SƏS Media Qrupu və UNEC Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib - FOTOLAR

2024/06/tedbi-1718199496.jpg
Oxunub: 184     17:17     12 İyun 2024    
SƏS Media Qrupu və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Ordu.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin, Vətən müharibəsində canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ictmai-siyasi xadimlər, tələbələr və media nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov 15 iyun Qurtuluş Gününün tarixi barədə danışaraq, günün əhəmiyyətini vurğulayıb: “Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra sübut etdi ki, tarixi dəyişmək mümkündür. Lakin dünyada bunu bacaran çox az sayda şəxsiyyətlər var ki, onlardan biri də məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur. 1993-cü il 15 iyun tarixində Ulu Öndər Ali Məclisin sədri seçilən zaman Azərbaycanın gələcək inkişafının təməlini qoydu. Həmin dövrdə Azərbaycan ciddi təhlükələrlə üz-üzə idi. Yenicə müstəqillik əldə etmiş Azərbaycanın qarşısında duran əsas vəzifə bu müstəqilliyi qoruyub saxlamaq idi. Müstəqilliyimizin itirilməsinə az bir məsafə qalmışdı ki, Ulu Öndər hakimiyyətə gələrək, dövlətimizin müstəqilliyini qorudu və ölkənin inkişafının dönməzliyini təmin edən əsasları yaratdı. Qarşıya qoyulan strategiyanın reallaşdırılması nəticəsində ən güclü və xoşbəxt dövlətlərdən birini qura bildik.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Ulu Öndərin görmək istədiyi Azərbaycanı bugünkü Prezident, Ali Baş Komandan İlham Əliyev bizə bəxş etdi. Azərbaycanın bugünkü uğurlarının əsası məhz Qurtuluş Günündə qoyulub”.

Çıxış edən millət vəkili Rəşad Mahmudov gəncliyin hər zaman cəmiyyətin nə istədiyini dərk edə biləcək səviyyədə olmasının vacibliyini bildirib: “Gənclik dünyada baş verən prosesləri müqayisə edərək, qərar verməyi və cəmiyyəti inkişafa aparmağı bacarmalıdır. Azərbaycanın 1993-cü il 15 iyuna qədərki dönəmini həmin dövrün gənc vətəndaşı olaraq siyasi, iqtisadi tənəzzül dövrü kimi xatırlayıram. Ölkə daxilində hərc-mərclik hökm sürürdü və ciddi gərginlik müşahidə olunurdu. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə dövlətimiz yenidən çiçək açaraq inkişaf etməyə başladı. Ümummilli Lider bizə şərəfli bir tarix yolunu miras qoydu və hər birimizin borcudur ki, bu yolu şərəfli şəkildə davam etdirək. Bu gün biz torpaqlarını azad etmiş, suverenliyini bütün ərazisində bərpa etmiş dövlətin vətəndaşlarıyıq. Bu uğurların təməli isə məhz Ulu Öndər tərəfindən qoyulub və bu gün Heydər Əliyevin ruhu şaddır. Çünki biz müstəqil, suveren dövlət olaraq durmadan inkişaf edir, dünyada sözünü deyən dövlətə çevrilmişik” - deputat bildirib.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və 91-lərin üzvü Tahir Məmmədov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb: “Moskvaya göndərişlə gedib, təhsil aldığım dövrlərdə Ulu Öndər Heydər Əliyev də orada idi. Ümummilli Lider həmin dövrdə SSRİ-nin rəhbərlərindən biri kimi fəaliyyət göstərir. Mən orada Heydər Əliyevə qarşı tələbələrdən, cəmiyyətdən böyük sevgi görsəm də, SSRİ rəhbərləri Ulu Öndərə, Onun fəaliyyətinə qısqanclıqla yanaşırdılar. Ulu Öndər rus dilində ruslardan daha yaxşı danışır, müdrikliyi, savadı və faəliyyəti ilə hər zaman seçilir və sevilirdi. Onun atdığı addımların, qoyduğu güclü təməlin nəticəsidir ki, bu gün biz müstəqil və suveren dövlətdə xoşbəxt həyat sürürük. Ulu Öndərin varisi cənab İlham Əliyev Xankəndində üçrəngli bayrağımızı qaldıraraq, bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın bir parçasıdır”.

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, 15 iyun tarixi Azərbaycan dövlətçiliyi tarixində çox ciddi dönüş nöqtəsi olub: “Təqdim olunacaq film də məhz iki hissədən ibarətdir: birinci hissə 15 iyun Qurtuluş Gününə qədərki, ikinci hissə isə Qurtuluş Günündən sonrakı dövrü əhatə edir. Ulu Öndər elə bir dönəmdə xalqın təkidi ilə hakimiyyətə gəldi ki, o dövrdə dövlətin və xalqın çətin günlərdən xilas edilməyə ehtiyacı var idi. Buna görə də keçdiyimiz bu tarixi hər zaman yazılarımızda, bədii ədəbiyyatda və filmlərdə canlandırmalıyıq.
Ulu Öndər siyasi lider olaraq bir sözü, baxışı, hərəkəti ilə qarşısındakına lazımi cavabı verir, fikrini bildirirdi. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev hər kəslə öz dilində danışmağı, dost olmağı bacarırdı. Azərbaycan dövlətinin qəlbi hər zaman dahi, qəhrəman oğlu Ulu Öndər Heydər Əliyev ilə döyünür.
Ulu Öndər həm də öz ailəsində sərkərdə, qəhrəman böyütmüşdü. Hansı ki, gələcəkdə həmin sərkərdə, Prezident İlham Əliyev Azərbaycanın suverenliyini bütün ölkə ərazisində təmin edərək, dünyaya gücümüzü göstərdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki biz azad, müstəqil və suveren Azərbaycanın vətəndaşlarıyıq”.

Tədbirin sonunda SƏS Media Qrupu tərəfindən 15 iyun Milli Qurtuluş Gününə həsr edilmiş “Xalqın taleyini dəyişən zəfər günü” filminin təqdimatı keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Milli-Qurtuluş-Günü  


Bizi "telegram"da izləyin