Qərbi Azərbaycan Xronikası: Ərazisi 5 dəfə bölünüb birləşdirilən rayon

2024/06/16add-1718860878.jpg
Oxunub: 242     23:19     19 İyun 2024    
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə əhalisi daim işgəncələrə məruz qalan, yaşayış məskənləri viran qoyulan Vedi rayonu haqqında süjet hazırlanıb.

Ordu.az xəbər verir ki, “Ərazisi 5 dəfə bölünüb birləşdirilən rayon” adlı süjetdə ermənilərin mərhələ - mərhələ gerçəkləşdirdiyi qeyri-insani siyasət nəticəsində azərbaycanlıların min illər boyu yaşadığı tarixi – etnik torpaqlarından didərgin salınmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Vedibasar mahalında, Türkiyə ilə sərhəddə dağarası düzənlik olan Ağrı vadisində yerləşən Vedi XVII əsrə kimi böyük yaşayış məntəqəsi olub. XIX əsrin əvvəlində burada, təxminən, 250 ailə yaşayıb və bunların 95%-i azərbaycanlılar, 5%-i isə ermənilər olub. Rusiya-İran müharibəsindən sonra imzalanan Türkmənçay müqaviləsinə əsasən Vedi 1828-ci ildən Rusiya İmperiyasının işğalı altına keçib və dərhal bura ermənilər yerləşdirilib. XX əsrin əvvəllərində rayon Andranikin daşnak dəstələrinin hücumuna məruz qalıb. 1918-ci ildə Vedi Ermənistanın tərkibinə daxil edilib. 1918-1920-ci illərdə azərbaycanlılar vəhşicəsinə qovulduqdan sonra bura Türkiyə və İrandan gətirilən ermənilər yerləşdirilib. 1922-ci ildə burada 1 504 azərbaycanlı, 453 erməni, 1926-cı ildə 1 545 azərbaycanlı, 261 erməni, 1931-ci ildə 1 254 azərbaycanlı, 214 erməni yaşayıb.

Qeyd olunur ki, mühüm strateji ərazidə yerləşən Vedi rayonu dəfələrlə ermənilərin məkrli siyasətinə, tez-tez ərazi inzibati dəyişikliklərinə məruz qalıb. 1930-cu il sentyabrın 9-da Böyük Vedi inzibati rayonu yaradılıb və 1946-cı ildə Vedi adlandırılıb. 1968-ci il mayın 5-də Vedi rayonunun adı yenidən dəyişdirilərək Ararat rayonu edilib. 1988-ci ilin noyabr ayında azərbaycanlılar sonuncu dəfə qovulduqdan sonra rayon üzrə 28 tarixi yer adları dəyişdirilib. 1995-ci ildə mərkəzi Qəmərli, yəni Artaşat olan Ararat mərzliyi yaradılıb. Qərbdən Türkiyə, cənubdan Azərbaycanla sərhəddə yerləşən mərzliyə Vedi, yəni Ararat, Qəmərli, yəni Artaşat, Zəngibasar, yəni Masis rayonlarının əraziləri daxil edilib.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın bir parçası sayılan Vedi rayonu da “etnik təmizləmə” və “türksüz Ermənistan” siyasətinin haqsız qurbanı olub: “Təbii ki, bu haqsızlıq əbədi ola bilməz və artıq zaman dəyişib. Ermənilər yürütdükləri çirkli siyasətin tələsinə düşüblər. Qərbi azərbaycanlılar isə doğma yurda qayıdışı səbirsizliklə gözləyirlər”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş iyunun 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.