Tank Əleyhinə Minalar – TƏM bazarı, Milli və Hüquqi təşəbbüslər (ARAŞDIRMA+FOTOLAR) II YAZI

2024/06/1718967581.jpg
Oxunub: 8166     11:42     17 Aprel 2025    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Tank əleyhinə minalar bəzi ədəbiyyatlarda avtomobil əleyhinə minalar, texnika əleyhinə minalar və s. adlarla ifadə olunur. Biz bu yazıda Tank Əleyhinə Mina (TƏM) terminindən istifədə edəcəyik.

Taktiki hərbi terminlə desək, TƏM zirehli hərbi texnikanın istifadəsinin qarşısını alır, əngəlləyir və ya gecikdirir. Düşmənin bu TƏM-ləri təmizləmək cəhdlərinə mane olmaq və minatəmizləmə personalının işinə mənfi təsir göstərmək üçün minaları zərərsizləşdirmə əleyhinə vasitələrdən istifadə olunur. Nisbətən bahalı və taktiki cəhətdən daha vacib olan TƏM-i qorumaq üçün icad edilən orijinal qurğulardan biri Piyada Əleyhinə Mina (PƏM) idi. Bu sonuncu qurğu indi qadağan edilib, lakin onlar TƏM-lə birlikdə istifadə olunur. PƏM-lərin bu formada istifadəsi ilə bağlı hüquqi narahatlıq yaranıb.

TƏM-lər bəzən “Piyada Əleyhinə Minalardan başqa minalar” termini ilə də adlandırılır, bu ifadə bir sıra digər mina növlərini də əhatə edir. TƏM və onları qoruyan mexanizmlər münaqişə zamanı və ondan sonra mülki şəxslərə və onların icmalarına ciddi təsir göstərə bilər.


TƏM bazarı

Bu sistemlərlə bağlı mübahisələrə və müzakirələrə baxmayaraq, rəsmi silah sərgilərindən həssas qoruyucularla və ya zərərsizləşdirmə əleyhinə qurğularla təchiz olunmuş TƏM-ləri əldə etmək hələ də kifayət qədər sadə görünür. Məsələn, Çexiyanın “Policske Strojirny” şirkəti “Horizont” minasını satışa çıxarıb.

İstehsalçı minanı “texnika əleyhinə mina” və ya “avtomobili sıradan çıxaran mina” kimi təsnif edir. PD-Mi-PK olaraq da bilinən minanın piyada əleyhinə təsiri ola bilər. Şirkətin məlumatına görə, “Horizont” piyada əleyhinə mina ilə birgə istifadə edilə bilər, partlatma üçün elektrik qoruyucuları, eləcə də elektro-mexaniki sensor lazımdır. Partlayış zamanı mina normal olaraq texnikaya fəlakətli ziyan vurur, həmçinin ikinci dərəcəli qəlpələr 150-225 metr radiusa səpələnir. Elektro-mexaniki sensor-kontakt kabeli qurban tərəfindən aktivləşdirilən sistemidir, buna görə də Ottava Müqaviləsini pozur. Onun Çexiya Ordusunun inventarında olduğu güman edilir.

ABŞ-ın ATK şirkəti ilə əməkdaşlıq edən Çexiyanın “Max Merlin” şirkəti “Vulkan” sistemi ilə müqayisə edilə bilən VLAS mina səpələmə sistemini təklif edir. Digər mina kimi Slovakiyanın PTMi-D1 minalarını göstərə bilərik. Mina Almaniyanın AT-2 qurğurlarına bənzəyir.

Habelə Almaniyanın AT-2 minası Yunanıstanın “Hellenic Arms Industry” şirkəti tərəfindən müxtəlif sərgilərdə təqdim edilir. Şirkətin Yunan Ordusu tərəfindən satın alınmış Alman “Scorpion” mina səpələyən maşınında istifadə üçün lisenziya əsasında zərərsizləşdirmə əleyhinə cihaz ilə təchiz olunmuş AT-2 minasını istehsal edəcəyi məlum idi.

Almaniyanın “Diehl” şirkəti idarəetmə qurğusu ilə təchiz edilmiş müasir sensorla birləşdirilmiş Ərazi Müdafiəsi Texnika Əleyhinə Mina (ADW), Xorvatiyanın “Agencija Alan” şirkəti isə TMRP-6 Tank Əleyhinə Minasını təqdim edir.

