Erməni jurnalist: “Mandatların qəbul olunması küçə mübarizəsindən imtina anlamına gəlməməlidir”

2026/06/1781084550.jpg
Oxunub: 228     13:38     10 İyun 2026    
“Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərindən sonra müxalifətin deputat mandatlarını qəbul edib-etməməsi məsələsi müzakirə olunmaqda davam edir”.

Ordu.az xəbər verir ki, bunu erməni jurnalist Voskan Sarkisyan “Facebook” hesabında yazıb.

O bildirib ki, siyasətdən yaxşı baş çıxaran tanışı ilə söhbəti zamanı bu məsələyə dair maraqlı fikirlər səsləndirilib.

“Əgər müxalifət parlament mandatlarını qəbul etməsə, Nikol Paşinyan parlamentdə müxalifətsiz qalacaq və istənilən qərarı heç kimlə hesablaşmadan qəbul edə biləcək. Paşinyan artıq ABŞ və Avropa İttifaqından təbriklər alıb və bu da onun hakimiyyətinin legitimliyinin tanınması kimi qiymətləndirilir”, - deyə Sarkisyan qeyd edib.

Sarkisyan qeyd edib ki, müxalifət parlamentdə təmsil olunacağı təqdirdə Paşinyanın konstitusion çoxluq, yəni səslərin 3/5 hissəsini əldə etməsinin qarşısını ala bilər.

“Bu halda hakimiyyət baş prokurorun, Konstitusiya Məhkəməsi və Kassasiya Məhkəməsinin hakimlərinin, Mərkəzi Seçki Komissiyasının sədrinin, Mərkəzi Bank rəhbərinin və digər yüksək vəzifəli şəxslərin təyinatını təkbaşına həyata keçirə bilməyəcək.

Parlamentdə fəaliyyət göstərən müxalifət koordinasiyalı mübarizə apararaq Azərbaycanın anklavlarının qaytarılması, yeni Konstitusiyanın qəbul edilməsi və Müstəqillik Bəyannaməsinin ləğvi kimi məsələlərin qarşısını almağa çalışa bilər.

Mandatların qəbul olunması küçə mübarizəsindən imtina anlamına gəlməməlidir və müxalifət fəaliyyətin hər iki formasını vəziyyətə uyğun şəkildə birləşdirməlidir”, - deyə o bildirib.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə səslər aşağıdakı kimi bölünüb:

“Vətəndaş Müqaviləsi” partiyası - 49,825 faiz;
“Güclü Ermənistan” bloku - 23,281 faiz;
“Hayastan” bloku - 9,934 faiz;
“Çiçəklənən Ermənistan” partiyası - 3,996 faiz.

Parlamentə keçid həddi 4 faiz təşkil edir. Səslərin yenidən hesablanmasından sonra “Çiçəklənən Ermənistan” partiyasının nəticəsi 4 faizə çatarsa, həmin siyasi qüvvə də yeni parlamentdə təmsil olunacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   Ermənistan  


Bizi "telegram"da izləyin