Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Bakının azad edilməsinin 100 illiyi münasibətilə keçirilən paradda çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
Çıxışına Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə şeiri ilə başlayan Ərdoğan iki ölkə arasındakı tarixi bağlardan danışıb, Azərbaycan-Türkiyə qardaşlığının şanlı zəfərlərindən olan Bakının azad edilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışının əsas istiqaməti Dağlı Qarabağ problemi üzərində quran qardaş ölkə başçısı qeyd edib ki, Türkiyə Azərbaycana Qarabağ məsələsi başda olmaqla bütün sahələrdə sonuna qədər dəstək göstərməyə davam edəcək.
“1 milyona qədər soydaşımızın artıq göz yaşları dayansın istəyirik. Qardaş Azərbaycanın torpaqlarının 20 faizdən çoxunu işğal altında saxlayan və 1 milyon soydaşımızı öz yurdlarından didərgin salanların bizdən sərhədlərimizi açmaq istəməsi boşunadır. Türkiyənin bu məsələdə mövqeyi bəllidir və dəyişməzdir. Əlbəttə ki, biz qonşularımızla müsbət münasibətlər axtarışındayıq, lakin Dağlıq Qarabağ məsələsinin həlli Ermənistanla münasibətlərimizin normallaşması üçün olmazsa olmaz şərtdir. Bundan sadəcə olaraq 25 il öncə Xocalıda və ümumilikdə Qarabağda qətllər törədənləri qəhrəman elan edənlər bizə hər hansısa tarixi dəsr verə bilməzlər”, - deyə Ərdoğan vurğulayıb.
Dəyanət Ağalarlı
Ordu.az