Erməni siyasi xadim: “Son araşdırmalar nəticəsində təxminən 200 səsin sistemdə sıfır kimi göstərildiyi aşkarlanıb”

2026/06/1781084182.jpg
Oxunub: 195     13:33     10 İyun 2026    
“İşıqlı Ermənistan” partiyası seçkilər zamanı qeydə alınan pozuntuların araşdırılmasını davam etdirir və artıq bir sıra seçki məntəqələrində səs nəticələri ilə bağlı uyğunsuzluqlar aşkar edib”.

Ordu.az xəbər verir ki, bu barədə partiyanın sədri və deputatlığa namizədlər siyahısına rəhbərlik edən Edmond Marukyan sosial şəbəkədə yayımladığı videomüraciətdə bildirib.

Onun sözlərinə görə, partiya bəzi məntəqələrdə öz nümayəndələrinin əldə etdiyi protokolları Mərkəzi Seçki Komissiyasının açıqladığı nəticələrlə müqayisə edib.

Marukyan iddia edib ki, bir sıra məntəqələrdə partiyanın lehinə verilən səslər protokollarda göstərilsə də, Mərkəzi Seçki Komissiyasının məlumat bazasında sıfır kimi qeyd olunub.

“Təkcə son araşdırmalar nəticəsində təxminən 200 səsin sistemdə sıfır kimi göstərildiyi aşkarlanıb. Bu səsləri təsdiqləyən protokollar əlimizdədir”, - deyə Marukyan vurğulayıb.

Onun fikrincə, məsələ yalnız “İşıqlı Ermənistan” partiyasına deyil, bütövlükdə seçki prosesinə ictimai etimada aiddir.

Erməni siyasətçi qeyd edib ki, seçki kampaniyası dövründə hər bir səs uğrunda mübarizə aparılır və buna görə də belə uyğunsuzluqlar diqqətdən kənarda qala bilməz.

Marukyan məsuliyyət məsələsinə də toxunaraq bildirib ki, əgər səs mövcuddursa, lakin sistemdə sıfır kimi göstərilibsə, bunun səbəbkarı müəyyən edilməlidir.

O, digər siyasi qüvvələri də seçki prosesində aşkarladıqları pozuntular barədə məlumatları ictimaiyyətlə bölüşməyə çağırıb.

“İctimai etimadın bərpası yalnız məhkəmə prosedurlarından daha vacibdir. Əgər faktlar varsa, onlar açıqlanmalıdır. Xalqın etimadı Konstitusiya Məhkəməsinə müraciətdən daha vacibdir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin