Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bəyan edib ki, tərəflər Rusiya tərəfindən 2016-ci ildə irəli sürülən təkliflər əsasında Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edirlər. Rəsmi İrəvan isə Moskvada aparılan danışıqların bütün mövzularının hər üç nazirin birgə bəyanatında öz əksini tapdığını irəli sürür.

Bəyanata əsasən tərəflər Azərbaycan-Ermənistan sərhədi və cəbhə xəttindəki vəziyyəti, o cümlədən humanitar sahədə qarşılıqlı əməkdaşlıq fəaliyyəti perspektivlərini müzakirə ediblər. Qeyd olunur ki, münaqişənin həllinin əsas məsələləri ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov bildirib ki, tərəflər münaqişənin həlli üzrə konkret məsələlər ətrafında müzakirələr aparıblar: “Çox faydalı görüş oldu. İndiyə qədər danışıqlarda irəliləyişə imkan verməyən məsələləri konkret şəkildə müzakirə etdik. Tam şəkildə irəliləyişin olmasını deyə bilmərəm. Ancaq Ermənistan tərəfi ilə bəzi problem yaradan məqamları ətraflı və daha dərindən başa düşə bildik. Məsələn, Ermənistan tərəfi statusla və təhlükəsizliklə bağlı məsələ qaldırdı. Biz isə qoşunların işğal altında olan torpaqlardan çıxarılması və məcburi köçkünlərin geri qaytarılması məsələsini qaldırdıq. Bu dörd fikir əsasında çox dərin müzakirələr apardıq”.

Lakin Ermənistan XİN-in mətbuat katibinin sözlərinə görə, hazırda hər hansı proqram əsasında danışıqlar aparılmır. Qarşılıqlı mövqelərin öyrənilməsi, aydınlaşdırılması və dəqiqləşdirilməsi üzrə tanışlıq müzakirələri davam edir.
Aprelin 24-də jurnalistlərin xahişi ilə “Lavrov planı” adlandırılan məsələyə Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyan da toxunub. O bildirib ki, Ermənistan indiki məqamda hər hansı sənədi müzakirə etmir.
Ordu.az xəbər verir ki, məsələ ilə bağlı “Araçin Lratvakan” xəbər agentliyi Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Satnislav Tarasovdan müsahibə alıb. Tarasovun müsahibəsindən bəzi məqamları təqdim edirik.
- Məmmədyarovun bəyan etdiyi 2016-cı il təkliflərinin müzakirəsi, erməni tərəfinin bunu inkar etməsi, Lavrovun isə nə təsdiq, nə də inkar etməməsi ilə bağlı nə deyə bilərsiz?
- Danışıqlar qapalıdır və müəyyən məlumatların yayılmaması öhdəliyi mövcuddur. “Lavrov planı” adlandırılan sənədin məzmunu nədən ibarətdir bunu bilən yoxdur, çünki belə bir sənədin varlığını Rusiya XİN inkar edib. Amerikalı həmsədr tərəfindən də şərti olaraq “Lavrov planı” adlandırılan sənədin mövcud olmadığı, sadəcə bu prosesə şərti olaraq, onlar tərəfindən belə bir ad qoyulduğu qeyd edilib. İkincisi də, tərəflər bir-birinin mövqelərini aydınlaşdırmağa çalışırlar.
Lakin 1994-cü ildən başlayaraq, Azərbaycan və Ermənistan XİN rəhbərləri neçə dəfə görüşüblər, nə qədər onların mövqelərini öyrənmək olar. Ümumiyyətlə danışıqlar prosesinin əsasını 5-6 baza sənədləri təşkil edir. Amma əsas problem odur ki, tərəflər ümumi konsepsiya tərtib etməyiblər. Hər iki tərəf eyni yerdən baxır, lakin biri buna pəncərə, digəri qapı deyir, belə olan halda heç vaxt razılığa gəlmək mümkün deyil.
İstənilən halda danışıqlar davam edir və onlar nəyinsə ətrafında müzakirələr aparırlar. Fakt odur ki, Məmmədyarov və Mnatsakanyan görüşürlər. Həm də Əliyev və Paşinyanın da görüşməsi bir faktdır. Bu o deməkdir ki, danışıqlar predmeti var. Hamımız bilirik ki, danışıqlar predmeti olmasaydı, bu görüşlər baş tutmazdı. Bunun arxasında nə gizlənir, heç kim bilmir, o cümlədən mən də.
- Rəsmi məlumata əsasən tərəflərin cəbhə xəttində və sərhəddəki vəziyyəti, təhlükəsizlik məsələlərini müzakirə etdikləri, dialoqu və danışıqlar prosesini qoruyub saxlamağa çalışdıqları deyilir, bu məsələyə münasibətiniz maraqlı olardı.
