Türkiyədə və xaricdə yaşayan insanların könüllü yardımları əsasında qurulan Türkiyə Silahlı Qüvvələrinin Gücləndirmə Fondu (TSQGF) 1993-ci ildən bu günə qədər hər iki ildə bir dəfə keçirilən IDEF Beynəlxalq Müdafiə Sənayesi sərgisinə rəhbərlik məsuliyyətini daşıyır.

1993-cü ildən etibarən, TSQGF tərəfindən IDEF Sərgisi 13 dəfə uğurla həyata keçirilib. Milli müdafiə sənayesinin dünyaya tanıdılması məqsədilə təşkil edilən IDEF, qısa müddətdə həm müdafiə, təhlükəsizlik, dənizçilik, aviasiya və kosmos sənayesi sahələrində əhəmiyyətli bir beynəlxalq təqdimat, marketinq və iş birliyi platformasına, həm də iştirakçı firma sayına görə dünyanın ilk beş müdafiə sənayesi sərgisindən birinə çevrildi. Müdafiə sənayesində xaricdən asılılığı 80%-dən 35 %-ə endirən Türkiyə, bu il müdafiə sənayesində 2.5 milyard dollarlıq ixracat planlaşdırır.
Dünyadakı müasir texnologiya məhsulların sərgilənməsi, yerli və xarici iştirakçılar arasında iş birliyi imkanlarının inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir fürsət olan 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-2019 Türkiyə Respublikası Prezidentinin himayəsi; Milli Müdafiə Nazirliyinin ev sahibliyi; Xarici İşlər Nazirliyi, Xəzinə və Maliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Sənaye və Texnologiya Nazirliyi, Ticarət Nazirliyi, Nəqliyyat və İnfrastruktur Nazirliyi, Baş qərargahın, Müdafiə Sənayesi Nazirliyinin, Quru Qoşunlar Komandanlığının, Hərbi Dəniz Qüvvələri Komandanlığının, Hərbi Hava Qüvvələri Komandanlığının, Jandarma Komandanlığının, Təhlükəsizlik İdarəsinin, Sahil Təhlükəsizlik Komananlığının, İstanbul şəhər Bələdiyyə sədrinin və bir çox digər qurumların dəstəyi; TSQGF rəhbərliyinin idarəetməsi və TÜYAP A.Ş. şirkətinin təşkilatçılığı ilə TUYAP Sərgi və Konqres Mərkəzinin 120 min kvadrat metrlik ərazisində öz gücünü göstərəcək.

İDEF sərgisində müdafiə, təhlükəsizlik, dənizçilik, aviasiya və kosmos sənayesi sahələrində birbaşa, ya da bilvasitə olaraq fəaliyyət göstərən təxminən 900 yerli və xarici şirkətin iştirak etməsi gözlənilir.
Türkiyənin Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinə, dost və müttəfiq 144 ölkənin Müdafiə Nazirlərinə və silah tədarükü ilə məşğul olan 400-dən çox hərbi və mülki rəsmi nümayəndə heyətlərinə sərgidə iştirak üçün dəvətnamə göndərilib.
Sərgi iştirakçıları ilə ziyarətçilərin görüşləri və stendlərin ziyarəti həyata keçiriləcək. Türkiyənin Milli Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Müdafiə Sənayesi Nazirliyinin tədarük orqanları tərəfindən iştirakçı firmalar və heyətlər ilə danışıqlar keçirilməsi məqsədilə 30 ədəd görüş ofisi açılmalıdır.

IDEF-2019 Sərgisinin ilk günü, yəni bu gün 30 apreldə yalnız protokola, dəvət edilən və iştirak edən şirkətlərə açıq olacaq. Ziyarətçilər sərgiyə 2019-cu ilin 1-3 may tarixləri arasında qəbul ediləcək.
Sərginin 2-ci, 3-cü və 4-cü günü sərgi sahəsi daxilində təsis ediləcək Təchizatçılar Bölgəsində, böyük iştirakçı firmaların Təchizat/Satınalma/ARGE şöbələrinin səlahiyyətliləri ilə kiçik istehsalçılar bir araya gətirilərək aralarındakı iş imkanlarının inkişaf etdirilməsinə dair müzakirələr təmin ediləcək. Sərginin 4-cü günü iştirakçı firmaların İnsan Resursları və Təhsil şöbələri Akademiya, Universitet tələbə və məzunlarının hazırda müdafiə sənayesi sektorunda çalışmaqda olan və ya təqaüddə olan insanlarla təmas qurmasını təmin etmək məqsədilə "Karyera Günü" təşkil ediləcək.
Sərginin 2-ci, 3-cü və 4-cü günü "Türkiyədə Yerli və Milli fəaliyyət ilə İxracatın artırılmasına istiqamətli tədbirlər" və "Gələcək Texnologiyalarının Döyüş Sahəsində İstifadə Sferaları" mövzularında seminar və ya panellər təşkil ediləcək.

Sərgidə əsasən quru, dəniz, aerokosmik, nəqliyyat, rabitə və çatdırılma, arxa cəbhə təminatı vasitə və avadanlıqlarının nümayişi nəzərdə tutulur.
Son dəfə keçirilən IDEF-2018 sərgisini 50 ölkədən 820 şirkət, dünyanın 67 ölkəsindən və 2 beynəlxalq təşkilatdan 133 nümayəndə heyəti, həmçinin 116 ölkədən 65782 nəfər yerli və xarici mütəxəssis ziyarət edib. Sərgidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 26 nazir, 6 Baş Qərargah rəisi, 17 nazir müavini, 5 Baş Qərargah rəisinin müavini, Silahlı Qüvvələrin 10 Komandanı və çox sayda dövlət satınalma orqanının nümayəndəsi iştirak etdi. Sərgi zamanı 2240 planlaşdırılan görüş və 50 imza mərasimi keçirildi.
IDEF-2019-da Azərbaycanı MSN təmsil edəcək. Sərgidə müxtəlif təyinatlı zirehli vasitələr, PUA-lar, tank, aviasiya və artilleriya sursatları, atıcı silahlar və onların mərmiləri nümayiş etdiriləcək. Bu sərgidə Azərbaycan mühəndisləri ilk dəfə olaraq 30 mm avtomatik qumbaratanın yeni modelini ilk dəfə ölkədən kənarda nümayiş etdirəcək.

Azərbaycan Respublikasının Müdafiə naziri general polkovnik Zakir Həsənov da sərgidə iştirak etmək üçün Türkiyədədir.
Bu sərgidə Türkiyə 485, ABŞ 125, İngiltərə 58, Almaniya 54, Fransa 42, Çin 41, İtaliya 25, Cənubi Koreya 24, Ukrayna 18, Kanada 9, Rusiya 9, Qazaxstan 8, Pakistan 7, Çexiya 7, Belçika 5, Hindistan 2 isə şirkətlə təmsil olunacaq.

Türkiyənin "Otokar" şirkəti şərgidə "Ural", "Kobra II", "Arma", "Kunduz", "Tülpar" zirehli vasitələrini, BMC "Amazon" və "Kirpi II" ilə bərabər "Otokar" tərəfindən seriya istehsalı üçün təqdim edilən "Altay" tankını, FHSS şirkəti tırtıllı AKINCI, KAPLAN, "Kunduz-Azmim" və təkərli PARS ailəsinin zirehli vasitələrini, "Katmercilər" şirkətinin məsafədən idarəolunan UKAP və "Xızır" zirehli vasitəsini təqdim edəcəyi gözlənilir. Müşahidə, tank əleyhinə və daşınma məqsədli zirehli PARS 4x4 amfibiya modelinin suda yerində dönə bilməsi və geriyə üzmək imkanı sərgi iştirakçılarının marağına səbəb olacağı gözlənilir. Ümumilikdə BMC sərgidə "Altay" tankından başqa 10 növdə zirehli texnika, bir mühərrik və bir tank daşıyıcı vasitə ilə təmsil ediləcək. Böyük ehtimalla tank sərgiyə həmin daşıyıcının üzərində gətiriləcək və sona qədər onun üzərində nümayiş etdiriləcək. "Otokar" istehsalı olan və elektriklə çalışan mühərrikə sahib "Kobra II" zirehli vasitəsi də ciddi marağa səbəb olacaq.

ROKETSAN şirkətinin bu sərgidə "Cirit", OMTAŞ, UMTAŞ-la bərabər SOM ailəsinə məxsus yeni SOM-J raketini təqdimetmə ehtimalı böyükdür. Təqdimatda lazer tuşlama sistemlərinin və kilidlənmə funksiyasına malik sursatların üstünlük təşkil edəcəyi şübhəsizdir.

ASELSAN şirkəti sərgidə sınaq atışları bu ilin martında uğurla başa çatan, ROKETSAN şirkəti ilə birgə istehsal edilən, hərbi bazaları, limanları, obyektləri və birlikləri orta və alçaq hündürlükdə uçan vasitələrdən, qanadlı raketlərdən, "hava-yer" tipli sursatlardan qorumaq üçün nəzərdə tutulan "Hisar-A" və "Atmaca" raketlərini, "Tufan" elektromaqnit topunu, "Korkut" HHM sistemlərini, "Koral" REM komplekslərini, "Kalkan" erkən xəbərdarlıq sistemlərini, həmçinin, məsafədən idarə edilən dəniz və quru modullarını, müasir müşahidə və rabitə vasitələrini, raketlər üçün lazer başlıqlarını, avionika modulunun əsas elementlərini təqdim edəcək.

