Ordu.az xəbər verir ki, İsveç hökuməti Müdafiə Materialları İdarəsinə (FMV) Fransa ilə dörd freqatın tədarükü üçün danışıqlara başlamaq tapşırığı verib.
Proqramın ümumi dəyərinin təxminən 40 milyard İsveç kronu, yəni təxminən 4,25 milyard dollar olduğu bildirilib. Qərar Stokholmda “Visby” sinfinə məxsus HMS “Härnösand” korveti üzərində keçirilən mərasim zamanı açıqlanıb.
İsveçin baş naziri Ulf Kristersson bildirib ki, yeni freqat proqramı ölkənin quru və dəniz əsaslı hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. “Bu addım İsveçin hava hücumundan müdafiə imkanlarını üç dəfə artırmaq məqsədimizin bir hissəsidir”, - deyə o qeyd edib.
FDI layihəsinin qiymətləndirmə prosesində “Babcock International” tərəfindən təqdim olunan “Arrowhead 120” və “Navantia” tərəfindən inkişaf etdirilən ALFA 4000 layihələrini geridə qoyduğu bildirilib.
İsveçin seçimində FDI layihəsinin artıq istehsalda olması, təhvil cədvəlinin dəqiq müəyyənləşdirilməsi və Fransa ilə Yunanıstan kimi mövcud istifadəçilərlə xərc paylaşımı imkanlarının rol oynadığı qeyd olunub.
İlk tam təchizatlı gəminin 2030-cu ildə təhvil verilməsi, sonrakı üç gəminin isə hər il bir ədəd olmaqla İsveç Hərbi Dəniz Qüvvələrinin inventarına daxil olması planlaşdırılır.
FDI sinfinə məxsus freqatların “Naval Group”un “Lorient” gəmiqayırma zavodunda Fransa Hərbi Dəniz Qüvvələri üçün inşa edildiyi bildirilib. Eyni platformanın Yunanıstan tərəfindən də sifariş edildiyi qeyd olunub.
Təxminən 4 min ton yerdəyişməyə və 120 metr uzunluğa malik olması gözlənilən “Luleå” sinfinə məxsus freqatlarda çoxsaylı İsveç istehsalı sistemlərin istifadə olunacağı bildirilib.
Bunların arasında RBS 15 gəmi əleyhinə raketi, “Torped 47”, “Giraffe 1X”, “Trackfire” məsafədən idarə olunan silah sistemi, həmçinin “BAE Systems Bofors” istehsalı 57 mm və 40 mm çaplı toplar yer alacaq.
Gəmilərin hava hücumundan müdafiə tapşırıqlarında isə Aster 30 və CAMM-ER raketlərindən istifadə ediləcəyi bildirilib. İsveçin müdafiə naziri Pal Conson qeyd edib ki, “Aster 30” raketləri İsveç Hərbi Dəniz Qüvvələrinə ilk dəfə ballistik raketdən müdafiə imkanı qazandıracaq.
Bu sistemin İsveçin 1980-ci illərin əvvəllərində Seacat sistemini xidmətdən çıxarmasından sonra ən genişmiqyaslı dəniz hava hücumundan müdafiə imkanı olacağı vurğulanıb. Yeni freqatların hava hücumundan müdafiə, sualtı qayıqlara qarşı mübarizə, suüstü müharibə və asimmetrik təhdidlərə qarşı əməliyyatlar həyata keçirəcəyi qeyd olunub.
İsveç Müdafiə Materialları İdarəsinin məlumatına görə, platformalar İsveç, Finlandiya və Baltik ölkələrinə uzanan dəniz təchizat xətlərinin qorunmasında mobil hava hücumundan müdafiə elementi kimi mühüm rol oynayacaq.
“Luleå” sinfinə məxsus proqramın ilk dəfə 2021-ci ildə “Visby” sinfinə məxsus korvetlərin böyüdülmüş törəməsi kimi başladıldığı bildirilib. Lakin Rusiyanın Ukraynaya müdaxiləsi və İsveçin NATO-ya qoşulmasından sonra layihənin daha böyük və daha yüksək imkanlara malik freqat proqramına çevrildiyi qeyd olunub.
İsveçin FDI layihəsini seçməsi Baltik dənizində dəyişən təhlükəsizlik mühiti fonunda ölkənin dəniz qüvvələrini daha güclü hava hücumundan müdafiə və sualtı qayıqlara qarşı mübarizə imkanları ilə təchiz etmək məqsədinin konkret göstəricisidir.
Sevinc Əliyeva
Ordu.az