Modi Hindistanın ən uzunmüddətli baş naziri rekordunu qırıb

2025/04/1745943361.jpg
Oxunub: 253     13:20     10 İyun 2026    
Hindistanın Baş naziri Narendra Modi ölkənin müasir tarixində ən uzun müddət fasiləsiz vəzifədə qalan hökumət başçısı olub.

Ordu.az xəbər verir ki, iyunun 10-da Modinin ilk dəfə baş nazir kimi and içməsindən 4399 gün ötür.

Beləliklə, Narendra Modi müstəqil Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun rekordunu geridə qoyub.

Nehru 1952-ci il mayın 13-dən 1964-cü il mayın 27-dək, vəfatınadək fasiləsiz olaraq baş nazir vəzifəsində çalışmış və ümumilikdə 4398 gün bu postda qalmışdı. Bu rekord 60 ildən artıq müddətdə qüvvədə olmuşdu.

Bundan əvvəl Modi 2025-ci ildə Hindistanın digər keçmiş baş naziri İndira Qandinin fasiləsiz xidmət rekordunu da geridə qoymuşdu. İndira Qandi 1966-cı il yanvarın 24-dən 1977-ci il martın 24-dək, ümumilikdə 4077 gün baş nazir vəzifəsində çalışmışdı.

Narendra Modi həmçinin Nehrudan sonra parlament seçkilərində ardıcıl üç dəfə qələbə qazanan ilk hökumət başçısı olub. “Hindustan Times” nəşri qeyd edir ki, bu rekord Hindistanda baş verən böyük dəyişikliklər fonunda qeydə alınıb.

Nehru ölkəyə rəhbərlik etdiyi dövrdə Hindistanın əhalisi təxminən 340 milyon nəfər idi. Modi 2014-cü ildə vəzifəyə başladıqda isə bu rəqəm 1,31 milyardı keçmişdi. Hazırda ölkə əhalisinin 1,46 milyarddan çox olduğu bildirilir.

Qeyd edilir ki, Hindistan demokratiyasının miqyası da əhəmiyyətli dərəcədə genişlənib. 1951-1952-ci illərdə keçirilən ilk ümumxalq seçkilərində 53 siyasi partiya iştirak etdiyi halda, 2014-cü ildə onların sayı 464-ə, 2024-cü ildə isə 744-ə çatıb.

Eyni zamanda seçicilərin sayı ilk seçkilərdəki 170 milyon nəfərdən 2014-cü ildə 830 milyondan çox səviyyəyə yüksəlib. Modinin hakimiyyəti dövründə Rusiya-Hindistan münasibətlərinin də xüsusi imtiyazlı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd olunur.

İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq genişlənib və Rusiya Hindistanın ən böyük neft təchizatçılarından birinə çevrilib. Tərəflər həmçinin dinc nüvə enerjisi, hərbi-texniki əməkdaşlıq və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi daxil olmaqla bir sıra istiqamətlərdə birgə layihələri inkişaf etdirirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Modi   Hindistan  


Bizi "telegram"da izləyin