“Böyük Yaxın Şərq”də CARDOM layihəsi: O, Qarabağda istifadə ediləcəyi günü gözləyir – HƏRBİ EKSPERT
Oxunub: 30391
11:21
23 Aprel 2019
Daha öncə istehsal edilən özüyeriyən minaatanların məhdud istifadəsinin əsas səbəbi, onların BTR tipli zirehli daşıyıcılar tərəfindən nəql edilməsi və korpusdakı açıq lyuklar vasitəsilə atəş açmasında idi. Belə platformaların mənfi cəhətləri məhdud atəş sektoru, düşmən atəşinin mərmi və qəlpələri, habelə nüvə, bioloji və kimyəvi silahlar qarşısında həssaslığı və avtomatik atəşi idarəetmə sisteminin olmamasından ibarət idi.
Yeni nəsil özüyeriyən minaatanları artıq bir silah kompleksi vəziyyətinə gətirilib. Onların həm tırtıllı, həm də müxtəlif təkər formullu zirehli vasitənin 360 dərəcə fırlana bilən qülləsində və ya platformasında quraşdırılması, eyni zamanda heyətin, silah-sursatın və inteqrasiya edilən atəşi idarəetmə sisteminin yüksək səviyyədə mühafizəsini təmin edir. Bundan əlavə piyada bölmələrinin dəstəklənməsi üçün nəzərdə tutulan və zirehli platformaya quraşdırılan minaatanların çapını 81/82 mm-dən 120 mm-dək artırmaqla bərabər, atəş dəqiqliyini qorumaq da mümkün olub. İsrail şirkətləri də bu tip özüyeriyən vasitələrin əsas istehsalçılarından hesab edilir.
2010-cu ildə "Soltam" şirkətini əldə etdikdən sonra "Elbit Systems" kompaniyası artıq özünün "məsuliyyət zonasında" yerləşən 120 mm-lik minaatanların özüyeriyən versiyasını təqdim etdi. Qeyd etmək lazımdır ki, İsrail şirkətinin layihəsi döyüş vasitəsinin deyil, bir neçə növ müxtəlif özüyeriyən modulların istifadəsi üçün universal bir döyüş platformasının yaradılmasını nəzərdə tuturdu.
Gözlənildiyi kimi, bu arxitektura silahların istifadəsində daha çox rahatlıq təmin etməli, bunun nəticəsində silah bazarında böyük bir perspektivə sahiblənməli idi.
Yeni minaatanla silahlanan kompleks CARDOM (Computerized Autonomous Recoil Rapid Deployed Outrange Mortar - Sürətli yerləşdirilən, kompüterləşdirilmiş avtonom təpməsiz uzaqmənzilli minaatan) adlandırıldı.
CARDOM müxtəlif növ zirehli nəqliyyat vasitələrinin döyüş bölməsinə quraşdırılması üçün uyğun bir döyüş moduludur. Əlavə olaraq, müəyyən məhdudiyyətlər altında, bu moduldan zirehsiz nəqliyyat vasitələrində və yüngül hərbi texnikalarda istifadə etməyə də icazə verilir.
2005-ci ildə 120 mm-lik "Soltam" minaatanı "AM General" tərəfindən istehsal edilən "Humvee" (High Mobility Multi-Purpose Wheeled Vehicle- Yüksək Hərəkətli Çoxməqsədli Ərazi Maşını) zirehli avtomobilinin şassisinə quraşdırıldı. "Humvee" üzərində quraşdırılan qurğu CARDOM təyinatı aldı. CARDOM minaatanları İsrail Silahlı Qüvvələrinin M113 BTP maşınlarının bazasına quraşdırılmaq üçün hazırlanmışdı. Sonradan isə onu ABŞ-ın "General Dynamics" şirkətinin "Stryker 8x8" BTR-lərinə quraşdıraraq M1129 adlandırdılar.
