Yaxın gələcəkdə nə gözlənilir? Maraqlıdır ki, əvvəlki müqavilə 2001-ci ildə imzalanıb, lakin iki il sonra, 2003-cü ildə ratifikasiya edilib və qüvvəyə minib. 2013-cü ildə müqavilə nəzərdə tutulduğu kimi daha 5 il müddətinə uzadılıb. Belə çıxır ki, son 5 ildə İran və Rusiya arasında münasibətlərə dair hüquqi və müqavilə tənzimləmələri olmayıb, hazırda da yoxdur.
Yeni müqavilə tərəflərin parlamentləri tərəfindən nə vaxt ratifikasiya olunacaq ki, onun normaları qüvvəyə minsin? Rusiya mətbuatındakı bir sıra nəşrlərə əsasən, Moskvanın İran tərəfi ilə bağlı narahatlığı var. Üstəlik, bəzi ekspert materiallarından da anlaşıldığı kimi, Rusiya İran elitasının həm mühafizəkar, həm də islahatçı qanadlarına şübhə ilə yanaşır.
Bəzi rusiyalı ekspertlərin fikrincə, son illər İranda tarixi yaddaşa çox tez-tez müraciət edilir. Rusiyanı tarixi İran torpaqlarının fatehi hesab edən siyasi qruplar var. Söhbət təxminən 200 il davam etmiş Rusiya-İran müharibəsindən gedir. Bu müharibə Türkmənçay müqaviləsinin imzalanması ilə başa çatıb və bütün Cənubi Qafqaz Rusiyanın hakimiyyəti altına keçib.
Rusiya mətbuatının qeyd etdiyi kimi, İranda SSRİ tərəfindən ölkənin şimal rayonlarının işğal edilməsi, “sovetləşdirilmiş Azərbaycan”ın ayrılması cəhdləri haqqında xatirə də təzədir. Bəzi ekspertlərin fikrincə, İranın siyasi elitasının islahatçı qanadı İranın Vladimir Putinin ABŞ-nin yeni prezidenti ilə danışıqlarında piyadaya çevrilə biləcəyindən dərin narahatdır. Eyni ehtiyatlılıq, lakin əks məntiqlə Rusiyada da mövcuddur. Orada da istisna etmirlər ki, İranın qərbyönlü qüvvələri Rusiya ilə strateji əməkdaşlıqdan imtina müqabilində Qərbin sanksiyalarının yumşaldılmasına nail ola bilərlər.
Bəlkə də İran prezidenti Məsud Pezeşkian Putinlə keçirdiyi mətbuat konfransında İranla bağlı qeyd-şərtləri tamamilə aradan qaldırmağı bacardığını söyləyərkən, bunu nəzərdə tutur. Lakin o, narahatlıqlarının qarşılıqlı şəkildə aradan qaldırıldığını söyləməyib.
Əgər Rusiya-İran sazişinin imzalanmasını obyektiv qiymətləndirməyə çalışsaq, məlum olacaq ki, nə Moskvada, nə də Tehranda bunun nə vaxt ratifikasiya olunacağı və qüvvəyə minəcəyi, hansı yol xəritəsi və qrafik əsasında, hansı resurslar hesabına nəzərdə tutulan proqramların icrasına başlanacağı barədə dəqiq təsəvvür yoxdur. Təxminən 10 ildir ki, tərəflər Sankt-Peterburq-Fars körfəzi dəmir yolunu tamamlamalı olan 162 km-lik Rəşt-Astara dəmir yolunun İran ərazisində tikintisi ilə bağlı yekun razılığa gələ bilmirlər.
Xüsusilə müdafiə və təhlükəsizlik, iki ölkənin xüsusi xidmət orqanları arasında məlumat mübadiləsi və digər sahələrdə strateji əməkdaşlıq səviyyəsinə çatmaq məsələsindəki çətinlikləri nəzərə alaraq demək olar ki, 17 yanvar Rusiya-İran müqaviləsi daha çox və hər şeydən əvvəl siyasi manifestdir, beynəlxalq siyasətin nüfuzlu oyunçularına “böyük oyun”da tərəflərin hər birinin öz maraqlarına xidmət etməyə çalışacağı mesajıdır.
İran daha əvvəl Çinlə strateji əməkdaşlıq müqaviləsi imzalasa da, son illər tərəflər arasında ciddi yaxınlaşma baş verməyib. Rusiya mətbuatı yeni müqavilənin “tam hüquqlu hərbi ittifaq yolunda mühüm addım” olduğuna eyham vurur. Görünür, Moskva Tehrana belə bir təklif edib, lakin İran tərəfi ehtiyatlı davranıb.
Təsadüfi deyil ki, İran prezidentinin Moskvaya səfəri günü ABŞ-nin yeni seçilmiş prezidentinin komandası onun adından belə bir mesaj dərc edib: “Biz İran xalqına pis heç nə arzu etmirik və orada hakimiyyəti dəyişmək niyyətimiz yoxdur. Amma İranın nüvə silahı olmamalıdır”.
Asif Cəfərov
Ordu.az