Bu məzmunda “Eurofighter Typhoon”un tarixindən texniki xüsusiyyətlərinə, əməliyyat uğurlarından rəqibləri ilə müqayisəsinə qədər geniş perspektiv təqdim edəcəyik. Məqsədimiz son zamanlar Türkiyənin satınalma planlaması ilə kifayət qədər populyarlaşan bu döyüş təyyarəsini həm texniki, həm də strateji aspektləri ilə tanış edərək, oxucularımıza dərindən məlumat verməkdir.
Tarix və İnkişaf Prosesi
İlk uçuşunu 1994-cü ildə edən “Eurofighter Typhoon” müasir döyüş doktrinalarına uyğun olaraq çox missiya qabiliyyətləri, qabaqcıl avionikləri və təsirli performansı ilə seçilir.
“Eurofighter Typhoon”un inkişaf etdirilmə hekayəsi Soyuq müharibədən sonrakı dövrün müdafiə ehtiyacları və Avropa ölkələrinin əməkdaşlıq strategiyaları ilə sıx bağlıdır. 1980-ci illərin əvvəllərində Qərbi Avropa ölkələri qabaqcıl hava üstünlüyünə malik təyyarənin yaradılması üçün birgə səylərə başlamaq qərarına gəldilər.

Bu təşəbbüs Britaniya, Almaniya, İtaliya və İspaniyanın müdafiə sənayesini birləşdirən “Eurofighter” Konsorsiumunun yaradılması ilə nəticələndi. Konsorsiumun məqsədi gələcək hava döyüş tələblərinə cavab verəcək çoxməqsədli döyüş təyyarəsi istehsal etmək idi.
Birgə İstehsal və Dizayn Prosesi
“Eurofighter” layihəsi ölkələr arasında tapşırıqların paylaşılmasına əsaslanan
sistem vasitəsilə idarə olunub:
- Britaniya (BAE Systems): Gövdə dizaynı və avionik inteqrasiyası.
- Almaniya (Airbus Defence): Qanad strukturları və proqram təminatı inkişaf etdirmə.
- İtaliya (Leonardo): Silah sistemlərinin inteqrasiyası.
- İspaniya (Airbus Military): Təyyarənin arxa gövdə hissəsi.
1986-cı ildə dizayn konsepsiyası EAP (Experimental Aircraft Programme) adlı prototipin hazırlanması ilə sınaqdan keçirilib. Bu sınaqlardan əldə edilən məlumatlar “Typhoon”un dizaynına birbaşa töhfə verib.
İlk Uçuş və Əməliyyat İstifadəsi
“Eurofighter Typhoon”un ilk uçuşu 1994-cü il martın 27-də baş verdi. Lakin mürəkkəb dizayn və qabaqcıl texnologiyaların inteqrasiyası prosesi səbəbindən təyyarənin kütləvi istehsalı və çatdırılması 2003-cü ilə qədər təxirə salındı. İlk əməliyyat uçuşları 2004-cü ildə həyata keçirildi. Zaman keçdikcə “Typhoon” istehsalçı ölkələrin hava qüvvələrinin inventarlarına qoşuldu və həm hava üstünlüyü, həm də yerüstü hədəflərin vurulması missiyalarında səmərəli istifadə olunmağa başladı.
“Typhoon”un inkişaf etdirilməsi təkcə döyüş təyyarəsi yaratmaq deyil, həm də Avropanın müdafiə sənayesində müstəqillik əldə etmək məqsədi daşıyırdı. Bu layihə Avropa ölkələri arasında texniki və sənaye əməkdaşlığının ən uğurlu nümunələrindən biri kimi göstərilir.
Dizayn və Texniki Xüsusiyyətlər
Bu bölmədə biz təyyarənin dizaynı, avionik sistemləri, performansı və silah avadanlıqlarına diqqət yetirəcəyik.
Gövdə və Aerodinamik Dizayn
“Typhoon” son dərəcə aerodinamik cəhətdən səmərəli delta-qanad və kanard dizaynına malikdir.
Bu dizayn:
Manevr Qabiliyyəti: Yüksək hündürlüklərdə və aşağı sürətlərdə belə üstün manevr qabiliyyətini təmin edir.
