Əvvəlcə onu qeyd edim ki, Ermənistan Xarici İşlər nazirinin mətbuat katibi Anna Nağdalyan avqust ayında keçirilən mətbuat konfransında Azərbaycanın KTMT-yə üzv olmasına qarşı Ermənistanın veto qoymaq hüququna sahib olduğunu bildirib. Görünür, Azərbaycanın KTMT-yə üzvlük məsələsi Ermənistan hökümətində ciddi narahatlığa səbəb olub.
Ermənistan KİV-də yayılan bəzi məlumatlara əsasən rəsmi İrəvan Qarabağda bufer zona yaradaraq, orada Rusiya silahlı qüvvələrindən ibarət sülhməramlıların yerləşdirilməsini planlaşdırırdı. Lakin Azərbaycanın KTMT-yə üzv olacağı təqdirdə Qarabağla bağlı müzakirə oluna biləcək hər hansı bir məsələyə veto hüququ qoymaq əldə edəcək ki, bu da Ermənistan hökumətində ciddi narahatlığa səbəb olub. Digər tərəfdən, yayılan bəzi məlumatlara əsasən Paşinyan Qarabağda bufer zona yaradaraq, orada ABŞ-ın da diktəsi ilə NATO sülhməramlılarından ibarət qoşunların yerləşdirməsinə çalışır.
Beləliklə, Ermənistan baş naziri Əfqanıstan versiyasının bir növünü də Qarabağa tətbiq etmək niyyətindədir. Xüsusilə, N.Paşinyanın Rusiya səfəri çərçivəsində Qarabağla bağlı sərt bəyanatlarla çıxış etməsini ABŞ-ın dəstəyi ilə əlaqələndirə bilərik.
Belə ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın daxili siyasi vəziyyətilə bağlı son bəyanatını şərh edib. Jurnalistlərin “Lavrovun bəyanatını Ermənistan rəhbərliyinə təzyiq və ölkənin daxili işlərinə qarışmaq hesab edirsinizmi?” sualını cavablandıran Mills Rusiya XİN rəhbərinin bəyanatı ilə tanış olduğunu və bunu müsbət dəyərləndirmədiyini deyib.
O, bildirib ki, Ermənistan rəhbərliyi mütləq Lavrovun bu sözlərinə cavab verməlidir. Səfirin fikrincə, rəsmi İrəvanın hazırkı fəaliyyəti tamamilə düzgündür. Məhz bu səbəbdəndir ki, Rusiya səfəri öncəsi Paşinyan ABŞ-ın dəstəyini gördüyü üçün Putinlə görüş zamanı iki ölkə arasında münasibətlərin bir-birlərinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurulacağına ümid etdiyinə dair fikir səsləndirib. Elə bu səbəbdəndir ki, ABŞ-ın dəstəyinə arxalanan Ermənistan baş naziri Rusiya səfəri zamanı Qarabağla bağlı "Kommersant"a verdiyi müsahibəsində çəkinmədən sərt fikirlər səsləndirirdi.
Bu zaman belə bir sual yaranır: ATƏT Minsk qrupunun həmsdrlərindən biri olan ABŞ-ın Ermənistanın yeni hökumətini dəstəkləyən açıqlamalarla çıxış etməsi və Paşinyanın Qarabağla bağlı Azərbaycana qarşı təhdidlər səsləndirdiyi bir zamanda heç bir bəyanatla çıxış etməməsi, məhz Azərbaycana qarşı ikili siyasət yeritmək deyilmi?... Burada yeni sual yaranır. Görəsən, Qarabağ münaqişəsinin həllində ən çox maraqlı olan tərəf ABŞ, yoxsa Rusiyadır?
Analitik Ehtiram Aşırlı
Ordu.az