“Past”: Ermənistanı Rusiya ilə münasibətlərin pozulmasından sonra nə gözləyir?

2026/04/1775489688.jpg
Oxunub: 190     15:52     04 İyun 2026    
Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyi ətrafında müzakirələr davam edir. Moskva ilə münasibətlərin pozulması ölkə üçün müxtəlif nəticələrə gətirib çıxara bilər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzeti “Ermənistanı Rusiya ilə münasibətlərin pozulmasından sonra nə gözləyir?” başlıqlı məqaləsində yazıb.

Nəşr “Tsargrad.tv” saytına istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi rəsmi İrəvanın Moskvaya verdiyi vədləri pozduğunu bəyan edib.

Məqalədə qeyd olunur ki, “Tsargrad.tv” Ermənistanın Rusiya ilə münasibətlərinin pozulmasından sonra ölkənin qarşılaşa biləcəyi üç mümkün ssenarini təhlil edib.

Birinci ssenari hakimiyyət dəyişikliyi və Moskva ilə praqmatik münasibətlərin bərpası kimi təqdim olunur.

Nəşrin fikrincə, Ermənistanda müxalifət mövcudluğunu qoruyur və keçmiş prezident Robert Köçəryan da daxil olmaqla rusiyameyilli siyasətçilər hələ də müəyyən siyasi çəkiyə malikdirlər.

“Paşinyanın bütün addımlarına baxmayaraq, adi ermənilərin əksəriyyəti Rusiyaya baş nazirlərindən daha müsbət yanaşır. Nikol Paşinyan seçkilərdə məğlub olarsa, yeni hakimiyyətin Moskva ilə münasibətləri bərpa etmək üçün motivasiyası olacaq.

Bu halda nəticə münasibətlərin bərpası və Ermənistan dövlətçiliyinin qorunması ola bilər. İkinci ssenari isə Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi kimi xarakterizə edilir. Qərb Ermənistanı Rusiyaya qarşı təzyiq alətinə çevirməyə çalışır.

Əraziyə Qərb qeyri-hökumət təşkilatları, təlimatçılar, daha sonra isə müxtəlif məsləhətçilər gəlir, NATO infrastrukturu formalaşdırılır. Bunun müqabilində isə İrəvan Avropa dəyərləri barədə gözəl sözlər və boş təhlükəsizlik zəmanətləri əldə edir”, - deyə məqalədə bildirilir.

Məqalə müəlliflərinin qənaətinə görə, belə bir inkişaf Ermənistanın suverenliyinin zəifləməsinə və Türkiyədən gələn təhdidlərin artmasına səbəb ola bilər.

“Üçüncü ssenari isə Ermənistanın Türkiyə-Azərbaycan orbitinə daxil olması kimi təqdim edilir. Qarabağ artıq itirilib və indi əsas müzakirə mövzularından biri Zəngəzur dəhlizidir.

Əgər İrəvan Rusiya müdafiəsindən məhrum olarsa, belə təzyiqlərə qarşı dayanmaq imkanları da məhdudlaşacaq”, - deyə məqalədə vurğulanır.

Müəlliflərin fikrincə, bu ssenari Ermənistan dövlətçiliyinin zəifləməsi, ərazi itkiləri, demoqrafik problemlər və mədəni aşınma ilə nəticələnə bilər.

Məqalədə qeyd olunur ki, Moskva hələ də İrəvan üçün qapıları tam bağlamayıb.

“Putin Paşinyanla danışıb və müəyyən şərtlər irəli sürüb. Bu, son xəbərdarlıq deyil, tərəfdaş hesab edilən şəxslərlə aparılan söhbətdir”, - deyə nəşr bildirib.

Nəşr sonda vurğulayır ki, siyasətçilər dəyişə bilər, lakin xalqlar və onların tarixi qalır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin