Trampı “sülh göyərçini” adlandırmaq mümkündür? – İran ətrafında halqa sıxılır

2025/01/9aa29-1737791300.jpg
Oxunub: 849     16:31     25 Yanvar 2025    
İsrail KİV-ləri bildirir ki, ötən gün ABŞ-nin yeni təyin olunmuş dövlət katibi Marko Rubio ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında ilk telefon danışığı baş tutub. Yəhudi mənbələri Dövlət Departamentinin rəsmi nümayədəsi Temmi Bryusun yazılı açıqlamasına istinad edərək, Rubionun İsrailə sarsılmaz dəstəyin ABŞ-nin bir nömrəli prioriteti olduğunu vurğuladığını bildirirlər.

ABŞ dövlət katibi İsrailin Baş nazirini HƏMAS və “Hizbullah”a qarşı mübarizədə uğurları münasibətilə təbrik edib və Qəzzada bütün israilli məhbusların azad edilməsi üçün səyləri davam etdirəcəyinə söz verib. Dövlət Departamentinin rəsmi açıqlamasına görə, tərəflər İrandan gələn təhdidləri də müzakirə ediblər və bu çağırışların həlli üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Daha əvvəl də qeyd etdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp artıq öz təbliğat və siyasi hədiyyəsini bu ərazilər üçün ABŞ-nin rəsmi dilində “İordan çayının qərb sahili” əvəzinə “İudeya və Samariya” adından istifadə edəcəyinə söz verərək çatdırıb. Beynəlxalq hüquq nöqteyi-nəzərindən bu ərazilər Fələstin Milli Administrasiyasının idarəetməsinə tabedir və gələcək müstəqil Fələstin dövlətinin yurisdiksiyasında qalmalı olduğu düşünülür.

Lakin İsrail İudeya və Samariyada yəhudi yaşayış məntəqələri inşa edib. ABŞ prezidentinin “İudeya və Samariya” adının tanınması barədə bəyanatından bir gün sonra İsrail “Dəmir divar” kod adı ilə həmin ərazilərdə xüsusi əməliyyatlara başlayıb. Bundan əvvəl mətbuatda Fələstin polisinin İsraillə razılaşaraq, İordan çayının qərb sahilində onlarla yaşayış məntəqəsində antiterror əməliyyatları keçirdiyi barədə məlumatlar yayılmışdı.

Son günlər bu razılaşma ləğv edilib. Netanyahu bununla bağlı bəyan edib ki, İsrail İranın şər oxuna qarşı ekzistensial mübarizə aparır və onu harada olursa-olsun məhv etməlidir. Netanyahu Trampa andiçmə mərasimi münasibətilə videomüraciət göndərib və “İranın nüvə proqramını məhv etmək” üçün birgə səylər göstərməyi təklif edib. Rubio Netanyahunu faktiki olaraq əmin edib ki, Birləşmiş Ştatlar İsrailin Yaxın Şərqdəki vəziyyətlə bağlı qiymətləndirməsini bölüşür və həmçinin təhlükələrin İrandan qaynaqlandığını qəbul edir.

O, həmçinin İsraillə birgə səylərlə bu çağırışlara cavab vermək əzmini ifadə edib. Tramp eyni zamanda beynəlxalq ictimaiyyəti əmin edib ki, o, müharibələrə son qoymaq və münaqişənin həllinə nail olmaq üçün Ağ Evə qayıdıb. Birləşmiş Ştatların yeni prezidentinin Panama kanalını hərbi güc yolu ilə geri qaytarmaq və ya Kanadanı ABŞ-nin ştatına çevirmək niyyəti barədə açıqlamaları fonunda, təbii ki, Trampı “sülh göyərçini” adlandırmaq çox çətindir.

Rubionun İsrailin Baş naziri ilə telefon danışığına dair rəsmi açıqlamada diqqət çəkən məqamlar ABŞ-nin İran məsələsində siyasi nizamlanmaya nail olmaq arzusunun ən azından az olduğuna işarə edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin