NYT: İranla müharibə ABŞ-nin müdafiə-sənaye bazasının zəif tərəflərini üzə çıxarıb

2026/05/1779220687.jpg
Oxunub: 627     23:57     19 May 2026    
ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqon və Konqresin uzun illərdir həll etməyə çalışdığı, lakin uğur qazana bilmədiyi problemi aradan qaldırmağa çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, ABŞ-nin keçmiş müdafiə naziri Robert Geyts hələ vəzifədə olduğu dövrdə Pentaqonun silah sistemlərini dəfələrlə tənqid edib.

Onun sözlərinə görə, ABŞ çox mürəkkəb, həddindən artıq bahalı və istehsalı uzun zaman tələb edən silahlar hazırlayırdı.

Geyts belə sistemləri “99 faizlik həll” adlandıraraq onların demək olar ideal göründüyünü, lakin hazırlanmasının illərlə vaxt apardığını bildirmişdi.

O, bunun əvəzinə daha ucuz və daha sürətli istehsal olunan “75 faizlik həll” konsepsiyasını təklif etmişdi.

Məqalədə vurğulanır ki, aradan təxminən 20 ilə yaxın vaxt keçməsinə baxmayaraq vəziyyət ciddi şəkildə dəyişməyib.

Nümunə kimi “Patriot” raket əleyhinə sistemlərinin raketləri göstərilib. Bildirilib ki, bu raketlərin istehsalı 36 aya qədər vaxt aparır və hər biri təxminən 4 milyon dollar xərc tələb edir.

İranla müharibə zamanı ABŞ qüvvələrinin artıq 1200-dən çox belə raket istifadə etdiyi qeyd olunub.

Məlumata görə, həmin raketlərin bir hissəsi təxminən 35 min dollar dəyərində olan “Shahed” pilotsuz uçuş aparatlarının vurulması üçün istifadə edilib. İranın isə bu pilotsuz uçuş aparatlarını ayda azı 200 ədəd istehsal edə bildiyi bildirilib.

Qəzet yazır ki, İranla müharibə və silah ehtiyatlarının sürətlə tükənməsi Geytsin illər əvvəl səsləndirdiyi tənqidləri yenidən aktuallaşdırıb və ABŞ-nin müdafiə-sənaye bazası ilə silah satınalma sistemindəki ciddi problemləri üzə çıxarıb.

Robert Geyts müsahibəsində Ukraynanın bu il 7 milyon pilotsuz uçuş aparatı istehsal edəcəyini bildirərək ABŞ-nin niyə bunu edə bilmədiyini sual edib.

Məqalədə qeyd olunub ki, Pentaqon və Konqres bu problemləri illərlə həll etməyə çalışsalar da, ciddi nəticə əldə olunmayıb.

Hazırda Pit Heqset yeni islahatlara başlayır. Bildirilir ki, əvvəlki müdafiə nazirləri daha az xərc ilə daha çox iş görməyə çalışırdısa, Heqset ABŞ tarixinin ən böyük müdafiə büdcəsi hesab olunan 1,5 trilyon dollarlıq büdcəni irəli aparır.

Ekspertlər isə hesab edir ki, təkcə maliyyə problemi həll etmir və məsələ struktur xarakter daşıyır.

“Ronald Reyqan” İnstitutunun nümayəndəsi Reyçel Hoff bildirib ki, Pentaqon davranış və idarəetmə mədəniyyətində real dəyişiklik nümayiş etdirməlidir.

Onun sözlərinə görə, yeni ofislər və strategiyalar yaradılsa da, müqavilə və satınalma sistemində islahat aparılmasa, bunlar sadəcə ritorika olaraq qalacaq.

Analitiklər Pentaqonu kiçik həcmdə silah alan və kütləvi istehsal effektindən yararlana bilməyən “çətin müştəri” adlandırıblar.

“Amerikan Sahibkarlıq İnstitutu”nun nümayəndəsi Makkenzi İqlin bildirib ki, sistemin ehtiyat dayanıqlılığı yoxdur, çünki müharibə başlayana qədər buna ehtiyac olmadığı düşünülür.

Onun sözlərinə görə, gəmi, təyyarə və sursat daxil olmaqla Pentaqonun silahlarının istehsalı illərlə davam edir və müharibə başlayanda istehsalı sürətlə artırmaq mümkün olmur.

ABŞ Müharibə Nazirliyi isə dəyişikliklərə hazır olduğunu açıqlayıb. Pit Heqset silah satınalmalarında “85 faizlik həll” modelini müdafiə edir və böyük podratçı şirkətlərlə Pentaqon bürokratiyasını tənqid edir.

Bildirilir ki, Heqsetin islahatları kommersiya təchizatının genişləndirilməsinə, alternativ istehsalçıların cəlb edilməsinə və podratçıların istehsal gücünün artırılmasına yönəlib.

Pentaqon nümayəndəsi Şon Parnell bildirib ki, qurum sursat istehsalını 3-4 dəfə artırmaq üçün uzunmüddətli müqavilələri genişləndirir və yeni müdafiə texnologiyası şirkətlərini prosesə cəlb edir.

Məqalədə vurğulanıb ki, ABŞ tarixən hərbi istehsalda yüksəliş və eniş dövrləri yaşayıb, zavodlar müharibə dövründə açılıb, müharibədən sonra isə bağlanıb.

Robert Geyts əsas problemin istehsal sürəti və sistemin yenidən qurulmasının vacibliyi olduğunu qeyd edib.

Keçmiş GAO analitiki Uinslou Uilerin fikrincə, Pentaqon həddindən artıq bahalı və mürəkkəb silah sistemlərinə fokuslanıb. Bu isə büdcənin 1,5 trilyon dollara yüksəlməsinə baxmayaraq real silah ehtiyatlarının azalmasına səbəb olur.

Ekspertlər İranla müharibədə istifadə edilən silahların əhəmiyyətli hissəsinin köhnə sistemlər, yəni F-35 “Lightning II” təyyarələri, “Tomahawk” raketləri və “Patriot” hava hücumundan müdafiə sistemləri olduğunu bildiriblər.

Məqalədə ucuz pilotsuz uçuş aparatlarının inkişaf etdirilməsi istiqamətində cəhdlərin olduğu, lakin mövcud sistemlərin də paralel şəkildə qorunmasının vacibliyi vurğulanıb.

Robert Geyts qeyd edib ki, əsas qərarlar Pentaqon rəhbərliyi tərəfindən qəbul edilməlidir, əks halda bürokratiya istənilən islahatı ləngidəcək.

Ekspertlər xəbərdarlıq ediblər ki, əvvəlki modernləşmə cəhdlərinin çoxu uğursuz olub. Bununla yanaşı, hərbi təcrübə, müdafiə xərclərinin artması, yeni texnologiyaların inkişafı və siyasi dəstəyin birləşməsi real dəyişikliklər üçün şərait yarada bilər.

Reyçel Hoff bildirib ki, əgər hazırkı vəziyyət sistemli modernləşməyə gətirib çıxarmasa, “imkan pəncərəsi itirilmiş olacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Pentaqon  


Bizi "telegram"da izləyin