Ermənistanda keçmiş hərbi qulluqçu MN-in binası qarşısında aclıq aksiyasına başlayıb - DETALLAR (VİDEO)

2019/04/ireva-1554548333.jpg
Oxunub: 18063     15:15     06 Aprel 2019    
Keçmiş hərbi qulluqçu Ermənistan Müdafiə Nazirliyi qarşısında aclıq aksiyasına başlayıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2012-ci ildə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadasında hərbi xidmət zamanı 1-ci qrup əlil olan olan sabiq hərbi qulluqçu dünəndən etibarən Ermənistan MN-in qarşısında aclıq aksiyasına başlayıb.

Bildirilir ki, o, səhhətində olan problemlərin həlli üçün zəruri olan yardım, o cümlədən Almaniyada müalicəsi üçün vəsait tələb edir. Sabiq erməni hərbi qulluqçunun 1-ci qrup əlil olmasına səbəb yanlış cərrahiyyə əməliyyatının aparılması olub. Davit Hakobyanın 2012-ci ildə Ermənistan sülhməramlı briqadasında xidmət etdiyi dövrdə qarnında kəskin ağrılar baş verir və “Muratsan” hərbi hospitalına təxliyyə edilir. Hakobyan hospitalda əməliyyat olunsa da, cərrahiyyə əməliyatı uğursuz keçirilir.


Birinci uğursuz əməliyyatdan bir neçə saat sonra ikinci uğursuz əməliyyat da aparılır, nəticədə Hakobyan komaya düşür. Komadan ayıldıqdan sonra Hakobyan, hətta valideynlərini tanıya bilmir. Artıq 1 ildir ki, Hakobyan əlil arabasındadır, sağ tərəfində halsızlıq, zəiflik problemi davam etməkdədir. 8 ildir bütün dövlət orqanlarına müraciəti cavabsız qalır.

O bildirir ki, hər bir cərrahiyyə əməliyyatı səhv və yersiz aparılıb. Bugünədək cərrahiyyə əməliyyatlarına nəyin səbəb olduğunu dərk etmədiyini qeyd edir. O qeyd edir ki, sabiq Müdafiə naziri Seyran Ohanyanın dövründə ondan həkimə qarşı şikayət etməməsi xahiş edilib və bunun əvəzində müalicənin davam etdirilməsi üçün Almaniyaya göndəriləcəyinə dair vəd verilib.

Lakin şikayətçi deyir ki, bugünədək müxtəlif səbəblərə əsaslanaraq hər dəfə verilən vədlər təxirə salınır. O, Ohanyandan sonra nazir Vigen Sarkisyana da müraciət edib, lakin yenə nəticə olmayıb. Bundan sonra MN-in verdiyi vədləri yerinə yetirmədiyini görən hərbi qulluqçu diqqəti probleminin həllinə yönəltmək məqsədilə 2015-ci ildə MN-in binasında bomba olması ilə bağlı yalan məlumat verib. Bu yalan zənginə görə isə 1,5 il həbsə alınıb.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts hesab edir ki, bu cür ağır bir addımı atmaq yanlış hərəkətdir. Hüquq müdafiəçisi hesab edir ki, problemi qabartmaq üçün belə yalan zəngə yox, məhkəmələrə müraciət edərək, problemin həllinə nail olmaq lazımdır.


“İnsan hüquqları naminə jurnalistlər” ictimai təşkilat rəhbəri Janna Aleksanyan da hesab edir ki, xidmət zamanı baş verdiyinə görə MN Hakobyanın müalicəsini həyata keçirməyə borcludur. Belə çıxır ki, faktiki olaraq dövlət vətəndaşı əlil edib və müalicəsini aparmaqdan imtina edir.

Məsələ ilə bağlı Ermənistan MN-in mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan bildirib ki, heç bir açıqlama verə bilməz, çünki qeyd olunan məsələ hüquqi yanaşma tələb edir. Davit Hakobyan qeyd edir ki, MN tərəfindən edilən maddi yardım müalicənin aparılması üçün kifayət etməyib.

“Hüququn inkişafı mərkəzi” ictimai təşkilatın sədri hüquqşünas Violeta Zopunyan qeyd edir ki, Ermənistan qanunvericiliyinə görə, həkim səhvi qanunda öz əksini tapmadığına görə bunu dəqiq həkim tərəfindən edilən səhv kimi dəyərləndirmək mümkün deyil. Davit Hakobyan bütün orqanlara müraciət etdiyini, lakin probleminin həll edilmədiyini, müalicəsinin aparılmadığını qeyd edir.

Almaniyada müalicə olunmaq üçün vəsait toplanılması məqsədilə adına hesab açıldığını da qeyd edib. Ermənistan MN-in mətbuat katibi bildirib ki, onun səhhəti ilə bağlı problemin həlli Səhiyyə Nazirliyinə aiddir.

Şikyətçi Davit Hakobyan bildirib ki, Müdafiə naziri ilə görüşlərinin nəticəsi olaraq müalicə üçün qəbul olunsa da, heç bir tibbi müdaxilə edilməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN   Etiraz  


Bizi "telegram"da izləyin