Sürət və Stabilizasiya: Supersəs sürətlərində sabit uçuş performansını təmin edir. “Typhoon” 2450 km/saat sürətə çatan dünyanın ən sürətli 4,5 nəsil döyüş təyyarələrindən biri olduğunu sübut edib.

Bundan əlavə, təyyarənin gövdəsi radarın görünmə qabiliyyətini minimuma endirən materiallardan hazırlanıb. Bu xüsusiyyət stels (radara görünməzlik) texnologiyaları qədər effektiv olmasa da, təyyarənin düşmən radarları tərəfindən aşkarlanmasını çətinləşdirir.
Performans Xüsusiyyətləri
“Eurofighter Typhoon”un performansı onu 4,5 nəsil döyüş təyyarələri arasında lider mövqeyə qoyur.
Əsas texniki xüsusiyyətlər bunlardır:
Uzunluq: 15.96 metr
Qanad Genişliyi: 10,95 metr
Maksimum Sürət: “Mach 2.0” (2450 km/saat)
Mənzil: 2900 km (xarici yanacaq çənləri ilə daha da artırıla bilər)
Maksimum Hündürlük: 65.000 fut (20.000 metr)
Dırmanma Sürəti: Dəqiqədə 315 metr
Mühərriklər
Təyyarə “Eurojet” EJ200 turbofan mühərrikləri ilə təchiz edilib. Hər bir mühərrik 90 kN-lik təkan gücü təmin edir.
Bu mühərriklər:
- Sürətli sürətlənmə və aşağı yanacaq sərfiyyatı təklif edir.
- Supersəs uçuşlarında “supercruise” qabiliyyətinə malikdir, yəni “afterburner”ə (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir – red.) ehtiyac olmadan supersəs sürətlərinə çata bilir. Bu, yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır.
Avionik və Sensor Sistemləri
“Eurofighter Typhoon” müasir döyüş meydanında üstünlüyü təmin etmək üçün qabaqcıl
sensorlar və avionik sistemlərlə təchiz edilib:
- ECR-90 CAPTOR Radarı: Qabaqcıl hədəf aşkarlama, izləmə və hücum qabiliyyəti təmin edir.
- DASS (Defensive Aids Sub-System): Radioelektron Mübarizə (REM), radar xəbərdarlığı qəbulediciləri və raket əleyhinə tədbir sistemlərini ehtiva edir.
“Helmet-Mounted Display” (HMD): Pilotlara situasiya məlumatlılığı təmin edən dəbilqəyə inteqrasiya olunmuş görüntüləmə sistemidir.
Silah Avadanlıqları
“Typhoon” geniş çeşidli silahları daşımağa qadirdir. Bu onu həm hava üstünlüyü, həm də quru və dəniz hücumları üçün istifadə edilə bilən çoxməqsədli platformaya çevirir.
- “Hava-Hava” Raketləri: AIM-120 AMRAAM, “Meteor”, AIM-9 “Sidewinder”.
- “Hava-Yer” Sursatları: “Storm Shadow” qanadlı raketi, “Paveway” lazerlə idarə olunan bombaları.
- Daxili Silah: 27 mm-lik “Mauser” BK-27 topu (hava döyüşündə kritik üstünlük).

“Typhoon” ümumilikdə 9 tona qədər döyüş sursatı daşıya və qanadının altındakı 13 xarici stansiya sayəsində eyni vaxtda geniş çeşiddə silah sistemlərindən istifadə edə bilir.
“Eurofighter Typhoon” Konfiqurasiyaları
“Eurofighter Typhoon”un inkişaf etdirilməsi və istismara verilməsi “Tranche” adlı istehsal blokları şəklində həyata keçirilib. Hər bir “Tranche” yeni texnologiyalar və əməliyyat imkanları əlavə etməklə, təyyarənin təkamülünü təmsil edir:
“Tranche 1”
- Xidmətə Daxil Olma: 2003
- Diqqət Nöqtəsi: Hava üstünlüyü missiyaları.
- Xüsusiyyətlər: Əsas “hava-hava” imkanları və məhdud “hava-yer” imkanları. Birinci istehsal “Tranche” adətən təlim və aşağı riskli missiyalar üçün istifadə olunur. Modernləşməyə ehtiyac daha yüksəkdir.
