Türkiyə-Azərbaycan təlimləri Ermənistanda təşvişə səbəb olub – EKSPERTLƏR

2019/04/67-1556539339.jpg
Oxunub: 28183     15:58     29 Aprel 2019    
Bir neçə gündən sonra Azərbaycan-Türkiyə ordu birləşmələrinin Azərbaycanda növbəti birgə hərbi təlimləri baş tutacaq. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, 1-3 may tarixləri arasında Azərbaycanda növbəti Azərbaycan-Türkiyə ordu birləşmələrinin “Mustafa Kamal Atatürk-2019” şüarı altında birgə taktiki təlimləri keçiriləcək. Aprelin 22-də təlimlərdə iştirak edəcək türk əsgərlərin Bakıda rəsmi qarşılanma mərasimi keçirildi.

Azərbaycanla Türkiyə arasında istənilən hərbi siyasi proses erməni mətbuatı və ekspertlər dairəsi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda ermənilər hesab edir ki, bu təlimlərdə ən azı nəzəri olsa da, əsas rəqib Ermənistan nəzərdən keçiriləcək.

Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərini və qarşılıqlı anlaşmasını yüksək səviyyədə saxlamaqdır.

Birgə təlimə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcəyi bildirilir. Təlimlərin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçiriləcəyi qeyd edilir.

Bu tip təlimlər son vaxtlar intensiv hal alıb və daha çox Naxçıvan istiqamətində baş tutur.


Bəzi erməni yönümlü ekspertlər son zamanlarda rus-türk münasibətlərinin nizamlanması və dərinləşməsinə baxmayaraq, Türkiyənin Cənubi Qafqazdakı bu fəallığını Ermənistan üçün təhdid, Rusiya Federasiyası üçün də müəyyən çağırışlar hesab edirlər.

Məsələn, Moskvanın MDB ölkələri üzrə institutunun direktor müavini, Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev bu kontekstdə 2016-cı il noyabrın 30-da Rusiya və Ermənistan arasında imzalanmış erməni-rus birləşmiş hərbi qruplaşmasının yaradılması haqqında amili vurğulayır.

“Erməni-rus münasibətləri aydın şəkildə Türkiyəyə başa salır ki, qoşunların birləşmiş hərbi qruplaşmasının yaradılması səbəbilə Ermənistanla hərbi münaqişəyə girə bilməz”, - deyə Yevseyev bildirir.

Lakin Yevseyevdən fərqli olaraq digər rusiyalı tanınmış ekspert, Moskvanın siyasi və hərbi təhlil mərkəzinin direktor müavini Aleksandr Xramçixin xatırladır ki, 2015-2016-cı il gərginliklərindən sonra, son 2-3 il ərzində müxtəlif sahələrdə, xüsusilə də Suriya münaqişəsinin nizamlanması məsələsi çərçivəsində Türkiyə ilə münasibətlərini kifayət qədər dərinləşdirib.


Xramçixin keçiriləcək Azərbaycan-Türkiyə ordu birləşmələrinin birgə taktiki təlimlərində, qəribə və gözlənilməz bir şey olmadığını qeyd etməklə, yeni bir şey görmədiyini vurğulayıb. O qeyd edib ki, Türkiyə ilə Azərbaycanın hərbi müttəfiq olduğuna görə iki ölkənin müvafiq hərbi bölmələrinin birgə qarşılıqlı hərbi əməliyyatlarının uzlaşmasını, döyüş qabiliyyətinin artırılması və digər məsələləri həll etmək üçün müxtəlif ssenari üzrə birgə hərbi fəaliyyətləri çoxdan hazırlayır, bu senarilər əsasında birgə məşqlər keçirirlər.

Bu hərbi əməliyyatların hansı məqsədlə, yaxud daha doğrusu nəzəri olaraq kimə qarşı nəzərdən keçirilməsi ilə bağlı suala cavab verərkən hərbi ekspert qeyd edib ki, formal qayda olaraq əməliyyatlar istənilən rəqibə qarşı işlənib hazırlana bilər: “Lakin şübhə yoxdur ki, əsas rəqib əlbəttə Ermənistandır. Ən azı bu, Azərbaycan üçün belədir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Təlim  


Bizi "telegram"da izləyin