7. Milli və Hüquqi təşəbbüslər

Dövlətlərin özləri TƏM-lərin təsiri ilə bağlı fərqli fikirlərə malikdirlər. Məsələn, ABŞ bildirir ki, “TƏM-lərin vurduğu humanitar zərər əhəmiyyətlidir. TƏM-lər qaçqınların evlərinə getməsinə, ərzaq yardımının ehtiyacı olanlara çatmasına və iqtisadi rifah üçün həyati əhəmiyyət kəsb edən malların sərbəst mübadiləsinə mane olur, həmçinin nəqliyyat vasitələrinin sərnişinlərinin xəsarət almasına və ya ölümünə səbəb olur”. Rəsmi Vaşinqton 2000-ci illərin əvvəllərində vurğulayıb ki, Anqola yollarının 70%-ə qədəri davamlı olaraq TƏM-lərlə bağlanıb”.

Digər tərəfdən Böyük Britaniya bildirib ki, “Əsas sual, həssas qoruyucular olan tank əleyhinə minaların əhəmiyyətli humanitar problemə səbəb olduğuna dair sübutların olub-olmamasıdır: Bu görüşdə və ondan əvvəlki iclaslarda heç kim belə bir sübut təqdim etməyib. Hesab edirik ki, biz diqqəti humanitar məsələyə yönəltməliyik...”


Adi Silahlar haqqında Konvensiya (ASK)

Adi Silahlar Haqqında Konvensiya (ASK) II Protokolu (1996-cı ildə düzəliş edilmiş) minalardan istifadə ilə bağlı məhdudiyyətləri əhatə edir. Bu müqaviləyə əsasən, “Mina” yerin və ya digər səth sahəsinin altında, üzərində və ya yaxınlığında yerləşdirilən və bir şəxsin və ya nəqliyyat vasitəsinin olması, yaxınlığı və ya təması nəticəsində partlatmaq üçün nəzərdə tutulmuş hərbi sursat deməkdir.

1996-cı ildə mülki şəxslərin və humanitar təşkilatların müdafiəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş qaydalar razılaşdırıldı. Bu, xüsusi olaraq TƏM-lərdən bəhs edən yeganə müqavilədir və 94 ölkə tərəfindən imzalanıb. Protokol 1996-cı ildə yenidən işlənib və 80 ölkə tərəfindən ratifikasiya edilib (2004-cü ilin noyabrına).

Bununla belə, TƏM-lərin aşkarlanması üçün heç bir tələb yoxdur. Uzaqdan buraxılan TƏM-lərə qoyulan məhdudiyyətlər minimaldır və qeyd olunan ərazilərdən kənarda qoyulmuş TƏM-lərə aid məhdudiyyətlər yoxdur. Bu boşluğu aradan qaldırmaq üçün bəzi təkliflər, həmçinin Almaniya hökumətinin “ən yaxşı təcrübələr” yanaşması ilə bağlı təklifi irəli sürülüb.

Lakin bu fikir bütün xalqlar tərəfindən paylaşılmır; məsələn Rusiya, Çin, Pakistan və ya Kuba. Rusiya Federasiyasının fikrincə, mülki əhaliyə gəldikdə, piyada əleyhinə minalardan başqa minaların qeyri-insani xarakteri, nizami silahlı qüvvələr tərəfindən istifadə edilməsi problemi xeyli dərəcədə şişirdilib.

Çin hesab edir ki, aşkar edilə bilməyən minalar, II Protokola uyğun olaraq düzgün istifadə edilərsə, mülki şəxslər üçün humanitar risk yaratmayacaq.

Hindistan bildirir ki, piyada əleyhinə minalardan başqa minaların, partlayıcı maddələr və digər hərbi sursatların qeyri-dövlət subyektləri tərəfindən istifadəsi heç bir normalara uyğun gəlmir və buna görə də uzun müddət ərzində gözlənilməz şəkildə günahsız mülki şəxslərin həyatına və əmlakına əhəmiyyətli zərər verə bilər.

Almaniya bildirir ki, piyada əleyhinə minalardan başqa minalardan istifadə humanitar əzablara səbəb ola bilər və humanitar yardım, sülhün qorunması, yenidənqurma, sosial və iqtisadi inkişafa ciddi maneə törədə bilər.

Milli qanunvericilik

İtaliyada olduğu kimi milli qanunvericilik və ya Almaniyada olduğu kimi parlament qərarları TƏM-lərlə bağlı məhdudiyyətlər və qaydalar təmin edir. TƏM haqqında milli qanunvericilik, Ottava Müqaviləsi qüvvəyə minməmişdən əvvəl İtaliya Parlamenti tərəfindən təsdiq edilib.