Ümumilikdə, 2002-ci ildən 2010-cu ilədək ABŞ Ordusunun "Stryker"lə təchiz olunan döyüş briqadaları 453 ədəd CARDOM sistemi ilə təchiz edildi. İsrail ordusunda M113 BTR bazasına yerləşdirilən 120 mm-lik minaatan "Keşet" (göy qurşağı) adı ilə tanınır. 120 mm-lik minaatanın əvvəlki versiyası, həmçinin ABŞ Ordusunun M1064A3 BTR-ləri üzərində də quraşdırılıb.
Bu gün üçün CARDOM özüyeriyən minaatanlarının ən böyük alıcısı ABŞ-dır. Bir neçə il ərzində ABŞ ordusu üçün İsraildən 300-dən çox özüyeriyən minaatan alınıb. Döyüş modulunun dizaynı və mexanizmləri dəyişdirilmədən saxlanılıb. Təbii ki, bütün dünyaya silah ixrac edən ABŞ-ın bu minaatanın alınmasına vəsait sərf etməsi düşündürücüdür.
2011-ci ildə CARDOM sistemi ilə bir neçə özüyeriyən minaatan kompleksi İspaniya tərəfindən sifariş edildi. İspaniya hərbçiləri CARDOM kompleksini URO VAMTAC avtomobili bazasında əldə etməyə üstünlük verib.
CARDOM nümunəsindən məlum olur ki, bir çox dövlətlər, o cümlədən ABŞ sonradan 120 mm sistemlərin əvvəl olduğundan daha yüngül şassi üzərində quraşdırılmasına üstünlük veriblər. Bu isə minaatanın təpmə qüvvəsinin kiçik olmasının nəticəsi kimi dəyərləndirilə bilər. Digər tərəfdən isə batareyanın mövqe dəyişməsi üçün tələb olunan zaman qısalır və bölmənin hərəkətliliyi artır.
CARDOM minaatan kompleksinin son xarici müştərisi Kamerun hesab edilir, onların əldə etdiyi 8 ədəd kompleks “Mercedes-Benz” yük vasitəsinin şassisi üzərinə quraşdırılıb. CARDOM minaatanlarının sovet istehsalı olan BMP-1 şassisinə quraşdırılaraq Azərbaycana verilməsi barədə BMT-nin Adi Silahlar üzrə Registrində məlumatlar mövcuddur. Dəqiq say açıqlanmasa da, Azərbaycanın İsraildən 2008-ci ildə 10-12 ədəd CARDOM minatanı (standart minaatan batareyanı təmin etmək üçün 9 ədəd minaatan yetərlidir, lakin ştat strukturunun dəyişdirilməsi də problemli məsələ deyil) aldığı ehtimal edilir.
2007-ci ildə Qazaxıstan 120 milyon dollar dəyərində müqavilə əsasında 28 ədəd MT-LB tırtıllı vasitəsinə quraşdırılan CARDOM minaatanını "Aybat" milli adı ilə silahlanmasına daxil edib. Bu sistemlərin təchizatı 2009-cu ildə başa çatıb.
Uqanda 2009-cu ildə özüyeriyən şassi üzərində qurulan 18 ədəd CARDOM sistemi əldə edib. Portuqaliya isə 2008-2011-ci illərdə 33 ədəd 120 mm-lik CARDOM minaatanını silahlanmasına qəbul edib. Bu siyahını sadalamaqda məqsədim CARDOM minaatanlarının tətbiq coğrafiyasının geniş konturlarını diqqətə çatdırmaqdan ibarətdir.
CARDOM özüyeriyən minaatan kompleksi unikal hesab edilir, çünki o komandirlərə qısa zaman ərzində bir neçə minaatanın yüksək dəqiqlikli atəşini koordinasiya etməsinə və ya yönləndirməsinə imkan verən atəşi idarəetmə sistemi (AİS) ilə inteqrasiya olunub.
