Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.
Məlumata görə, Avropa Komissiyasının keçmiş britaniyalı üzvü ser Culian Kinq bildirib ki, London Avropa İttifaqı büdcəsində tətbiq olunan “Tetçer endirimi”ndən imtina etməli olacaq.
Bu isə “Brexit”dən əvvəlki dövrlə müqayisədə Böyük Britaniya üçün ildə azı 5 milyard funt əlavə xərc deməkdir.
Bildirilir ki, Böyük Britaniyanın baş naziri Kir Starmerin Avropa İttifaqı ilə yenidən yaxınlaşma ehtimalını istisna etməməsindən sonra məsələ Britaniya siyasətində yenidən müzakirə mövzusuna çevrilib.
Avropa Parlamentinin sədri Roberta Metsola isə Avropa İttifaqının qapısının Böyük Britaniya üçün açıq qaldığını bəyan edib.
Bununla belə, ser Culian Kinq “qapının açıq olduğunu, lakin xüsusi münasibət gözləməyin düzgün olmadığını” bildirib.
Onun sözlərinə görə, bu, mütləq avronun qəbul edilməsi demək olmasa da, Avropada sərbəst hərəkət rejiminə qayıdışı və Avropa İttifaqı büdcəsinə ciddi töhfə verilməsini nəzərdə tutur.
Keçmiş Avropa məsələləri naziri ser Devid Lidinqton bildirib ki, əgər Böyük Britaniyaya əvvəlki üzvlük şərtləri təklif olunsaydı, o tərəddüd etmədən buna razılaşardı.
Lakin onun fikrincə, əvvəlki şərtlərlə geri dönüş ehtimalı çox zəifdir.
Lidinqton qeyd edib ki, Marqaret Tetçer dövründə tətbiq olunmuş büdcə endiriminin saxlanılması ilə Böyük Britaniyanın Avropa İttifaqına yenidən qoşulmasını təsəvvür etmək mümkün deyil.
O əlavə edib ki, “Brexit”i milli özünə zərər aktı hesab edir, lakin Avropa İttifaqının Britaniya hökuməti və cəmiyyətinin qəbul edəcəyi şərtlərlə razılaşacağına şübhə edir.
Məqalədə qeyd olunub ki, Böyük Britaniya əvvəllər avrozonaya, Şengen zonasına və miqrasiya siyasətinə qoşulmamaq, həmçinin büdcə endirimi kimi bir sıra xüsusi imtiyazlara malik idi.
Hazırda isə Avropa İttifaqında İslandiyanın üzvlüklə bağlı referendum keçirdiyi, Monteneqro və Albaniyanın 2030-cu ilə qədər birliyə qoşula biləcəyi, Moldova və Ukraynanın isə namizəd ölkə statusunda qaldığı vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az