılırdı. “Cromwell”in əsas fərqləndirici xüsusiyyəti isə onun 40 mil/saat sürətə malik olması idi ki, bu da tankın böyük boşluqlardan “tullanaraq keçməsinə” belə imkan verirdi.

T-34-ün “Christie” asqı sistemi xüsusilə Şərq Cəbhəsindəki qar və palçıq kimi ağır şəraitdə keçid imkanları ilə seçilirdi. Buna qarşılıq olaraq “Sherman”ın nisbətən ensiz tırtılları çətin ərazilərdə hərəkət etməyi çətinləşdirirdi, halbuki T-34, “Cromwell” və alman tanklarının tırtılları daha enli idi.

Digər tərəfdən, “Sherman” çox yaxşı edibarlılığı ilə tanınırdı, T-34 isə bəzən kobud şəkildə istehsal edildiyindən tez-tez texniki nasazlıqlara səbəb olurdu.

İstehsal

Rusiya İkinci Dünya Müharibəsində inanılmaz sayda - 84,000 T-34 tankı istehsal etdi. Elə sürətlə istehsal olunurdu ki, Stalinqradda tanklar zavodun xəttindən birbaşa döyüş meydanına göndərilirdi. Çelyabinsk şəhəri “Tankoqrad” adını almışdı. Burada 60,000-dən çox işçi tank yığımı ilə məşğul idi. Kütləvi istehsal iqtisadi səmərəliliyi artırdı, bir tankın qiyməti 269,000 rubldan 135,000 rubla düşdü, insan-əmək saatı isə 9,000-dən 3,200-ə endi.

ABŞ-nin güclü sənaye maşını 49,000 “M4” tankı istehsal etdi və bu 33-40 tonluq tankların əksəriyyəti Atlantik və Sakit okean vasitəsilə digər ölkələrə göndərildi. Onlardan minlərləsi Britaniya, Fransa, Çin və Sovet xidmətinə daxil oldu. “Sherman” tanklarının istehsalı nisbətən baha başa gəlirdi — təxminən 48,000 əmək saatı və 55,000 dollar və ya bu günün qiymətləri ilə təxminən 800,000 dollara yaxın.

Böyük Britaniya daha məhdud resurslara sahib olduğundan yalnız 6,000 “Cromwell” tankı istehsal etdi. Onlar əsasən kəşfiyyat alaylarında və məşhur 7-ci Zirehli Diviziyada istifadə olunurdu.

Bu arada, qorxulu alman “Tiger” tanklarının yığımı 300,000 əmək saatı tələb edirdi və hər “Tiger” tankı müttəfiq tankları arasında qorxu saçsa da, çoxu yanacaq çatışmazlığı və texniki nasazlıq səbəbindən itirilirdi. Daha yaxşı sayılan “Panther” isə 55,000 əmək saatı tələb edirdi.

Əsas nəticə budur ki, müttəfiq tankları kütləvi istehsal üçün və döyüşdə adi tapşırıqları effektiv yerinə yetirmək üçün layihələndirilmişdi. Onlar ən ağır silahlara qarşı dözmək və ya ən qalın zirehi deşmək üçün nəzərdə tutulmuşdu. 1944-cü ildə tətbiq edilən təkmilləşdirmələr alman ağır tankları ilə qarşılaşmada aşkarlanan zəif cəhətləri tədricən aradan qaldırdı.

Bəli, “Sherman” və ya T-34 tankları alman tanklarına qarşı döyüşlərdə üstünlük göstərən namizədlər deyildilər. Lakin bu tankları istehsal edən ölkələr müharibəni qazanmaq üçün sənaye potensiallarını məqsədyönlü şəkildə planlaşdırmışdılar.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: T-34   Britaniya   Cromwell  


Bizi "telegram"da izləyin