ASELSAN şirkətinin 19 fərqli ölkəyə ixrac etdiyi məsafədən idarəolunan "Sarp-L" kompleksi də ilk dəfə nümayiş olunacaq. Kiçik və aşağı kütləli sistem müxtəlif təkərli və ya zirehli döyüş vasitələrində, stasionar obyektlərdə və naqilsiz platformalarda istifadə edilə bilər. Yeni təqdim ediləcək artilleriya vasitələrindən biri də 81 mm-lik "Alkan" minaatanı olacaq.
"Nurol Makina" şirkətinin "Əjdər Yalçın" zirehli vasitəsinin sərgidə təqdimatı barədə qərar artıq dəqiqləşib.

Sərgidə yeni silahlanmaya qəbul edilən, TUSAŞ-a aid "Hürkuş" təlim təyyarəsinin və "Atak 129" helikopterlərinin (texnoloji sistemləri ASELSAN şirkətinə aiddir) yerli topa sahib ağır "Atak 2" modelinin nümayişi ilə "BAE Systems"lə birgə hazırlanan 5-ci nəsil TF-X qırıcısı barədə yeni məlumatların açıqlanması da gözlənilir. "Baykar" şirkətinin "Anka", "Anka Aksüngür", "Bayraktar TB-2" və "Akıncı" kimi müxtəlif təyinatlı PUA-ları, həmçinin "Asis Elektronik ve Bilişim Sistemleri A.Ş" şirkətinin istehsalı olan "Songar" və "Salgur" (hücum etməyə hazır, savaşqan) mikrozərbə dronu (pərvanədən pərvanəyə 10 santimetr ölçüyə malikdir) da 14-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş etdiriləcək. "Salgur" kritik, gizli/xüsusi əməliyyatlarda - kəşfiyyat, müşahidə, dinləmə və hücum əməliyyatlarında istifadə edilmək üçün 4 müxtəlif iş rejiminə malikdir, onların sürü halında fəaliyyət göstərmək imkanının diqqətləri cəlb edəcəyi gözlənilir.
Türkiyənin yeni silahlı platforma layihələri çərçivəsində hazırlanan və "yeni nəsil tank qırıcısı" kimi təqdim edilən FHSS şirkətinin KAPLAN 10 tırtıllı döyüş maşını və ZAHA zirehli desant maşını da ilk dəfə bu sərgidə nümayiş olunacaq.

IDEF-2019-da təqdim ediləcək digər bir yenilik yerli "Ata Arms" şirkətinin Türkiyədə ilk dəfə istehsal etdiyi dəyişən çaplı snayper tüfəngi olacaq. Özünün innovativ yanaşmaları ilə məhsul çeşidini artıran və məhsullarını 70-dən çox ölkəyə ixrac edən Türkiyənin qabaqcıl odlu silah istehsalçılarından olan "Ata Arms" şirkətinin araşdırması nəticəsində ortaya çıxan ASR "Multi Kalibre" (çox çaplı) snayper tüfəngi IDEF 2019-da ilk dəfə nümayiş etdirəcək. Türkiyədə ilk dəfə dəyişən çaplı snayper tüfəngi sürüşmə mexanizm sisteminə malikdir və istifadəçiyə .308 Win, .300 Win Mag və .338 Lapua Mag kimi üç fərqli çapda lülə variantını təqdim edir. İstifadə olunan lülə və onun çapına görə tüfəngin atəş məsafəsi 1000-dən 2 min metrədək dəyişir.

Türkiyənin ilk aviadaşıyıcı-desant gəmisi olacaq TCG "Anadolu" gəmisi də ziyarətçilərə təqdim ediləcək. Tuzladakı "Sədəf" tərsanəsində hazırlanan TSQ-nin ən böyük döyüş gəmisi, planlaşdırılandan bir il əvvəl, yəni 2020-ci ildə istifadəyə veriləcək.
"TCG İstanbul" layihəsi ilə bərabər bir neçə Ada sinifinə aid yeni döyüş gəmilərinin təqdimatı gözlənilir. Sərgi salonlarında maket halında təqdim edilən gəmilərin inşaat tərsanələri də real müştərilərin üzünə açıla bilər.

Rusiyanın "Almaz-Antey" konserninin stendində S-400 "Triumf" zenit raket sistemi, "Buk-M2E", "Viking", "Tor-M2E", "Tor-M2K" zenit raket kompleksləri və "Tor -M2KM, "Tunguska-M1" zenit-top raket kompleksləri, həmçinin müxtəlif rejimli RLS-lər, ikili təyinatlı meteostansiya və s. nümayiş etdiriləcəyi gözlənilir. Müxtəlif profilli Rusiya şirkətləri bu sərgidə geniş təmsil ediləcək, bu isə Türkiyə bazarından uzaqlaşmaqda davam edən İsrail və ABŞ mövqelərini ələ keçirmək məqsədi daşıyır.
IDEF-2019 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində 1061 xarici müdafiə səayesi şirkətininin iştirakı gözlənilir. 53 ölkədən hərbçi və peşəkarlardan ibarət nümayəndə heyətlərinin milyard dollara qədər müqavilələr bağlayacağı ehtimal edilir. Əlavə yeniliklər barədə məlumat veriləcək.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az