Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Çinin ABŞ-dakı səfirliyi yeni strategiyanı tənqid edib.
Lavrov ABŞ-ın yeni strategiyasının qarşıdurmanı qızışdırdığını bildirib.
“Təəssüf ki, normal dialoq qurmaq, beynəlxalq hüququn prinsiplərinə söykənmək əvəzinə ABŞ bu cür konfrontasiyalı strategiyalar və konsepsiyalarla öz liderliyini isbat etməyə çalışır. Biz dialoqa açıq, hərbi doktrinaları müzakirə etməyə hazırıq”, - deyə o əlavə edib.
Yeni strategiyanı tənqid edən Çin səfirliyi isə Çinin qlobal dominantlıq yox, qlobal partnyorluq axtardığını bildirib.
“Əgər bəziləri dünyaya soyuq müharibə, sıfır-sıfır oyun zehniyyətilə baxsalar, sadəcə münaqişə və qarşıdurma ilə üzləşməyə məhkumdurlar”, - deyə bəyanatda qeyd olunub.
Xatırladaq ki, dünən açıqlanan yeni strategiyada ABŞ-ın yeni prioritenin terrorizm deyil, Rusiya və Çin kimi qlobal güclərlə rəqabət aparmaq olduğu göstərilib.
Ağalar Ağalarlı
Ordu.az