- Texnoloji Xüsusiyyətlər:
- CAPTOR-M mexaniki daramalı radarı
- “Fly-by-wire” uçuş idarəetmə sistemi
- AIM-120 AMRAAM və AIM-9 “Sidewinder” kimi “hava-hava” raketləri
- Məhdud “hava-yer” sursatı (Paveway)
“Tranche 2”
- Xidmətə Daxil Olma: 2008
- Diqqət Nöqtəsi: Çoxrollu missiyalar.
- Xüsusiyyətlər: Qabaqcıl sensor inteqrasiyası, daha geniş silah çeşidi və təkmilləşdirilmiş proqram imkanları. Bu “Tranche” “hava-yer” əməliyyatları üçün optimallaşdırılıb və müasir döyüş ssenariləri üçün daha uyğun quruluşa malikdir.
- Texnoloji Xüsusiyyətlər: “Brimstone” və “Storm Shadow” kimi qabaqcıl “hava-yer” sursatları
“Tranche 3”
- Xidmətə Daxil Olma: 2013
- Diqqət Nöqtəsi: Təkmilləşdirilmiş əməliyyat çevikliyi və davamlılıq.
- Xüsusiyyətlər: Daha güclü avionik sistemlər, müasir sensorlar və genişləndirilmiş yanacaq tutumu. Bundan əlavə, CAPTOR-E AESA Radarı inteqrasiyası və uzunmüddətli istifadə ömrü hədəflənib. “Tranche 3” təyyarələri gələcək texnologiyalara daha asan uyğunlaşdırıla bilən modulyar quruluşa malikdir.

“Meteor” Hava-Hava Raketi və CAPTOR-E AESA Radarının inteqrasiyası ilə “Typhoon Tranche 3” hava döyüşü qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb.
“Tranche 4”
Diqqət Nöqtəsi: Yeni nəsil təhlükələrə qarşı üstünlük əldə etmək.
Xüsusiyyətlər: Qabaqcıl avionik infrastruktur, artırılmış struktur dayanıqlığı və daha çox missiya uyğunlaşması. Bu “Tranche” “Typhoon”un gələcəyini təmsil edən və digər döyüş təyyarələri ilə rəqabətə davam etməyə imkan verən struktur kimi seçilir.

Hazırda “Typhon” istehsalı “Tranche 4” ilə davam edir. “Tranche 4” üçün yeni silah və pod inkişaf etdirmə fəaliyyətləri davam edir. 2030-cu ilə qədər Almaniya Hərbi Hava Qüvvələrinin (HHQ) “Eurofighter” təyyarələri “Typhoon-EK” adıyla REM üçün uyğun hala gətiriləcək. “Tranche 4” Türkiyənin də almağı planlaşdırdığı konfiqurasiyadır.
İstifadəçi Ölkələr və Əməliyyat Uğurları
İlk xidmət illərindən “Eurofighter Typhoon” bir çox ölkələrdə əməliyyat qabiliyyətli olaraq istifadə olunur və müasir hava qüvvələrinin əsasını təşkil edir. Həm hava üstünlüyü, həm də yerüstü hədəflərə qarşı dəqiq hücumlar üçün nəzərdə tutulmuş bu təyyarə çoxyönlü quruluşu sayəsində geniş missiyalar təklif edir.
İstifadəçi Ölkələr
“Typhoon”dan Britaniya, Almaniya, İtaliya və İspaniya da daxil olmaqla, bir çox ölkə istifadə edir. Bu günə qədər 9 ölkə tərəfindən 680 ədəd “Eurofighter Typhoon” sifarişi verilib, onlardan 603-ü təhvil verilib. İlk “Eurofighter” Almaniya HHQ-yə 2003-cü ildə təhvil verilib. 850.000-dən çox uçuş saatı ilə “Eurofighter Typhoon” Almaniya, Britaniya, İtaliya və İspaniya HHQ-lərinin əsasını təşkil edir.
İstifadəçi ölkələrin və onların parklarının əməliyyat töhfələri aşağıdakılardır:
Birləşmiş Krallıq: RAF (Royal Air Force) hava üstünlüyü və çəkindiricilik missiyaları üçün “Typhoon”dan səmərəli istifadə edir. Xüsusilə Baltik Hava Polisi Missiyasında və Suriyadakı əməliyyatlarda mühüm rol oynayıb.
