Azərbaycan millisi Çövkən üzrə dünya çempionatının qalibi olub - VİDEO+FOTOLAR

2024/06/49_de-1718642941.jpg
Oxunub: 524     20:45     17 İyun 2024    
İyun ayının 16-da Binə Atçılıq Mərkəzində Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə Çövkən üzrə dünya çempionatının finalı və bağlanış mərasimi keçirilib.

Bu barədə Ordu.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.


Tədbirin ilk hissəsində Qarabağ atlarının Böyük Britaniyada “Vindzor Kral Atçılıq Şousu”nda, Türkiyə və İsveçrədə nümayiş etdirdiyi möhtəşəm şou-kompozisiya, Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və rəqs ansamblının xüsusi çıxışı, nümunəvi orkestrimizin ifasında ecazkar milli musiqimiz yüksək səviyyədə tamaşaçılara təqdim edilib.

Daha sonra Çövkən üzrə dünya çempionatında komandalar arasında növbəti mübarizə baş tutub və qarşılaşmanın nəticəsinə uyğun olaraq Nigeriya komandası Özbəkistan millisini 3-1 hesabı ilə məğlub edərək 3-cü yerin sahibi olub.

Finalda isə Azərbaycan yığması mərakeşli rəqibləriylə qarşılaşıb. Matç milli çövkənçilərimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb, komandamız mundialı zirvədə tamamlayaraq Çövkən üzrə dünya çempionu ünvanına layiq görülüb.

Sonda qalib komandaların mükafatlandırma mərasimi keçirilib.

Mundialı ikinci yerdə tamamlayan Mərakeş yığmasına fəxri fərman və medalları Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, dünya çempionu ünvanına layiq görülən millimizə isə çempionatın kubokunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev təqdim edib.

Bununla da ölkəmizdə keçirilən Çövkən üzrə dünya çempionatı başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Dünya-çempionatı  


Bizi "telegram"da izləyin