Starmer: "Belfastda kütləvi iğtişaşların iştirakçıları cəzalandırılacaq"

2026/06/1781070136.jpg
Oxunub: 402     13:38     10 İyun 2026    
Belfastda (Şimali İrlandiya) kütləvi iğtişaşların iştirakçıları cəzalandırılacaq.

Ordu.az-ın məlumatına görə, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu barədə "X" hesabında yazıb.

"Ötən gecə Belfastdakı səhnələr şokedici və tamamilə qəbuledilməz idi. İcmalarımızı təhdid edən zorakılıq və iğtişaşlara, eləcə də buna təhrik edənlərə heç bir haqq qazandırıla bilməz. Günahkarlar qanunun bütün gücünü hiss edəcəklər", - o qeyd edib.

Britaniya mediasının məlumatına görə, şahidlər yaşayış binalarında partlayışlar və yanğınlar, avtomobillərin yandırılması barədə məlumat veriblər. Sosial şəbəkələrdə polisin sakinləri evlərindən təxliyə etdiyini əks etdirən videolar yayılıb.

***

Belfastda (Şimali İrlandiyanın paytaxtı) iyunun 8-i axşam saatlarında şəhərin şimalında baş verən bıçaqlı hücumdan sonra iğtişaşlar baş qaldırıb.

Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Şəhərdə evlər və avtomobillər yandırılıb, bütün ictimai nəqliyyatın hərəkəti isə dayandırılıb.

Etirazlar həmçinin Londonderri, Antrim, Nyutaunabi, Ballimena və Banqorda da keçirilib. Bəzi etirazlar dinc keçib, lakin bir sıra ərazilərdə zorakılıq baş qaldırıb. Şərqi Belfastda təxminən 100 nəfərlik qrup qapıları sındırıb və pəncərələri qırıb. Onların böyük bir hissəsi yeniyetmələrdir. Eyni zamanda, zibil qutuları və bir avtobus da yandırılıb.

Şimali İrlandiyanın Yanğından Mühafizə və Xilasetmə Xidməti iyunun 9-u axşam saatlarında 62 insidentə müdaxilə edib. Yaxın günlərdə küçələrdə polis qüvvələrinin mövcudluğu gücləndiriləcək.

Etirazlar son vaxtlar baş vermiş insident - polisin səhlənkarlığı səbəbindən həlak olan 18 yaşlı tələbə Henri Novakın ölümü ilə əlaqədar keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belfast   İğtişaş  


Bizi "telegram"da izləyin