Almaniya: Lüftvaffe (Almaniya HHQ) “Typhoon”un həm Hava Hücumundan Müdafiədə (HHM), həm də NATO missiyalarında fəal iştirakını təmin edir.

“Airbus” hazırda “Quadriga” adlı proqram çərçivəsində Mançinqdə Almaniya HHQ üçün 38 “Tranche 4 Eurofighter” istehsal edir. Şirkət 2025-2030-cu illər arasında 30 ədəd tək yerlik və 8 ədəd iki yerlik təyyarə təhvil verəcək. Bu yeni təyyarələrin Almaniya HHQ-nin inventarındakı ilk “Tranche Eurofighter”ləri əvəz etməsi planlaşdırılır.
İtaliya: İtaliya HHQ “Typhoon”dan Aralıq dənizi bölgəsində sərhəd təhlükəsizliyi və hərbi yardım əməliyyatlarında istifadə edib.
İspaniya: İspaniya HHQ xüsusilə HHM missiyalarında və NATO əməkdaşlıq missiyalarında “Typhoon”a üstünlük verir.
“Airbus”, həmçinin 2026-cı ildən 2030-cu ilə qədər İspaniya HHQ-yə “Halcon I” kimi tanınan proqram çərçivəsində 20 yeni “Tranche 4 Eurofighter” təhvil verəcək. 2023-cü il sentyabrın 12-də İspaniya hökuməti növbəti “Eurofighter” seriyası üçün xərcləri də təsdiqləyib. “Halcon 2” kimi tanınan bu seriya İspaniya HHQ üçün təxminən 25 “Eurofighter”dən ibarət olacaq.
“Eurofighter Typhoon”un 5 ixrac müştərisi Avstriya (15 təyyarə), Səudiyyə Ərəbistanı (72 təyyarə), Oman (12 təyyarə), Küveyt (28 təyyarə) və Qətərdir (24 təyyarə).
Layihənin başlanğıcından etibarən “Eurofighter Typhoon”un ümumi inkişaf etdirmə və istehsal xərclərinin 50 milyard avrodan çox olduğu təxmin edilir.
Türkiyənin “Eurofighter Typhoon” Tələbi
Türkiyə F-35 Proqramından ayrıldıqdan sonra hava üstünlüyü əldə etmək üçün “Eurofighter Typhoon” almağa qərar verdi. Türkiyənin satınalma planı 20+20 ədəd “Eurofighter Typhoon Tranche 4”dən ibarətdir.
Britaniya ilə tədarük danışıqları aparılır. “Eurofighter” Konsorsiumunun üzvləri olan Britaniya, İtaliya və İspaniya satınalmanı təsdiqləsə də, Almaniya birtərəfli blok tətbiq edib. Lakin yaxın gələcəkdə Almaniyanın bu münasibətinin yaxşılaşacağı gözlənilir.
Əməliyyat Uğurları
“Typhoon”dan həm hərbi təlimlərdə, həm də real əməliyyatlarda istifadə olunub:
Liviya Əməliyyatı (2011): “Typhoon” NATO-nun HHM əməliyyatında və müxtəlif yer hədəflərini vurma missiyalarında iştirak edib.
Baltik Hava Polisi Missiyası: Baltikyanı ölkələrdə Rusiyanın hava məkanını pozma fəaliyyətlərinə qarşı hava üstünlüyünü təmin etmək üçün istifadə edilib və istifadə edilir.
Suriya Əməliyyatları: “Typhoon” Britaniya və İtaliya tərəfindən İŞİD hədəflərinə qarşı hava hücumlarında istifadə edilib.
Britaniya Əməliyyatları: Britaniya müxtəlif əməliyyatlarda Cənubi Kiprdəki aviabazalarda yerləşdirilmiş “Typhoon” təyyarələrindən daim istifadə edir.
Müqayisələr
“Eurofighter Typhoon” qabaqcıl texnoloji infrastrukturu və çoxfunksiyalı strukturu ilə müasir döyüş təyyarələri arasında özünəməxsus yerə malikdir. Ancaq döyüş təyyarələri bazarındakı digər güclü rəqiblərlə müqayisədə onun bəzi üstünlükləri və məhdudiyyətləri daha aydın görünür. Bu bölmədə biz “Typhoon”u aparıcı rəqibləri ilə müqayisə edəcəyik və onun gələcək potensialını qiymətləndirəcəyik.
