Ordu.az xəbər verir ki, bu barədə Karnegi fondunun aparıcı elmi əməkdaşı Paul Stronski “Twitter” səhifəsində, Paşinyanın ABŞ-ın ünvanına sərt tənqidlərini şərh edərkən yazıb.
O bildirib ki, ABŞ 2008-ci ildə Köçəryan və Sarkisyan hakimiyyətindən narazı olub və buna görə də “Minilliyin çağırışı” layihəsinin maliyyələşdirilməsini dayandırmışdı.
Ekspert xatırladır ki, Birləşmiş Ştatlar hakimiyyət dəyişikliyindən sonra Ermənistana yardımını əhəmiyyətli dərəcədə artırıb: “Aİ-dən fərqli olaraq, pul vəd etsə də, yavaş-yavaş verir. 6 ay ərzində Ermənistan əlavə maliyyələşdirmə kimi ABŞ-dan 14 milyon dollar alıb. Əslində, ABŞ Ermənistana 1992-ci ildən bu yana, keçən il ən yüksək məbləğ olan 25 milyon dollar ayırıb. ABŞ, Paşinyan hökumətinin siyasət prioritetlərini təyin edəcəyi və onların proqramının aydın olacağı anda daha çox verməyə hazırdır”.
O, həmçinin Suriyadakı Ermənistanın humanitar missiyası məsələsinə də toxunaraq, Suriyadakı erməni istehkamçıların ruslarla birlikdə olmasının ABŞ üçün böyük bir məsələ olduğunu qeyd edib.
Ekspertin sözlərinə görə, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus uzun müddət Suriyaya qüvvələr göndərmək üçün Rusiya təzyiqinə müqavimət göstərib, amma bu günə qədər Ermənistan razılaşan yeganə ölkədir.
“Birləşmiş Ştatlar bu mina təmizləyənləri Ermənistanda mina təmizlənməsi üçün uzunmüddətli ABŞ-ın dəstəyi kimi hazırlamışdı. Bu, Ermənistana verilən 1 milyard dollarlıq yardımın bir hissəsidir. Ona görə də, onların Suriyada Rusiya ilə birlikdə yerləşdirilməsi amerikalı auditoriya üçün xüsusilə pis görünür” - deyə Stronski bildirib.
Stronski, Qərbə heç bir mesajın verilmədiyini vurğulamaqla yanaşı, Ermənistanın avropalı və amerikalı tərəfdaşları üçün necə görünəcəyinin dərk edilmədiyini əlavə edib: “Paşinyanın işi var və o, ABŞ-ı günahlandırmalı deyil. Yəni öz işini görməlidir”.
Alpər Mövludoğlu
Ordu.az