“Draganfly” və “Blitz Teknoloji” arasında tərəfdaşlıq razılaşması imzalanıb

2026/05/Ekran-1779211544.jpg
Oxunub: 445     21:24     19 May 2026    
Pilotsuz uçuş aparatı həlləri sahəsində fəaliyyət göstərən “Draganfly Inc.” şirkəti “Blitz Teknoloji” ilə əməkdaşlığa başlayıb.

Ordu.az xəbər verir ki, tərəfdaşlıq çərçivəsində “Draganfly” şirkəti “Blitz Teknoloji”nin Amerika qitəsində eksklüziv inteqratoru, distribütoru və kommersiyalaşdırma tərəfdaşı kimi fəaliyyət göstərəcək.

Məlumata görə, ötən il investorlarına 198 faiz gəlir qazandıran və bazar dəyəri 192 milyon dollara çatan şirkət bu addımla müdafiə sənayesindəki mövqeyini daha da gücləndirməyi hədəfləyir.

Şirkət region üzrə müştəri əlaqələri, məhsul nümayişləri, sistem inteqrasiyası, satış və satışdan sonrakı dəstək əməliyyatlarını vahid mərkəzdən idarə edəcək.

Əməkdaşlıq çərçivəsində “Draganfly Blitz Spectrum 300”, “Spectrum 500”, “Spectrum 800” və “Spectrum 1600LR” sistemləri təqdim olunub.

Seriyanın ən yüngül modeli olan “Spectrum 300” 300 qramdan az çəkisi ilə yüngül avtonom pilotsuz uçuş aparatı platformaları üçün optimallaşdırılmış EO/IR imkanları təqdim edir.

“Spectrum 800” və “Spectrum 1600LR” modelləri isə uzaqmənzilli görüntüləmə və dəqiq lazer məsafə ölçmə imkanları ilə seçilir. Bu platformalar 4K və “Full” HD elektro-optik görüntüləmə, termal infraqırmızı sistem, lazer məsafə ölçmə və çoxoxlu stabilləşdirilmiş gimbal xüsusiyyətlərini yüngül konfiqurasiyada birləşdirir.

Sistemlərin müdafiə kəşfiyyatı, müşahidə, taktiki kəşfiyyat, axtarış-xilasetmə, sərhəd və dəniz təhlükəsizliyi, fəlakətə müdaxilə və kritik infrastrukturun monitorinqi əməliyyatlarında istifadəsi nəzərdə tutulur. Şirkət həmçinin “Corlens” ilə əməkdaşlıq çərçivəsində “Corlens Inside” texnologiyasını sistemlərə inteqrasiya edib.

Bu texnologiya sayəsində pilotsuz uçuş aparatı kameraları daha kiçik və yüngül olur, eyni zamanda optik istehsalında nadir torpaq elementlərindən asılılıq aradan qaldırılır.

“Draganfly” şirkətinin baş direktoru Kemeron Çell bildirib ki, operatorlar artıq standart həllərlə kifayətlənməyəcək və öz sinfində ən qabaqcıl sistemlərə asan çıxış əldə edəcəklər.

Yeni platforma ABŞ-nin Florida ştatının Tampa şəhərində keçirilən “SOF Week 2026” sərgisində nümayiş etdirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Draganfly   Blitz-Teknoloji  


Bizi "telegram"da izləyin