- Sənədlə möhkəmləndirilməsə də, nəticə Düşənbədə ayaqüstü əldə edilən və bu gün də əməl olunan, gərginliyin azaldılması və operativ əlaqənin yaradılması haqqında razılıqdır. Kənd təsərrüfatı işlərinin aparılması sahəsində təhlükəsizliyə əməl olunmasına dair Paşinyanın təklifi Azərbaycan tərəfindən də dəstəklənib. Bu çox mürəkkəb münaqişədir, bunu addım-addım həll etmək lazımdır. Qarabağ məsələsində Qarabağın (qondarma qurum-red.) münaqişə tərəfi kimi danışıqlarda təmsil olunması tələbindən başqa Paşinyan özünü inqilabçı kimi ifadə edə bilmir, Serj Sarkisyan dönəmindəki oyunu oynayır. Bu tələbinə baxmayaraq, Paşinyan köhnə formatda danışıqlar aparılmasını davam etdirir.
- İstənilən halda Paşinyanın danışıqlar prosesinə yeni ideyalar gətirdiyi barədə fikirlərə qatılırsızmı?
- Bu demaqogiyadır. Xalqların sülhə hazırlanmasını təklif edir, amma necə hazırlanmasını demir. Qoy konkret addımlar atsın, KİV-lərə tapşırıq versin. Qoy hər iki tərəf bir-biriləri barədə pis şeylər yazmasın. Bu işdə konkret qərarlar verilməlidir, qalanları isə demaqogiyadır.
- Nifrət təbliğatının davam etdirilməsi nəyə görədir?
- Tərəflərin razılaşmağa real istəkləri varsa bunu edir. Əgər yoxdursa, o zaman danışıqlar prosesini uzadırlar. Dünyada bu iki texnologiya mövcuddur.
- Ermənistan rəhbərliyinin niyyəti status-kvonun qorunub saxlanmasından ibarətdir?
- Əgər tərəflərdən biri ərazi bütövlüyünü şərt qoyaraq danışıqlar aparırsa, digəri bunu bilərək danışıqlara davam edirsə, bu şərtin qəbul edilməsi mənasını daşıyır.
Ermənistanda inqilab baş verdikdən sonra Azərbaycan erməni tərəfinin daha konstruktiv mövqe tutacağını açıq aydın gözləyirdi, lakin bu belə olmadı. Paşinyan güzəştlərə getmək niyyətində olmadığını ortaya qoydu.
- İndi Bakı danışıqları davam edəcək, yoxsa hərbi çağırışlara əl atacaq?
- Əliyev istəsəydi baş verən inqilabi vəziyyətdən yararlanaraq, zərbə endirə bilərdi. Həmin dövrdə Ermənistanda lider yox idi. Keçmiş rəhbər vəzifədən uzaqlaşdırılmış, yeni rəhbər isə hələ yerinə oturmamışdı. Lakin Əliyev bunu etmədi və qəflətən Paşinyanla Düşənbədə görüş keçirdi, bir neçə məsələ ətrafında razılıq əldə olundu. Hansı erməni ekspert deyə bilər, niyə Ermənistanda seçkilərdən öncə Əliyev Düşənbədə Paşinyanla görüşdü?... Ola bilər ki, Paşinyanın güzəştlər edəcəyinə, Əliyevin hər hansısa əsası var.
- Vyanadan sonra Rusiyanın Moskva görüşünü necə qiymətləndirirsiz?
- ATƏT-in Minsk qrupunun digər iki həmsədr ölkə rəhbərləri, Makron və Tramp üçün Qarabağ münaqişəsinin həlli heç bir önəm daşımır. Onlar bu Qarabağ məsələsinə tüpürüblər, Qarabağ onlardan çox uzaqda yerləşir. Ancaq bizə yaxın olduğu üçün Putin məsələ ilə məşğuldur. Əgər müharibə Yaxın Şərqdən Cənubi Qafqaza sıçrayarsa, bu yalnız Ermənistan və Azərbaycan deyil, həm də Rusiyaya təsir edəcək. Vəziyyətin bu cür inkişafının qarşısı alınmalıdır. Əsas məsələ budur.
İkincisi isə Rusiya üçün Qarabağın kimə, Azərbaycana, yoxsa Ermənistana aid olacağı elə də böyük önəm daşımır. Xankəndini işğal edərək, Rusiyaya birləşdirməyə hazırlaşmırlar.
- Xarici İşlər naziri Lavrovun aktivliyini, Rusiyanın yeni təşəbbüslə çıxış etməsi kimi qiymətləndirmək olarmı?
- Əgər ermənilər və azərbaycanlılar bu məsələdə razılığa gəlməsələr və Araz boyu İran tərəfindən Zaqafqaziyaya təhdid yaranarsa, Rusiya heç bir tərəfi müdafiə etmədən öz maraqlarını qorumaq üçün Araz çayına çıxa bilər. Bu amil hər kəsi susdurur. Rusiya deyir ki, razılığa gəlin, biz şərt diktə etmirik. Ancaq razılığa gəlməsəniz və bizim burnumuzun dibində müharibə başlayarsa, bu müharibə Rusiya üçün təhlükəlidir. Bu halda Rusiya öz problemlərini həll edəcək.
Alpər Mövludoğlu
Ordu.az