Dəqiq atəş zərbələrini təmin etmək üçün minaatanın kompüterləşdirilən AİS sistemi GPS və rəqəmsal xəritələrdən istifadə edir. Səfər vəziyyətində olan CARDOM, hətta idarəolunmayan mərmərlərlə bir neçə dəqiqə ərzində hədəfə zərbə endirilməsini təmin edə bilir. Qoşunlar düşmənlə birbaşa təmas xəttində olduqda isə yüksək dəqiqlikli lazerlə tuşlanan mərmilərin istifadəsi mümkündür. Minaatanın tuşlanması, PUA vasitəsilə lazerlə hədəf göstərmə vasitəsilə də həyata keçirilə bilər. GPS-dən istifadə edərək tuşlanmada hədəf nöqtəsindən maksimum 10 metr yayınma ilə yüksək dəqiqlik təmin edilir.
CARDOM kompleksinin tərkibində mövcud olan rəqəmsal AİS sistemi, ətalətli və ya peyk naviqasiya sistemindən əldə etdiyi məlumat əsasında hədəf və minaatanın qarşılıqlı koordinatlarını, həmçinin lazımi hədəfə tuşlanma bucağını hesablayır. AİS-dən tuşlanma mexanizmlərinə nəzarət etmək üçün də istifadə olunur. Belə bir idarəedilmə metodu mümkün yayınmanı azaltmağa və nəticə etibarilə zərbələrin dəqiqliyinin artırılmasına səbəb olur.
Hər bir atəşdən sonra avtomatika lülənin mövqeyini müstəqil olaraq nizamlayır və bununla da atəşin daha yüksək dəqiqliyini təmin edir. AİS-dən istifadə atəş üçün hazırlıq zamanını da minimuma endirməyə imkan verir. Döyüş vasitəsinin mövqedə yerləşdirilməsindən 30 saniyə sonra ilk atəş açılır.
Minaatanın istənilən platformada quraşdırılması, ona 360 dərəcəlik atəş sektorunu təmin edərək istənilən istiqamətdə mövqe dəyişmədən atəş açmağa imkan verməlidir.
CARDOM özünə aid elektrik şəbəkəsinə malikdir və bu onun heyətinə idarəetmə sistemindən istifadə etməklə minaatanı tuşlamağa imkan verir. Ehtiyat variant olaraq mexaniki idarəetmə də nəzərdə tutulur.
Özüyeriyən minaatanın susrsat dəsti, onun quraşdırıldığı platformanın bazasından və döyüş bölməsinin həcmindən asılıdır. Kompleks NATO standartına uyğun 81 və 120 mm-lik minaatan sursatlarından istifadə edir.
Azərbaycanın əldə etdiyi CARDOM 120 mm çaplı minalardan atəş açarkən, maksimum atəş məsafəsi 7.2 kilometr təşkil edir. Bundan əlavə, 700 kq kütləyə malik kompleks, 9.5 km məsafədə hədəfi məhv edə bilən uzaqmənzilli minalardan da atəş aça bilir. Təcrübəli heyətin dəqiqədə 15-16 atəş açması mümkündür. Lakin bu qədər sürətli tempdə atəşin davam etdirilməsinə döyüşün ilk dəqiqələrində icazə verilə bilər. Sonradan isə lülənin qızmasının və deformasiyasının qarşısını almaq, nəticədə atəş dəqiqliyini qorumaq üçün atəş tezliyini dəqiqədə 4 dəfəyə qədər endirmək daha doğru hesab edilir. Heyət üzlərinin sayı istifadə edilən şassidən asılı olaraq 2 və ya 4 nəfər ola bilər.
Hazırda İsrail və Azərbaycanla bərabər digər ölkələrin Silahlı Qüvvələri tərəfindən də istismar edilən CARDOM sistemi ilə təchiz olunan özüyeriyən minaatanların istehsalı davam edir. Sistemin orijinal döyüş modulu Yaxın Şərqdə gedən döyüş əməliyyatlarında dəfələrlə istifadə olunub və özünü müsbət cəhətdən göstərib. Gələcəkdə CARDOM sisteminin tədarükü üçün yeni sifarişlərin olacağı istisna edilmir.
