“Saab” ABŞ ordusuna VTESS təlim simulyasiya sistemləri tədarük edəcək

2026/06/1780550778.jpg
Oxunub: 252     09:23     04 İyun 2026    
İsveçin “Saab” müdafiə şirkəti ABŞ Ordusunun təlim və simulyasiya imkanlarını gücləndirmək məqsədilə 22,4 milyon dollar dəyərində yeni sifariş alıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Məlumata görə, sifariş ABŞ ordusunun BEST MAC (Bridge to Evolution Synthetic Training Environment Tactical Engagement Simulation Systems Multiple-Award Contract) proqramı çərçivəsində verilib.

“Saab”ın açıqlamasında qeyd olunub ki, müqavilə 60 aylıq müddətdə ümumi dəyəri 60,8 milyon dollara çata biləcək proqramın bir hissəsidir. Şirkət BEST MAC proqramının ikinci paketi çərçivəsində ABŞ ordusunun TESS (Tactical Engagement Simulation Systems) proqramına dəstək göstərəcək.

Sifarişə əsasən, “Saab” “Vehicle Tactical Engagement Simulation System (VTESS) Base Kit” adlanan nəqliyyat vasitələri üçün taktiki qarşıdurma simulyasiya sistemlərini təhvil verəcək.

Bildirilib ki, bu sistemlər ABŞ Ordusunun inventarında olan taktiki və qeyri-taktiki nəqliyyat vasitələrinin “qüvvəyə qarşı qüvvə” formatında keçirilən təlimlərdə fəal istifadəsinə imkan yaradacaq. Sistem vasitələrin real döyüş şəraitinə yaxın ssenarilərdə fəaliyyət göstərməsini təmin edir.

VTESS kompleksi lazer aşkarlama sistemləri, təlim sensorları və simulyasiya avadanlıqlarından ibarətdir. Bu texnologiya sayəsində şəxsi heyət mövcud nəqliyyat vasitələri və silah platformalarından istifadə etməklə real şəraitə uyğun döyüş hazırlığı keçə bilir.

Şirkət həmçinin bildirib ki, VTESS ABŞ Ordusunun hazırda istifadə etdiyi mövcud və əvvəlki nəsil TESS təlim infrastrukturuna uyğun şəkildə hazırlanıb. “Saab”ın ABŞ bölməsinin prezidenti və baş icraçı direktoru Erik Smit VTESS sistemlərinin təlim fəaliyyətlərinə mühüm töhfə verəcəyini bildirib.

Onun sözlərinə görə, VTESS əsas dəstləri ABŞ ordusunun nəqliyyat vasitələrinin “qüvvəyə qarşı qüvvə” təlimlərində daha inkişaf etmiş, etibarlı və istifadəçi dostu sistemlə iştirakını təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Saab   ABŞ   VTESS  


Bizi "telegram"da izləyin