ABŞ ən böyük sursat anbarı üçün 2,3 milyard dollarlıq müqavilə imzalayıb

2026/06/1781090488.jpg
Oxunub: 217     15:15     10 İyun 2026    
ABŞ ordusu ölkənin ən böyük birgə sursat saxlama obyekti olan “Hawthorne” Ordu Deposunun istismarı, texniki xidməti və modernləşdirilməsi üçün 2,3 milyard dollar dəyərində uzunmüddətli müqavilə bağlayıb.

Ordu.az xəbər verir ki, müqavilə obyektin fəaliyyətinin 2046-cı ilə qədər davam etdirilməsini təmin edəcək.

İyunun 9-da açıqlanan müqaviləyə əsasən, “Day and Zimmermann Hawthorne Corp.” şirkəti Nevada ştatında yerləşən Hawthorne Ordu Deposunu növbəti 20 il ərzində idarə edəcək.

Dörd təklifin qiymətləndirildiyi tender prosesinin nəticəsi olaraq bağlanan müqavilə obyektin istismarı, texniki xidmət işləri, infrastrukturun modernləşdirilməsi və müəyyən sursat növlərinin məhv edilməsini əhatə edir.

Nevadanın qərbində, Reno şəhərindən təxminən 320 kilometr cənub-şərqdə yerləşən “Hawthorne” Ordu Deposu 147 min akr ərazisi ilə ABŞ-nin sahəsinə görə ən böyük sursat saxlama obyektidir.

1930-cu ildə yaradılan obyekt yüngül silah sursatlarından artilleriya mərmilərinə, idarəolunan raketlərdən iri aviasiya bombalarına qədər geniş çeşiddə sursat ehtiyatına malikdir.

Hesabatda qeyd olunur ki, Ukrayna müharibəsindən sonra sursat ehtiyatlarının əhəmiyyəti daha da artıb. ABŞ-nin Ukrayna və digər müttəfiq ölkələrə genişmiqyaslı sursat göndərişləri mövcud ehtiyatların qorunması və yenidən formalaşdırılması məsələsini daha vacib edib.

Yeni müqavilə çərçivəsində istifadə müddəti başa çatmış sursatların təhlükəsiz şəkildə məhv edilməsi, təhlükəsizlik, yanğınsöndürmə, ətraf mühitin idarə olunması, informasiya texnologiyaları, əməyin mühafizəsi və digər dəstək xidmətləri də həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Sursat  


Bizi "telegram"da izləyin