Rusiya hansı razılaşma ilə Fars körfəzinə çıxış əldə edir? – Lavrov-Fidan danışıqlarından Detallar

2025/01/1737788556.jpg
Oxunub: 509     11:28     25 Yanvar 2025    
Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatından da belə qənaətə gəlmək olar ki, təşəbbüs Moskvaya məxsus olub.

İstənilən halda, qarşı tərəfin təşəbbüsü ilə edilən zənglərdə Rusiya tərəfi həmişə zəngin qarşı tərəfin təşəbbüsü olduğunu bildirir. Bu halda belə bir vurğu yoxdur. Təmasın kimin təşəbbüsü ilə baş verdiyi sözsüz ki, ən vacib olmasa da, vacib detaldır. Əhəmiyyətli olan təbii ki, həmişə məzmundur və bu baxımdan açıqlamada Suriyadakı vəziyyət vurğulanır.

Hər halda, digər mövzularla bağlı çox qısa bir ifadə var ki, onlar həm Suriya, həm də beynəlxalq və regional gündəmdəki digər mövzularda təmasda olmaq barədə razılığa gəliblər. Sergey Lavrov-Hakan Fidan telefon danışığı Rusiya ilə İran arasında strateji sazişin imzalanmasından sonra baş tutub. Bundan əvvəl də Lavrovun Moskvada Ermənistan xarici işlər naziri ilə görüşü və bəzi Ermənistan-Rusiya razılaşmalarını əks etdirən bir sıra bəyanatlar baş verib.

Həmin razılaşmaların məzmununun və belə demək mümkündürsə, müddətinin necə olduğunu söyləmək çətindir, lakin Lavrovun Ermənistana səfərini elan etməsi və Ermənistan xarici işlər nazirinin Moskvada keçirdiyi mətbuat konfransında Rusiya-İran sıx əməkdaşlığının vacibliyini vurğulaması özlüyündə rəmzi xarakter daşıyır. Xüsusilə, müzakirənin nəticəsi ətraflı açıqlanmasa da, Zəngəzurda Rusiya konsulluğunun açılması məsələsinin gündəmə gəlməsi diqqət çəkir.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Lavrov və Mirzoyanın Moskvada bağlı qapılar arxasında 3 saatdan çox səmimi söhbət etdiyini açıqlayıb. Lavrov o söhbətlə bağlı Fidana nəsə çatdırıb, yoxsa İranla razılaşmadan sonra Moskvada sadəcə olaraq müəyyən özünəinam yaranıb? Hər halda açıqlamada qeyd olunur ki, söhbət zamanı Suriyadakı vəziyyətin həllində bütün vətəndaşların hüquqlarının qorunmasının vacibliyi vurğulanıb.

Görünür, bütün vətəndaşlar ifadəsinin altında Moskva öz maraqlarını nəzərdə tutur. Bu günlərdə Rusiyanın Suriyada hərbi mövcudluğu məsələsinin müzakirə olunduğu barədə məlumatlar yayılıb. Eyni zamanda, Suriyanın yeni hökumətinin Tartus limanının idarə olunması ilə bağlı Rusiya ilə razılaşmanı ləğv etdiyi barədə də məlumatlar var idi.

Xatırladaq ki, Rusiyanın Tartusda hərbi bazası, dəniz bazası var ki, bu da Afrika üçün logistik bazadır. Bəlkə də burada qeyd etmək yerinə düşər ki, Rusiya-İran razılaşmasına əsasən, tərəflər bir-birinin hərbi dəniz bazalarına daxil olmaq hüququ əldə edirlər. Bu o deməkdir ki, Rusiya İran vasitəsilə Fars körfəzinə logistik çıxış əldə edə bilər.

Bu, Moskvaya Suriya məsələsində Ankaraya şərt qoymağa imkan verirmi?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə   Fars-körfəzi  


Bizi "telegram"da izləyin