Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Yerli mətbuatda yer alan xəbərlərə görə, Nigerin müdafiə naziri general Salifu Modi bölgədəki terror qruplaşmaları ilə mübarizə aparmaq üçün AES ölkələri ilə 5 min nəfərlik birgə əməliyyat qrupu quracaqlarını açıqlayıb.
Nazir qeyd edib ki, hava elementləri və kəşfiyyat bölmələrinin daxil olacağı əməliyyat qrupu bir neçə həftə ərzində öz işinə başlayacaq.
Qonşu Burkina-Faso, Mali və Niger 2023-cü ilin sentyabrında AES-i qurub. Bu 3 ölkə 2024-cü il yanvarın 28-də Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) çıxacaqlarını açıqlayıb.
2024-cü il dekabrın 16-da Nigeriyanın paytaxtı Abucada keçirilən ECOWAS-ın Dövlət və Hökumət Başçılarının 66-cı Sammitində üç ölkənin ittifaqdan çıxmaq qərarı rəsmən təsdiqlənib.
ECOWAS-a üzvlük müddəti 2025-ci il yanvarın 29-da başa çatacaq üç ölkə 2025-ci il iyulun 29-na qədər davam edəcək keçid dövründə fikrini dəyişsə, yenidən birliyə qoşula biləcək.
Sevinc Əliyeva
Ordu.az