Cənubi Koreya “DeepSeek”in istifadəçi məlumatlarını Çinə sızdırdığını təsdiqləyib

2025/02/1740118006.jpg
Oxunub: 436     10:15     21 Fevral 2025    
Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) Çində yerləşən bir şirkət tərəfindən hazırlanmış süni zəka modeli “DeepSeek”in Cənubi koreyalı istifadəçilərin məlumatlarını “TikTok”un ana şirkəti “ByteDance”ə sızdırdığını açıqlayıb.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, PIPC Cənubi koreyalı istifadəçilərin məlumatlarının “DeepSeek” tərəfindən “üçüncü tərəflərə” göndərildiyini bildirib.

PIPC açıqlamasında qeyd edib: “DeepSeek”in “ByteDance” ilə əlaqə saxladığını təsdiqlədik”.

Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası bildirib ki, hansı məlumatların və nə dərəcədə ötürüldüyünü hələ müəyyənləşdirməyiblər.

PIPC daha öncə məlumat toplama üsulları ilə bağlı narahatlıqlar səbəbiylə ölkə daxilində “DeepSeek”in yüklənməsini müvəqqəti olaraq dayandırıb, lakin Cənubi Koreyanın şəxsi məlumatların qorunması qanunlarına uyğun olaraq tənzimləmələr edildikdən sonra qadağanın qaldırılacağını vurğulayıb.

Cənubi Koreyanın Xarici İşlər, Ticarət və Ətraf Mühit nazirlikləri də təhlükəsizlik baxımından daxili cihazlarda “DeepSeek”in istifadəsini qadağan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   DeepSeek   Çin  


Bizi "telegram"da izləyin