G7 ölkələri Hörmüz boğazında gəmiçiliyin bərpasını enerji böhranı fonunda həyati vacib adlandırıb

2026/05/1778995929.jpg
Oxunub: 483     23:42     19 May 2026    
“Böyük Yeddilik” ölkələrinin maliyyə nazirləri Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpasının son dərəcə vacib olduğunu bəyan ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, nazirlər qlobal enerji marşrutlarının əsas hissələrindən biri hesab olunan Hörmüz boğazındakı fasilələrin iqtisadi risklərini xüsusi vurğulayıblar.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-nin maliyyə qurumlarının rəhbərləri birgə bəyanatda enerji bazarlarının sabitliyinə sadiq olduqlarını təsdiqləyiblər.

Onlar ölkələri ixracla bağlı özbaşına məhdudiyyətlər tətbiq etməməyə çağırıblar.

Bəyanatda qeyd olunub ki, Hörmüz boğazında açıq gəmiçiliyin qorunması və enerji bazarlarının sabitliyi təkcə region üçün deyil, ümumilikdə dünya iqtisadiyyatı üçün prioritet məsələdir.

G7 ölkələrinin maliyyə nazirləri həmçinin boğaz vasitəsilə sərbəst və təhlükəsiz tranzitin bərpasının, eləcə də enerji daşıyıcıları, ərzaq və gübrə təchizat zəncirlərinə təzyiqin azaldılmasının “həyati vacib” olduğunu bildiriblər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Tehranın Vaşinqtona sülh təklifi göndərməsindən sonra İrana qarşı planlaşdırılmış zərbəni dayandırdığını və İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı razılaşma əldə olunması ehtimalının çox yüksək olduğunu açıqlamışdı.

Bununla belə, G7-yə daxil olan bəzi ölkələr ABŞ və İsrailin İrana endirdiyi əvvəlki zərbələrdən narazılıqlarını ifadə ediblər. Onlar hesab edirlər ki, mümkün iqtisadi nəticələr, xüsusilə də Hörmüz boğazının faktiki bağlanması riski nəzərə alınmayıb.

Mənbələrin məlumatına görə, Parisdə keçirilən görüşdə Fars körfəzinin üç ölkəsinin nümayəndələri də iştirak edib.

Fransanın maliyyə naziri Rolan Leskyur bildirib ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı xüsusilə ərzaq təchizatında yarana biləcək problemlər fonunda daha həssas ölkələrə daha fəal şəkildə yardım göstərməlidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: G7   Hörmüz  


Bizi "telegram"da izləyin