Minalı sahələrdə məsafədən keçid yarada bilən POMINS-2
Oxunub: 15119
10:08
08 Aprel 2019
Şübhə yoxdur ki, İsrail-Azərbaycan münasibətləri hər il bir öncəkindən keyfiyyətcə daha üstün səviyyəyə yüksəlir. Yeni əməkdaşlıq sahələrinin açılması ilə bərabər mövcud hərbi-texniki əməkdaşlıq hər iki dövlətin milli maraqlarına xidmət edəcək şəkildə inkişaf etdirilir.
İsrailin Azərbaycan Milli Ordusuna təqdim etdiyi çoxsaylı silah sistemlərindən biri də "Israel Military Industries" kompaniyasının istehsal etdiyi POMINS-2 (Portable Mine Neutarlization System) daşınan mina təmizləmə sistemidir. Mühəndis avadanlıqları qrupuna aid olan POMINS-2 hücum edən bölmələrin minalı ərazilərdən təhlükəsiz keçidini təmin etmək məqsədilə hazırlanıb. Bu vasitələrin ilk partiyası Azərbaycana hələ 7 il əvvəl gətirilib və dəfələrlə döyüş təlimlərində istifadə edilib.
Azərbaycan Ordusunun həm geniş miqyaslı, həm də mühəndis istehkam bölmələrinin planlı taktiki-xüsusi təlimləri zamanı POMINS-2 sistemlərindən istifadə olunaraq onun taktiki texniki xüsusiyyətləri və səmərəliliyi döyüşə maksimum yaxın şəraitdə yoxlanılır. Bu təlimlərdə adətən hücum əməliyyatlarının mühəndis təminatı və qarşılıqlı əlaqə məsələrinin incəlikləri məşq edilir. Özünü müsbət cəhətdən göstərə bilən POMINS-2 mina təmizləmə sisteminin müəyyən fasilədən sonra növbəti partiyalarının təkrarən Silahlı Qüvvələrimizə təhvil verilməsi bu sistemlə bağlı mövzunun bir daha aktuallaşmasına səbəb oldu.
Minalı sahələrdə uzaq məsafədən 50 metr uzunluğunda və 1.5 metr enində keçid yarada bilən POMINS-2, öncə POMINS adı ilə yalnız İsrail Ordusu üçün nəzərdə tutulurdu. Sonradan tələbat nəzərə alınaraq istehsal prosesi gücləndirildi, sistem təkmilləşdirildi və bir çox digər silah sistemləri kimi POMINS-2 də Azərbaycan Ordusunun mühəndis hissə və bölmələrinin silahlanmasına qəbul edildi.
2 nəfər heyət tərəfindən daşınan qurğudan buraxılan raket, arxasınca üzərində partlayıcılar olan detonasiya naqilini sarğıdan açaraq havada irəliləyir. Partlayışdan sonra keçid yaranır. Sistemi atəşə hazırlamaq üçün 30 saniyə kifayətdir.
Günün istənilən vaxtında, hava şəraitindən asılı olmayaraq tətbiq edilə bilən POMİNS-2 sistemi imkanları çərçivəsindəki ərazini istənilən piyada əleyhinə minalardan və məftilli maneələrdən təmizləmək qabiliyyətinə malikdir.
POMINS-2 sisteminin atıcı qurğusu və sursat konteyneri alminiumdan hazırlanır, kütləsi 27 kq-dır. Atıcı qurğunun uzunluğu 110 sm, sursat konteynerinin uzunluğu 84 sm, sonuncunun diametri isə 170 mm-dir. Sistem MİL-STD 1316 və STANAG 4187 standartlarının tələblərinə uyğun hazırlanır.
Bu sistemlərin əsasən tələsik hazırlanan mina sahələrində keçidlərin açılması və yaşayış məntəqələrində böyük dağıntılara yol verməmək məqsədilə istifadəsi daha məqsədəuyğundur. Təbii ki, geniş miqyaslı əməliyyatların və zirehli texnikaların mina sahələrində keçidlərlə təminatı üçün digər özüyeriyən və iriqabaritli vasitələrdən istifadə edilir.