Ordu.az “Yahoo” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Danimarkanın yarımmuxtar ərazisi olan Qrenlandiyaya nəzarətdə yenidən maraq göstərməsindən sonra Danimarka Arktikada hərbi mövcudluğunu artırmaq üçün 14,6 milyard Danimarka kronu (2,05 milyard dollar) xərcləyəcək.
Tramp bu ay bildirib ki, Qrenlandiya ABŞ-nin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir və Danimarka strateji əhəmiyyətli Arktika adasına nəzarətdən imtina etməlidir.
On ildən artıqdır ki, müdafiə xərclərini ciddi şəkildə azaldan Danimarka ötən il 10 il ərzində ordusu üçün 190 milyard Danimarka kronu (26 milyard dollar) ayırıb və bunun bir hissəsi Arktikaya yönləndirilib.
Danimarka Qrenlandiyanın təhlükəsizliyinə və müdafiəsinə cavabdehdir, lakin geniş adada təhlükəsizlik qara dəliyi hesab edilən məhdud hərbi potensiala malikdir.
Müdafiə naziri Troels Lund Poulsen mətbuat konfransında bildirib ki, müqaviləyə 3 yeni Arktika dəniz gəmisi üçün maliyyə ayrılması, planlaşdırılan uzun mənzilli müşahidə təyyarələrinin sayının 4-ə çatdırılması və peyk müşahidəsi daxildir.
Siyasi partiyalar ilin birinci yarısında təqdim olunacaq sövdələşmədə Arktika üçün daha çox pul ayırmağa razılaşıblar.
Sevinc Əliyeva
Ordu.az