Azərbaycan ordusunda hazırda istifadə edilməyən kifayət qədər tırtıllı və təkərli zirehli vasitələr mövcuddur. MSN isə artıq illərdir ki, həm minaatanların, həm də zirehli avtomobillərin müxtəlif versiyalarını istehsal edir. İstifadəsiz qalan vasitələrin artilleriya vasitələrinə çevrilməsi heç də mürəkkəb proses hesab edilmir. Bu təcrübə tərəfdaşlıq etdiyimiz ölkələrin hər birində mövcuddur.
Düşünürəm ki, artıq silah bazarının diqqətini cəlb edəcək, real döyüşün taleyinə təsir edəcək unikal silah sistemləri istehsal etməyin zamanı gəlib. Davamlı olaraq kənardan silah almaq ölkənin həm milli, həm də iqtisadi maraqlarına ziddir. Təbii ki, bəlli bir komponentlərin və ya sistemlərin qısa müddət ərzində idxal edilməsi qəbahət deyil, lakin artıq hamının 70 il istehsal etdiyi sistemləri təkrar istehsal etməklə ciddi nailiyyət əldə ediləcəyinə ümid etmək olmaz. İsrail, Belarus, Türkiyə, Pakistan, Rusiya, Ukrayna və s. kimi silah ixracatçıları ilə bu qədər sıx əlaqələrimizin və işbirliyimizin mövcud olması Azərbaycan HSK-nın daha yüksək səviyyədə olmasını tələb edir. Maksimum hədəflər dəqiqləşdirilməli, onlara uyğun planlı layihələr həyata keçirilməlidir. Silahlı Qüvvələrin inkişaf tempinə uyğun silah sistemlərinin hazırlanmasında Hərbi Akademiyanın, Elmlər Akademiyasının, Texniki Universitetin professor-müəllim heyəti, silah mühəndisləri, özəl şirkətlər, ehtiyac yaranarsa xarici mütəxəssislər iştirak etməlidir. Bütün bunların həyata keçirilməsi üçün ölkəmiz həm iqtisadi, həm hərbi-texniki potensiala malikdir. Sadəcə layihələndirmə və istehsal prosesinin koordinasiyasına və qurumlararası qarşılıqlı əlaqələrin daha üst səviyyəyə çatdırılmasını sürətləndirmək yetərlidir. Gələcək çalışmalarda düşmənin müxtəlif artilleriya sistemlərinin, minaatanlarının və digər iri çaplı silahlarının koordinatlarının müəyyənləşdirilməsi üçün tək və ya şəbəkə halında istifadə edilə biləcək, radioelektron mübarizə vasitələrinin təsirinə məruz qalmayan Akustik Çoxfunksiyalı Sensorların istehsalına geniş yer verilməlidir. Bu sensorların özüyeriyən artilleriya sistemləri ilə birgə tətbiqi, qaçılmaz döyüş əməliyyatlarının başlanğıcında keçiriləcək artilleriya hazırlığı mərhələsində düşmənin əsas silah sistemlərinin həm qısa zamanda, həm də az sursat məsrəfi ilə sıradan çıxarılmasına imkan verəcək.
REM təsirinə məruz qalmayan sensorların düşmən tərəfindən aşkar edilməsi ehtimalı çox aşağı olmalıdır. Bu sensorlar həm ön xətdə bir növ antisnayper detektoru funksiyasını yerinə yetirəcək, həm də batareya əleyhinə atəşin effektivliyini artıracaq. Sensorların təqribi olaraq 81 mm çaplı minaatanı 20 km, 155 mm çaplı topu 30 km, iri çaplı pulemyotların koordinatlarını 7 km məsafədən təyin edən variantları artıq NATO ölkələrində tətbiq edilir. Nümunə olaraq Niderlandın "Microflown AVISA" şirkəti tərəfindən bazara təqdim olunan, hazırda Niderland da daxil olmaqla bir neçə NATO ölkəsinin silahlanmasında yer alan AMMS sensorlarının iş prinsipi əsas götürülə bilər. Bu sahədə ASELSAN-la əməkdaşlıq da qısa müddətdə ciddi nəticələrə səbəb ola bilər..