İstanbulda TDT-nin Yüksək Vəzifəli Məmurlarının toplantısı keçirilir - FOTOLAR

2023/02/88ceb-1677158421.jpg
Oxunub: 4523     17:05     23 Fevral 2023    
İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Vəzifəli İşçilər (Məmurlar) Komitəsinin 39-cu Toplantısı keçirilir.

Ordu.az xəbər verir ki, toplantıda açılış nitqindən əvvəl TDT-nin baş katibi səfir Kubanıçbek Ömuraliyev tədbir iştirakçılarını Türkiyənin cənub və cənub-şərq vilayətlərində baş verən zəlzələlərdə həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Türk dünyasının Türkiyədəki soydaşlarının dərdinə şərik olduğunu deyən Baş katib zəlzələ bölgəsinə səfəri barədə məlumat verərək, TDT üzvü və müşahidəçi ölkələrin qardaş Türkiyə xalqı və hökuməti ilə sarsılmaz həmrəylik nümayiş etdirdiyini vurğulayıb.

Qeyd edək ki, TDT Yüksək Vəzifəli İşçilər Komitəsinin 39-cu İclası Təşkilatın yeni Nizamnaməsinə uyğun olaraq, TDT-nin Müddətli Prezidenti olan Özbəkistan Respublikasının sədrliyi ilə keçirilir.

İclasda zəlzələ bölgəsindəki son vəziyyətlə yanaşı, TDT-nin digər prioritet gündəm bəndləri, o cümlədən Səmərqənd Zirvə Toplantısının qərarlarının icrası və mart ayında Ankarada keçiriləcək Zirvə görüşünə hazırlıq məsələləri müzakirə olunur.

İclasda TDT-yə üzv ölkələrin Xarici İşlər nazirliklərinin yüksək səviyyəli nümayəndələri və TDT Katibliyinin rəsmiləri də iştirak edirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İstanbul   TDT  


Bizi "telegram"da izləyin