Həssas qoruyuculara və zərərsizləşdirmə əleyhinə qurğulara milli yanaşmalar

Bir sıra qoruyucular və zərərsizləşdirmə əleyhinə qurğularla bağlı problemlərlə bağlı tədbirlər görməyə başlanılıb. Bolqarıstan, Kanada, Macarıstan və Sloveniya artıq qoruyuculara və zərərsizləşdirmə əleyhinə qurğulara sahib olan TƏM-ləri məhv edib və ya məhv etmək niyyətindədir. Başqa bir misal kimi, Hollandiya, bu minaların mina aşkarlama avadanlığına cavab olaraq işləyə bilməyəcəyinə əmin olmasa, 10.000 DM-31 TƏM-dən istifadə etməyəcəyini bəyan edib.

Almaniyada həmçinin 125.000 DM 31 TƏM ehtiyatı var və onun müqayisə edilə bilən tədbirlər görəcəyinə ümid etmək olar. Mina istehsalçısı bildirdi ki, bu TƏM Ottava Konvensiyasını pozur və dəyişdirilməlidir. Ottava Konvensiyasının öhdəliklərini yerinə yetirmək üçün ehtiyatda olan DM 31 tank əleyhinə minanın modernləşdirilməsi 20-25 milyon dollar dəyərində olacaq.

Alman DM 31 istehsalçısı bildirir ki, Alman Ordusu hələ də mexaniki şəkildə döşənmiş çoxlu sayda TƏM ehtiyatı saxlayır. Bu minalardan bəziləri Ottava Konvensiyasını pozur, bu da onların modernləşdirilməsini zəruri edir.

8. Nəticə

Müxtəlif proqram və layihə sahələrində humanitar agentliklər tank əleyhinə minalarla mübarizə aparmağa çalışırlar. Onlar mina və hərbi sursatlardan təmizləmə əməliyyatlarına əhəmiyyətli dərəcədə mane olur və əngəl törədir, həqiqətən də bir çox hallarda humanitar heyəti təhlükə altına qoyur, saysız-hesabsız qaçqınların, məcburi köçkünlərin, kənd sakinlərinin, eləcə də QHT işçilərinin həyatını riskə atır.

ASK-nin II Protokolu TƏM-lərin artan təhlükəsini kifayət qədər həll etmir. Bir sıra ölkələr tərəfindən artıq atılan müsbət addımlar var: məsələn, bütün avtomobil əleyhinə minaların aşkar edilməsi əleyhinə vasitələrin istifadəsinin açıq şəkildə qadağan edilməsi. Özünü məhv etmə və özünü deaktivasiya texnologiyası kimi texniki həllərdən istifadə problemi həll etmir.

Piyada əleyhinə minalarla bağlı təcrübə onu deməyə əsas verir ki, silahdan istifadə nəticəsində yaranan problemlərin səbəbi silahın özüdür. Beynəlxalq Humanitar Hüquq həm TƏM, həm də onların müxtəlif birləşmə sistemlərinin yaratdığı problemlərə uyğun və effektiv həllər tapmaq üçün millətlərin siyasi iradəsini nəzərə alaraq tənzimləyə bilər.


- BQXK-nin personal tərəfindən aktivləşdirilən qoruyucuları olan (tank əleyhinə) minaların piyada əleyhinə minalar kimi qəbul edilməsi və Ottava Müqaviləsinə əsasən qadağan edilməsi barədə bəyanatları həyata keçirilməlidir.

- Avropa Parlamentinin Ottava Konvensiyasının müddəalarına uyğun olaraq şəxsin üstündə olması, yaxınlığı və ya təması nəticəsində partladılması ehtimalı olan TƏM-lərin məhv edilməsini təmin etmək üçün tədbirlər görmək tələbi dərhal yerinə yetirilməlidir.

- Zərərsizləşdirmə əleyhinə cihazları qadağan etmək üçün beynəlxalq miqyasda məcburi olan qanunvericiliyin əhatə dairəsini genişləndirmək lazımdır.

- Bu cür silah və sistemlərin ehtiyatlarının və istehsal proqramlarının tam və şəffaf nəzərdən keçirilməsini təmin etmək lazımdır.

- Ottava Müqaviləsi üçün 7-ci Maddə hesabatlarına əsasən bütün həssas qoruyucular haqqında tam məlumat dərc etmək lazımdır.


Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TƏM   Mina   Ottava  


Bizi "telegram"da izləyin