Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens danışıb.
Onun sözlərinə görə, məsələ yalnız texniki rotasiya gecikməsi ilə bağlıdır.
“Bizim xarici siyasətimizin məqsədi Avropanın müstəqilliyini və suverenliyini gücləndirməkdir. Avropanın öz ərazi bütövlüyünə görə daha çox məsuliyyət daşımasını istəyirik”, - deyə Vens bildirib.
O vurğulayıb ki, ABŞ sadəcə Polşaya qoşun göndərilməsini təxirə salıb və bu, qüvvələrin azaldılması deyil.
“Bu, rotasiya proseslərində adi gecikmədir”, - deyə o əlavə edib.
Vens qeyd edib ki, Polşa ABŞ-nin ciddi dəstəyi ilə özünü müdafiə etməyə qadirdir.
“Biz Avropadan bütün ABŞ qoşunlarının çıxarılmasından danışmırıq. Sadəcə bəzi resursların ABŞ təhlükəsizliyini maksimum təmin edəcək şəkildə yenidən bölüşdürülməsindən danışırıq”, - deyə ABŞ-nin vitse-prezidenti vurğulayıb.
O əlavə edib ki, bu yanaşma Avropanın daha çox məsuliyyət götürməsinə stimul verir və ABŞ dünyanın polisi rolunu daşıya bilməz.
Vens bildirib ki, həmin qoşunlar nəticə etibarilə yenə də Polşaya göndəriləcək, lakin onların Avropanın başqa ölkələrində yerləşdirilməsi variantı da nəzərdən keçirilir.
“Biz hələ bu qüvvələrin konkret olaraq hara göndəriləcəyinə dair yekun qərar verməmişik. Amma ABŞ-nin kütləvi şəkildə qoşun çıxardığını iddia etmək yanlışdır”, - deyə o qeyd edib.
Vens Avropa mediasının bu məsələni həddindən artıq şişirtdiyini də bildirib.
Sevinc Əliyeva
Ordu.az