F-35 “Lightning II” (“Lockheed Martin”, ABŞ)
Üstünlükləri:
- 5-ci nəsil döyüş təyyarəsi olan F-35 “Typhoon” ilə müqayisədə daha təkmil stels (radara görünməlik) texnologiyasına malikdir.
- Qabaqcıl sensor birləşməsi və məlumat mübadiləsi imkanları daha mürəkkəb missiyalarda üstünlük təmin edir.
- Şaquli enmə-qalxma (STOVL) qabiliyyəti olan konfiqurasiyası dəniz əməliyyatlarında böyük üstünlükdür.
“Typhoon”un Güclü Tərəfləri:
- F-35 stels yönümlü dizaynına görə manevr qabiliyyəti baxımından “Typhoon”dan geri qala bilər.
- “Typhoon”un supersəs sürətlərində “supercruise” qabiliyyəti F-35-in “afterburner” tələbi ilə müqayisədə daha üstündür.
- Əməliyyat xərcləri F-35-dən daha aşağıdır.
“Dassault Rafale” (Fransa)
Üstünlükləri:
- “Rafale” xüsusilə çoxfunksiyalı əməliyyatlarda “Typhoon”a oxşar çeviklik təklif edir.
- Fransa istehsalı olan SCALP qanadlı raketi və nüvə zərbə qabiliyyəti strateji üstünlük təmin edir.
“Typhoon”un Güclü Tərəfləri:
- Daha güclü mühərrikləri sayəsində daha yaxşı sürətlənmə və dırmanma performansına malikdir.
- Konsorsiumun dəstəyi sayəsində modernləşdirmə və texniki xidmət infrastrukturu daha geniş şəbəkə tərəfindən dəstəklənir.
“Sukhoi Su-35” (Rusiya)
Üstünlükləri:
- “Su-35” yüksək manevr qabiliyyəti ilə seçilir.
- Daha aşağı qiymətə alternativ olaraq bazarda rəqabət üstünlüyünə malikdir.
“Typhoon”un Güclü Tərəfləri:
- “Su-35” müasir REM sistemlərində “Typhoon”dan geri qalır.
- NATO ölkələri üçün inteqrasiya və logistika üstünlüyü təmin edir.
“Typoon” istehsalının davam etməsi üçün “Eurofighter” Konsorsiumunun üzvləri “Tranche 5” adlı gələcək konfiqurasiyanın istehsalı ilə bağlı razılığa gəlməlidirlər. Əks halda, “Eurofighter” istehsalı 2030-cu ildə dayandırılacaq.
Tez-Tez Verilən Suallar
“Eurofighter Typhoon”un mənzili nə qədərdir?
“Typhoon”un mənzili 2900 km-dir, lakin xarici yanacaq çənləri ilə daha uzun mənzillərə çata bilir.
Türkiyə niyə “Eurofighter Typhoon”u seçdi?
F-35 proqramından çıxarıldıqdan sonra hava üstünlüyü ehtiyaclarını qarşılamaq üçün çoxməqsədli təyyarə axtarışında olan Türkiyə “Eurofighter Typhoon”u inkişaf etmiş performans xüsusiyyətləri və “Tranche 4” konfiqurasiyası ilə qiymətləndirib.
“Eurofighter Typhoon”dan neçə ölkə istifadə edir?
“Typhoon”dan başda Britaniya, Almaniya, İtaliya və İspaniya olmaqla, 9 ölkə istifadə edir.
“Eurofighter Typhoon”un maksimal sürəti nə qədərdir?
“Mach 2” sürətinə çata bilən “Typhoon” maksimum 2450 km/saat sürətlə uça bilir.
Hansı mühərriklərdən istifadə olunur?
“Eurofighter Typhoon” 2 ədəd “Eurojet” EJ200 mühərriki ilə təchiz edilib.
“Eurofighter Typhoon”dan hansı növ missiyalarda istifadə olunur?
Həm hava üstünlüyü, həm də quru və dəniz hədəflərinə qarşı çoxməqsədli əməliyyatlarda istifadə olunur.
Dəyanət Ağalarlı
Ordu.az